Yeni tədris ilindən məktəblərdə günüuzadılmış qruplar yaradılacaq

Yeni tədris ilindən məktəblərdə günüuzadılmış qruplar yaradılacaq
Azərbaycanda "Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili Qaydası” təsdiqlənib.

Sfera.az-ın məlumata görə, bununla bağlı Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib.

Qərarın surəti artıq ümumi təhsil müəssisələrinə göndərilib.

Qərara əsasən, qrup məktəbin tədris - maddi bazası imkan verdiyi halda valideynlərin (digər qanuni nümayəndələrin) yazılı ərizələri əsasında I-IV sinif şagirdlərindən təşkil olunacaq. Şagirdin qrupa qəbulu və qrupdan xaric edilməsi valideynin (digər qanuni nümayəndənin) ərizəsi əsasında direktorun əmri ilə həyata keçiriləcək.

Şagird qrupa tədris ilinin əvvəlində həmin tədris ili müddətinə qəbul ediləcək və hər qrupda şagird sayı 20-25 nəfərdən ibarət komplektləşdiriləcək. Qrup ödənişsiz əsaslarla fəaliyyət göstərəcək. Qrup bir sinfin, eyni paralel siniflərin və ya bir neçə sinfin şagirdlərindən təşkil ediləcək və bu zaman onların yaş xüsusiyyətləri nəzərə alınacaq. Qrupda məşğələlər sentyabrın 15-dən iyunun 14-dək aparılacaq, tətil müddətləri ibtidai siniflərin tətil günlərinə uyğun, qrupda həftəlik dərs norması isə 30 saatdan çox olmayaraq müəyyən ediləcək.

OXŞAR XƏBƏRLƏR