Yenidən üçtərəfli görüş keçiriləcək? - \"Qarşıdakı günlərdə Putin...\"

Yenidən üçtərəfli görüş keçiriləcək? - \
"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.
 
Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli görüşün mümkünlüyü çıxışından danışarkən deyib. Müsahibimiz bildirib ki, Moskva Bakı ilə İrəvan arasında əlaqələrin tədricən normallaşdığını görür və  buna mane olmaq üçün Ermənistan Baş naziri Nikol Paşinyana təzyiqlər artırılır:

"Digər tərəfdən isə, Rusiya yenə də vasitəçi olmağa çalışır.  Liderlərin mümkün üçtərəfli görüşü barədə proqnoz vermək çətindir. Amma Rudenkonun dediklərindən belə məlum olur ki, bu, Putinin maraqlarına uyğundur. Bu isə Cənubu Qafqazın Kreml üçün əhəmiyyətini göstərir.  İkinci bir tərəfdən isə, çox güman Putin müharibə ilə bağlı Azərbaycan və Ermənistandan daha konkret mövqelər öyrənmək istəyir. Xüsusilə, Kremlin dünyadan tədricən təcrid olunduğunu nəzərə alsaq, indi onun keçmiş MDB məkanı dövlətlərinə daha çox ümid bəslədiyini desək, yəqin, yanılmarıq. Ola bilsin, qarşıdakı günlərdə Rusiyanın müxtəlif rəsmiləri, o cümlədən Kreml sözçüsü Dmitri Peskov da oxşar açıqlamalarla çıxış etsin. Bu nöqteyi- nəzərdən yaxın günlərdə liderlerin telefon danışıqları da gözləniləndir”.

Siyasi şərhçi bildirib ki, Paşinyanın Moskvada səfərdə olduğunu da nəzərə almaq lazımdır:

"O, Putinlə görüşüb. Əlbəttə, tərəflər bir çox məsələ ilə yanaşı, regiondakı durumu da müzakirə ediblər. Ola bilsin, qarşıdakı günlərdə Putin bu görüş barədə Azərbaycan Dövlət başçısı İlham Əliyevi məlumatlandırsın.  Bütün hallarda əgər üçtərəfli görüş baş tutacaqsa, bu, əvvəlcə liderlər arasında razılaşdırılmalı, konkret tarix müəyyənləşməlidir”.

Xatırladaq ki,  ötən gün Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a açıqlamasında, "Biz 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində üçtərəfli bəyanatların ən yüksək səviyyədə gerçəkləşdirilməsi üçün bütün səviyyələrdə sistemli işi davam etdiririk. Liderlər daimi təmasdadırlar. Əgər belə bir ehtiyac yaranarsa, üzbəüz görüşün təşkilini istisna etmirik. Xarici işlər naziri Sergey Lavrov mayın 12-də Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşüb. Danışıqların gedişində Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması məsələlərinin bütün spektrləri müzakirə olunub”, - deyə söyləmişdi.

Günay Rəsulqızı
Sfera.az 

 

OXŞAR XƏBƏRLƏR