Özbəkistanda keçirilən növbədənkənar prezident seçkiləri başa çatıb

Özbəkistanda keçirilən növbədənkənar prezident seçkiləri başa çatıb
Özbəkistanda keçirilən növbədənkənar prezident seçkiləri saat 20.00-da başa çatıb. Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalamov Respublika Mətbuat Mərkəzində keçirdiyi brifinqdə səsvermənin yekunları barədə məlumat verib. Komissiya sədri deyib ki, ölkədə 14 dairə və 9,381 seçki məntəqəsi fəaliyyət göstərib. Bu gün məntəqələrə 17,69 milyon seçici gəlib. Bu da seçicilərin 86,62 faizi deməkdir. Özbəkistan qanunlarına görə seçicilərin 33 faizi səs verdikdə seçkilər baş tutmuş hesab edilir. Qalib gəlmək üçün prezidentliyə namizəd seçicilərin 50 faizindən çoxunun səsini qazanmalıdır. Qeyd edilib ki, seçkiləri 300-ə yaxın beynəlxalq müşahidəçi və 1300-dən çox xarici jurnalist izləyib. Səsvermə prosesini müşahidə etmək üçün bu ölkədə səfərdə olan Azərbaycan Milli Məclisinin aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar İbrahimov, parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və deputat Elman Nəsirov seçkilərin gedişini Daşkənddə izləyib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Tofiq Abbasov və iş adamı Rəşid Çulaqov isə seçkiləri Buxarada müşahidə ediblər. Komitə sədri Eldar İbrahimov bildirib ki, seçkilər demokratik və şəffaf keçib: "Biz Daşkəndin seçki məntəqələrində səsvermənin gedişini izlədik. Seçkilərdə böyük aktivlik müşahidə olunurdu. Heç bir qanun pozuntusu qeydə alınmadı. Seçicilər sərbəst şəkildə gəlib səslərini verirdilər. Əminəm ki, seçkilər qardaş özbək xalqına böyük uğur gətirəcək”, - deyə E.İbrahimov vurğulayıb. Seçkilərin ilkin nəticələri dekabrın 5-də elan ediləcək./azertag.az/

OXŞAR XƏBƏRLƏR