\"Yollarda görülən bu tədbirlər fiziki qüsurlu şəxslərin hərəkətini rahatlaşdırır​\" - RƏY

\
 
Yol hərəkəti iştirakçıları arasında piyadalar ən həssas qrupdur. Buna görə də, küçələrin layihələndirilməsi zamanı onların təhlükəsizliyi vacib məsələlərdən biri hesab olunmalıdır. Bəs piyada rahatlığı ön planda olan müasir küçələr necə olmalıdır? Azərbaycanda belə küçələrə hansı nümunələr var?

Məsələ ilə bağlı qaynarinfo-ya açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev ilkin olaraq piyada rahatlığını təmin edən küçələrin necə olduğuna aydınlıq gətirib: "Belə küçələrdə piyada zonaları, yəni, hərəkətdə olan hissələr baryersiz və geniş olmalıdır. Küçələri genişləndirməkdənsə, piyada zonalarının genişləndirilməsi daha məqsədəuyğundur. Nəzərə alaq ki, hər hansı sürücülər belə avtomobil dayandıqdan sonra müəyyən məsafəni piyada getməli olur. Buna görə də, piyada səkilərinin daha rahat və baryersiz olması mütləqdir". 

Ekspert hazırda piyada rahatlığının təmin olunması üçün həyata keçirilən layihələrə toxunub: "Bu yöndə hazırda Bakı Nəqliyyat Agentliyi tərəfindən "İdeal səki" layihə icra edilir. Səməd Vurğun küçəsi və Vaqif prospektinin bir hissəsində piyada rahatlığının təmin olunması üçün bir sıra işlər görülür. Belə ki, bu küçələrdə yollara tamet plitələrdən düzülür. Fiziki qüsuru olan və gözdənəlil şəxslər üçün bu cür xüsusi daşların düzülməsi onların hərəkətini rahatlaşdırır. Digər tərəfdən isə burada panduslar qurulur. Bu tədbirlər təqdirəlayiqdir. Ümumiyyətlə, bu layihədə daha çox küçənin əhatə olunması və prosesin sürətləndirilməsi daha yaxşı olardı. Təəsüf ki, bu istiqamətdə bir sıra prospektlərdə vəziyyət ürəkaçan deyil".

R. Ağamirzəyevin sözlərinə görə, küçə bir-biri ilə əlaqəli olan mürəkkəb sistemdir: "Küçələrdədə piyadaların təhlükəsizliyi ilə bərabər nəqliyyat vasitələrinin fasiləsiz və tıxacda qalmadan hərəkəti təmin olunmalıdır. Şəhərin zonalarına uyğun olaraq avtomobillər bəzi sahələr üzrə məhdudlaşdırılmalıdır. Gələcək üçün əsas prioritet piyadalar, velosipedçilər və ictimai nəqliyyat olacaq. Bundan əlavə, yolların əsaslı təmiri, paytaxtın mərkəzində dayanacaq üçün kvotalar və ictimai nəqliyyatın rahatlığının artırılması nəzərdə tutulur ki, bu da Bakı sakinlərinin şəxsi avtomobillərindən istifadə etməkdən imtina etməyə vadar etməlidir. Əsas vəzifə mərkəzdə dayanacaq qiymətini və düzgün olmayan parkinqə görə cərimələri artırmaq, ictimai nəqliyyatda zolaqları təmizləmək və sayını artırmaqdır".

OXŞAR XƏBƏRLƏR