Yeni Dövlət Agentliyi yaradıldı: QHT sektorunun problemləri həll olunacaqmı?

Yeni Dövlət Agentliyi yaradıldı: QHT sektorunun problemləri həll olunacaqmı?
Xəbər verdiyimiz kimi bu gün Prezident Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ləğv edilməsi və onun əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması ilə bağlı Sərəncam imzalayıb.

Sfera.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd edib ki, sərəncamla təsdiqlənən Nizamnaməyə görə, əvvəlki Şuradan fərqli olaraq Agentliyə ciddi səlahiyyətlər verilib:

"Birincisi, agentlik bütün digər dövlət qurumları tərəfindən verilən qrantlara da nəzarət, qiymətləndirmək və rəylər vermək səlahiyyəti əldə edib. Məsələn, indiyədək elə nazirlik vardı ki, hansısa QHT-yə az qala yarım milyon manat qrant ayırırdı, amma indiyədək Şuranın bu tip qrantlara hər hansı müdaxiləsi mümkünsüz idi.

İkincisi, agentlik dövlət- biznes istiqaməti üzrə münasibətlərin inkişafını, qeyri-hökumət təşkilatlarının ictimai nəzarət sahəsində fəaliyyətini təşviq etməlidir. Həmçinin agentliyin müsabiqədənkənar fondu olacaq və s”.

O.Gündüz xatırladıb ki, ləğv edilən Şura haqqında indiyədək müxtəlif fikirlər səslənib:

"Vətənaş cəmiyyətinin inkişafı, QHT-lərə dövlət dəstəyi ilə bağlı məsələlərdə bir xeyli problemlər və çatışmazlıqlar var idi. Xüsusilə də, Şura ötən dövr ərzində vətəndaş cəmiyyəti qurumlarının dəstəklənməsində proqram yanaşmasını reallaşdıra bilməyib. 2014-cü ildə QHT-lərin inkişafını məhdudlaşdıran hüquqi sənədlərin ləğvi və ya yenidən işlənməsi də indiyədək həllini tapmayıb.

Beləliklə, artıq Şura dövrü arxada qaldı, dövlət və cəmiyyət həyatında QHT-lərin rolunun artırılması, fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkili, bu sahədə həyata keçirilən dövlət dəstəyinin təşkilati-hüquqi əsaslarının və mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Prezidentin Sərəncamı ilə yeni Dövlət Agentliyi yaradıldı. Ümid edək, Agentlik ölkədə vətəndaş cəmiyyətinin inkişafına mühüm töhfələr verə biləcək”.

Günay
Sfera.az

OXŞAR XƏBƏRLƏR