Yeni qadağa gəlir - Mebellər və tikinti materialları BAHALAŞACAQ
14:12 / 25.05.2021
2705
2021-ci ilin iyulun 1-dən etibarən Rusiyada ilkin emaldan keçən bir sıra ağac növlərinin ixracına tətbiq edilən rüsumların məbləği artırılacaq.
Sfera.az Rusiya mətbuatına istinadən bildirir ki, bununla bağlı ölkənin baş naziri qərar imzalayıb. Qərara əsasən, iynəyarpaqlılar və palıd ixracına ilk dəfə olaraq rüsum tətbiq ediləcək. Rüsumun dərəcəsi 10 faiz olacaq, amma artım iynəyarpaqlılarda 13 avrodan, palıdda 15 avrodan az olmamalıdır. Fıstıq və göyrüş ağacının ixracatı üçün tətbiq olunan rüsum da 10 faiz artırılacaq. Artımın məbləği 1 kubmetr üçün 50 avrodan az olmamalıdır. Əvvəllər bu növ ağaclardan alınan taxta-şalban ixracından 10 və 12 avro rüsum alınırdı.
Qərara görə rüsum artımları 2021-ci ilin sonuna qədər qüvvədə olacaq.
Rusiya mətbuatı yazır ki, belə bir tədbir, təmizlənməmiş və ilkin emaldan keçən ağacların ixracını məhdudlaşdıracaq, yerli istehsalın çeşidlənməsinə və şirkətləri yüksək əlavə dəyəri olan mallar istehsalına təkan verəcək.
Məlumatlara görə, Rusiya hökuməti taxta ixracına dair daha geniş məhdudiyyətlər üzərində işləyir. 2022-ci il yanvarın 1-dən iynəyarpaqlı və qiymətli yarpaqlı növlərin işlənməmiş və ya ilkin emaldan keçən formalarının ixracına tamamilə qadağa qoyulacağı gözlənilir.
Azərbaycan ağac və ondan hazırlanan taxta məmulatlarına olan tələbatının böyük hissəsini Rusiyanın hesabına ödəyir. Rusiyanın taxta ixracını bahalaşdırması Azərbaycanda bu növ məhsulların bahalaşmasını şərtləndirəcək.
Rusiyanın bu cür addım atmasına səbəb yerli istehsalı dəstəkləməklə bərabər, ölkədən daha çox və ucuz xammal çıxışını məhdudlaşdırmaqdır. Belə ki, son aylarda dünyada taxtanın qiymətinin kəskin artması müşahidə edilir. Son bir ildə ABŞ və Kanada bazarlarında taxtanın qiyməti 3 dəfəyə yaxın artıb. Bu ölkələrdə bahalaşma yüksək olduğundan idxalçı ölkələr daha ucuz bazarlara üz tutur.
Rusiya dünyada ucuz ağac ixrac edən ölkədir. Buna görə də Rusiyadan xammal şəklində və ya ilkin emaldan keçən ağaclara (uzununa kəsilən taxtaların) tələb artıb. Yüksək tələb Rusiyada meşələrin daha sürətlə qırılmasına səbəb olur ki, bu da hökuməti qane etmir.
Rusiya, yaranmış vəziyyətdən həm də büdcə gəlirlərinin artırılması üçün istifadə edir. Daha yüksək rüsumlar Rusiyanın büdcə gəlirlərini artıracaq.
Bəs, yeniliklər Azərbaycanda taxta və taxta məmulatlarının qiymətinə necə təsir edəcək? Sənayenin hansı sahələrində bahalaşma gözlənilə bilər?
Qeyd edək ki, taxta, sənayedə ən çox istifadə edilən 3 məhsuldan biridir. Buna görə də taxta qiymətlərinin artması əksər sənaye sahələrində qiymətlərə artırıcı təsir göstərəcək. Amma daha çox qiymət artımının mebel sənayesində və tikinti materiallarının qiymətində müşahidə ediləcəyi gözlənilir.
Artıq ölkəmizdə kəsilmiş taxta qiymətlərində artım nəzərəçarpacaq səviyyə çatıb. Bu il ərzində kəsilmiş taxta qiymətləri 320 manatdan 354 manata qədər yüksəlib. Yalnız apreldə taxtanın qiymətində artım 4 faizdən çox və ya 14 manat olub.
Son bir ildə isə kəslilmiş taxta 40 manat (12 faizdən çox) bahalaşıb. Rusiya hökumətinin qərarının qüvvəyə minməsində qədər və sonra bahalaşmanın daha çox olacağını proqnozlaşdıra bilərik.
Yeni rüsumlar taxta və ondan hazırlanan məmulatların idxalına çəkilən xərci də artıracaq. Taxtadan hazırlanan məhsulların idxalına 2019-cu ildə 250 milyon dollar, 2020-ci ildə 230 milyon dollar xərclənib. Pandemiyanın başa çatmasından sonra idxalda dəyər ifadəsində artımın olacağı yəqindir.
Vasif
Sfera.az