“Yəqin ki, döyüş qaçılmaz olacaq...” – Hərbi ekspert təlim səfərbərliyindən danışdı
"Səfərbərlik və hərbi təlimlərə çağırışın planlı şəkildə olmaması narahatlıq doğurur”.
Sfera.az-a açıqlamasında bu sözləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibinin "ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlimlərə çağırılması heç bir təşviş üçün əsas vermir. Bu proses plana uyğun şəkildə həyata keçirilir” fikrinə aydınlıq gətirərkən ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli deyib.
Həmsöhbətimiz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibinin bu açıqlamasını uğursuz məlumat kimi dəyərləndirdi:
"Məlumatın məzmununda Azərbaycan üçün yaxşı olan fikirlər azdır. "Ehtiyatda olan hərbi vəzifəlirin hərbi təlimlərə çağırılması heç bir təşviş üçün əsas vermir” deyimi nə demədir? Təşviş nə deməkdir? Biz təşviş içində deyilik, döyüşmək istəyirik. Bütün ömrümüzü, günümüzü ona sərf edirik ki, Azərbaycan mövcud məğlub durumdan xilas olsun.
Buna ölkəmizin kifayət qədər insan, maddi, hüquqi və silah resursları var. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının dəfələrlə etdiyi çıxışlarda onun tərəfdən dövlətimizin milli maraqlarının qorunduğunu, bu istiqamətdə onun iradəsini, xarakterini gördüm və bundan qürur hissi keçirdim. Ön sırada dayananlardan biri kimi bunu alqışlayırıq”.
Hərbçi ekspert qeyd edib ki, bu təlimlərin arxasında döyüş əzmimiz dayanır:
"Kampaniyanın əsas məqsədi də odur ki, Azərbaycan torpaqlarını düşməndən geri almaq üçün döyüş variantını istisna etmir. Yəqin ki, döyüş qaçılmaz olacaq. Öz hüququmuzu, haqqımızı döyüş yolu ilə təmin etməliyik. Səfərbrlik və təlimlərə çağırışla bağlı əslində narahatlığa ehtiyac yoxdur”.
Bununla belə həmsöhbətimiz səfərbərlik və hərbi təlimlərə çağırışın planlı şəkildə olmamasından narazılığını ifadə etdi:
"Səfərbərliyin özü də planlı, kombinasiyalı şəkildə olmalıdır. Elə şəkildə həyata keçirilməlidir ki, səmərəli effekt versin. Bunun üçün də burada yaşından asılı olmadan döyüş təcrübəsi keçmiş insanları önə cərgəyə vermək lazımdır. Onların da arxasınca gənc kadrları, digər hərbi mükəlləfiyyətliləri prosesə cəlb etmək olardı. İş planlı şəkildə həyata keçirilsə, onların dediyi kimi təşviş, narahatlıq da olmaz.
Ordunun önündə təcrübəli mütəxəssislər, Qazilərimiz getməlidir. Azərbaycan gənclərinin son təlimlərə böyük həvəslə, şövqlə getmələrini alqışlayıram. Ancaq istərdim ki, öndə orta və yaşlı nəsildən ibarət döyüş təcrübəsi görənlər getsin. Çünki gənclərimiz genofondumuzdur, dövlətin gələcəyi naminə onları qorumalıyıq”.
Elçin
Sfera.az