Zəfərimizin informasiya təminatı

Zəfərimizin informasiya təminatı
Azərbaycan tarixində ilk zəfər paradı keçiriləcək. Bu sıradan hadisə deyil. Onun mahiyyətinə varmaq, zəfərə gedən yola – 44 günlük müharibə dövrünə nəzər salmaq dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıda qürur hissi doğurur. Ona görə qürur və fəxarət hissi keçiririk ki, biz bu zəfərimizlə dünya hərb tarixinə töhfə verdik, Azərbaycan türkünün gücünü göstərdik, nəhayət müqəddəs amalımıza - ərazi bütövlüyümüzə qovuşduq, üzərimizdəki ləkəni təmizlədik.

44 gün ərzində dünya siyasətinin mərkəzində dayanmağı da bacardıq. Doğrudur, qəbul etmədiyimiz, ikrahla qarşıladığımız müzakirələr də getdi, fikirlər də səsləndi. Ancaq hər bir halda qətiyyətlə söyləmək olar ki, biz siyasi diskussiyaların səmtindəki klişeləri, müəyyən mənada doqmatik xarakter daşıyan baxışları dəyişdik. 44 gün ərzində bunu necə etdik?

Suala cavab axtararkən gözlərimiz önündə müharibənin döyüş cəbhəsi ilə yanaşı, kifayət qədər gərginliyi ilə seçilən informasiya cəbhəsindəki fəaliyyətə nəzər salmaq zərurəti yaranır. Bu zərurət ona görə aktuallığını saxlayır ki, gərginlik keçməyib və böyük ehtimalla yaxın zaman kəsiyində də keçməyəcək.

Zəfər tariximizi Ordumuz yazdı. Ordumuzun gücü, döyüş meydanındakı müvəffəqiyyətləri arxa cəbhənin özgüvənini artırdı, panikalara yer verməməklə müharibə prosesinə hərtərəfli və sistemli yanaşmanın tətbiqini mümkünləşdirdi. Yəni qələbədə, elə informasiya cəbhəsindəki qələbədə də başlıca amil qürur mənbəyimiz olan Ordumuzdur. Şəhidlərimizi rəhmətlə anır, ruhları qarşısında baş əyir, yaralılarımıza Allahdan şəfa diləyir, qazilərimizə hörmət və ehtiramımızı bildiririk. Biz cəmiyyət olaraq onlara borcluyuq.

*
Qarabağ müharibəsinin ilk günlərindəki vəziyyət hər birimizin xatirindədir. Cəbhədə hərbi əməliyyatların intensivləşməsi fonunda daxildəki media aktivliyini müşahidə etdik. Təsəvvür edərsiniz o dövrü, Azərbaycan Ordusu hücumdadır, cəmiyyətdə böyük ruh yüksəkliyi yaranıb və kütləvi informasiya vasitələrimiz bunu təmin edən başlıca ictimai institut kimi çıxış edirlər. Ancaq bu institutun proseslərə düzgün reaksiyasının formalaşması, proqnozlaşdırılan dezinformasiyaların cəmiyyətə mənfi təsir göstərməməsi şərt idi. Hesab edirəm ki, bu şərt ölkəmizin müvafiq dövlət qurumlarının səmərəli fəaliyyəti ilə təmin edildi. Biz cəmiyyətdən, xüsusən də mediadan dövlətin reallaşdırdığı tədbirlərə münasibətdə adekvatlıq gördük.

Xüsusən Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin işinin timsalında gördük ki, dövlət müxtəlif mənbələr tərəfindən yayılmış informasiyalara kifayət qədər çevik reaksiya verir. Yəni dövlət KİV-ləri həm cəbhə ilə bağlı informasiyalarla operativ şəkildə təmin edir, həm də dezinformasiyaların insanlara təsirini önləməyi düşünərək məlumat cəbhəsinin, xüsusən düşmənin məlumat cəbhəsinin sistemli təhlilini aparır, ortaya tutarlı, inandırıcı əks arqumentlər qoyur. Arqumenlərdən söz düşmüşkən, bu yerdə Azərbaycan Prezidentinin köməkçisi hörmətli Hikmət Hacıyevin əməyini xüsusi vurğulamağı özümə mənəvi borc bilirəm. Hikmət müəllim gecə-gündüz bilmədən, belə demək mümkünsə, informasiya silahını güllə ilə doldurdu. Bu işi yorulmadan, sevə-sevə, böyük fədakarlıqla etdi.

Arqument bolluğu, üstəlik dövlətlə media arasındakı qarşılıqlı əməkdaşlıq, əlavə olaraq Ordumuzun artan uğurları cəmiyyətdə monolitliyi gücləndirdi. Nəticə etibarilə daxildəki əks qüvvələr bu monolitliyin qarşısında duruş gətirməyin mümkünsüzlüyünü duyaraq səssizləşdilər. Bu, xaricdəkiləri də susqunlaşdırdı. Belə ictimai rəyin, bu cür ruh yüksəkliyinin qarşısında dayanmaq mümkünsüzdür – qənaəti nəinki formalaşdı, eyni zamanda qətiləşdi.

Təbii ki, uğurlar daha da artmalı və qələbələrin sayı çoxalmalıydı ki, qarşıda hər hansı axsamalar baş verməsin. Konkret desəm, bir tərəfdən informasiya cəbhəsi genişlənməli, dolğunlaşmalı, digər tərəfdən Ordunun əzmi yüksəlməliydi ki, əks qütblər həmlə üçün şans yarandığını düşünməsinlər. Belə də oldu.

*
İnformasiya təhlükəsinin xarici seqmentinə ayrıca yanaşmağa ehtiyac var. Bu seqmentin İkinci Qarabağ müharibəsi ilə bağlı yaydığı fikir və baxışlar əsasən ermənipərəst qüvvələr tərəfindən idarə olunur, mütəmadi yenilənərək dövriyyəyə buraxılırdı. Mövcud xüsusda Rusiya telekanallarında yayımlanan müxtəlif siyasi tok-şouları, birtərəfli reportaj və sujetləri göstərmək mümkündür. Nəzərə alaq ki, müharibənin ilk ongünlüyündə bitərəflik daha çox pozulurdu. Öz torpaqlarını işğaldan azad edən Azərbaycan bir növ aqressor kimi təqdim olunurdu.

Əslində bu, proqnozlaşdırılan idi. Nəzərə alaq ki, Ermənistanın uzun illərdir Azərbaycan torpaqlarını işğalda saxlaya bilməsində ermənilərin xaricdəki informasiya lobbiçiliyi öz sözünü demişdi. Ermənilər yalnız öz ordularına əmin deyildilər. Onlar inanırdılar ki, həmin lobbiçilik Azərbaycanı təcavüzkar kimi tanıtdırmaq gücünə malikdir və Azərbaycan bu təzyiqi düşünərək müharibə aparmaz. Həqiqətən ölkəmizə təzyiq cəhdləri müharibənin ilk günlərində güclü idi. Bəs sonra nə oldu? Nələr yaşandı ki, ermənilərin hesablamaları boşa çıxdı?

Əvvəla xaricdəkilər Azərbaycandakı xalq-hakimiyyət birliyini gördülər. Gördülər ki, insanlarımız Qarabağ savaşına müqəddəs dava kimi yanaşır. Nəticədə onların müharibəni yalnız siyasi məqsəd daşıyan qəsbkar avantüra kimi göstərmək cəhdləri iflasa uğradı. Xalq-hakimiyyət birliyi müharibəyə müqəddəslik gətirdi ki, xaric bununla hesablaşmağın, məsələni nəzərə almağın vacibliyini duydu.

Ancaq bu vaciblik heç də o demək deyildi ki, xaric prosesə ədalətli yanaşma barədə düşünməyə başladı. Sadəcə ölkəmizə yönəlik mühakimədə müəyyən yumşalma baş verdi. Təbii ki, bununla kifayətlənmək olmazdı. Ordumuz hücum etdiyi kimi, baxışlarımız, ideologiyamız da hücuma köklənməliydi. Bizim böyük ölçüdə qiymətləndiriləcək hücumçumuz isə bir nəfər oldu – Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev.

*
Bəli, qətiyyətlə söyləmək olar ki, Cənab İlham Əliyev 44 günlük Vətən müharibədə məhz hücumçu kimi davrandı. Onun şəxsində Dağlıq Qarabağla bağlı həqiqətlər ənənəvi müdafiə ampluasından çıxdı.

30 ildən artıqdır özünü gözlədən həmlə zamanı idi. Bu, elə bir həmlə olmalıydı ki, həm Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri tarixi və beynəlxalq hüquq baxımdan sistemli şəkildə açıqlasın, həm Azərbaycanın haqlı mövqeyinin müdafiəsində ardıcıllıq və prinsipiallıq göstərsin, həm Ermənistanın və onun rəhbərliyinin saxta mahiyyətini ifşa etsin, həm də təxribat və manipulyasiyaları heçə endirərək dünyanı Ordumuzun cəhbədə gördüyü işinin leqallığına inandırsın. Prezident İlham Əliyev bunu müharibənin davam etdiyi günlərin az qala hər birində xarici KİV-lərə verdiyi müsahibələrdə son dərəcə böyük ustalıq və diplomatik məharətlə həyata keçirməyi bacardı.

Dövlət başçımızın xalqa müraciətlərinin informasiya savaşındakı önəmi xüsusi vurğulanmalıdır. Bu müraciətlər tutduğu mövqedən, baxışlarından, sosial statusundan asılı olmayaraq, hər bir sıravi azərbaycanlını informasiya müharibəsinin əsgərinə çevirdi.

İnsanlarımız Ali Baş Komandanın fikirləri ilə həm müharibəyə motivə olunaraq ideoloji zireh qazandılar, həm də kənar təsirlərdən, eləcə də informasiya diversiyalarının mənfi təzahürlərindən qorundular. Prezidentin müraciətlərinə xalqın reaksiyası, dövlət başçısı ilə həmrəylik özlüyündə xaricə ünvanlanmış kifayət qədər ciddi mesaj idi.

*
İnformasiya müharibəsində Türkiyə amili. Hesab edirəm ki, bunun üzərində də xüsusi dayanmağa ehtiyac var. Azərbaycan dost və qardaş ölkə olan Türkiyə ilə hərtərfli əlaqələrə malikdir. Qarabağ müharibəsi isə göstərdi ki, Türkiyə yalnız regional deyil, qlobal gücdür. Belə bir gücü ölkəmizlə bağlayan mənəvi bağlar, ortaq dəyərlərdir.

Azərbaycan və Türkiyə mediası ölkələrimizin qarşılıqlı əməkdaşlığı ilə yanaşı, məhz mənəvi amili, Ulu öndər Heydər Əliyevin "bir milllət, iki dövlət” prinsipini rəhbər tutaraq müştərək işbirliyindədir.

Hesab edirəm ki, İkinci Qarabağ müharibəsi illərə söykənən işbirliyinin konkret nəticələrinin ortaya qoyulması baxımından əhəmiyyətli oldu. Azərbaycanın Qarabağ müharibəsi həm də Türkiyə cəmiyyətinin öz müharibəsinə çevrildi. Qardaş ölkənin media vasitələri Qarabağın informasiya cəbhəsində aktiv təmsil olundular ki, bu da son dərəcə mühüm diqqətçəkən məqamdır.

Bəli, Türkiyə türkləri Azərbaycan türkləri kimi qələbəyə sevindilər, şəhid xəbərlərimizdən kədərləndilər, üzüldülər. Qarabağ müharibəsi onu da sübut etdi ki, Azərbaycan və Türkiyə qardaşlığı yüksək inama, etimada əsaslanmış əməkdaşlıq, beynəlxalq arenada birgə siyasi fəaliyyət platforması ilə yanaşı, həm də müstəsna güc faktorudur və onunla hesablaşmaq mütləq şəkildə lazımdır. Türkiyə mediası bu gücü dünyaya daha sistemli və dolğun şəkildə yansıtmaqla da qələbəmizdə müstəsna pay sahibinə çevrildi.

*
Müharibə başa çatdı. Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də Ermənistanın baş nazirinin imzası ilə təsdiqlənmiş üçtərəfli bəyanat bölgədə yeni reallıqlar formalaşdırdı. Birmənalı şəkildə demək olar ki, bu reallıqlar Azərbaycanın xeyrinədir və heç bir halda ölkəmizin qalib obrazına mənfi təsir göstərmir. Ancaq...

Yazımın əvvəlində informasiya müharibəsindəki gərginliyin hələ keçmədiyini vurğuladım. Onu da bildirdim ki, çox güman, bu gərginlik hələ bir müddət davam edəcəkdir. Nəyə görə bu qənaətdəyəm?

Ermənistan döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də iflasa uğrayıb. Həm ölkə daxilindəki müəyyən qüvvələr, həm də xaricdəki erməni lobbi və diaspor təşkilatları istər ideoloji, istərsə də siyasi zəmində uğradıqları məğlubiyyətin, düçar olduqları acınacaqlı durumun təsirlərini azaltmağa çalışır, loru desək, yapışacaq yer axtarırlar. Onlar münaqişə reallıqlarından uzaqlaşmağa, yeni reallıqlar formalaşdırmağa çalışırlar. Bu işdə isə heç şübhəsiz informasiya amilinə, daha doğrusu informasiya manipulyasiyalarına, Azərbaycan cəmiyyətinə hesablanmış müəyyən qıcıqlandırıcı gedişlərə baş vururlar. Bunları görürük.

Mövcud durumda Azərbaycan mediasının üzərinə düşən yük böyükdür. Jurnalistlərimiz müharibə müddətində olduğu kimi, yenə də ayıq-sayıq olmalı, informasiyaları təhlil edib düzgün nəticə çıxarmağı bacarmalıdırlar. Nəzərə alaq ki, daxili ictimai rəyin sabit saxlanılması, mümkün informasiya təxribatlarının cəmiyyətə təsirinin önlənməsi mütləqdir.

Ən əsası, biz bilməliyik ki, qonşuğumuzda Ermənistan kimi düşmən var. Hər an güclü, təminatlı orduya sahib olmaq alın yazımızdır. Biz onu da gördük və bu fikri beyinlərimizdə bir daha qətiləşdirdik ki, güclü ordu üçün güclü informasiya dəstəyi mütləqdir. Buna görə media, jurnalistika olaraq daha da güclənməli, inkişaf etməli, döyüş meydanındakı və diplomatik müstəvidəki qələbəmizi qoruyub saxlamaq naminə hər an səfərbər olmalı, arxayınlaşmamalıyıq.

Əflatun Amaşov,

Mətbuat Şurasının sədri

OXŞAR XƏBƏRLƏR

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...