Yeni bir virus Avropanı ağuşuna alır: \"Meymun çiçəyi\" pandemiyaya çevrilə bilər?

Yeni bir virus Avropanı ağuşuna alır: \
Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.
 
Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monkeypox” (meymun çiçəyi), son vaxtlar Avropa, eləcə də ABŞ-da yayılmağa başlayıb. Belə ki, Avropada kiçik miqyaslı epidemiyalar davam edərkən, ABŞ-da da bir yoluxma faktı qeydə alınıb.

Massaçusets ştatının rəsmiləri bu yaxınlarda Kanadaya səfər edən şəxsin bu virusa yoluxduğunu açıqlayıb və səhiyyə işçiləri bunun Avropadakı kiçik epidemiyalarla əlaqəli olub-olmadığını araşdırmağa başlayıblar. Eyni zamanda, bu ay Böyük Britaniya, Portuqaliya və İspaniyada bir neçə təsdiqlənmiş və ya şübhəli hal qeydə alınıb. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin mütəxəssisi Cennifer Makquiston, "Hazırda Massaçusets işini Böyük Britaniya hadisələri ilə əlaqələndirən heç bir məlumatımız yoxdur", - deyə söyləyib.
 
Rəsmilər ABŞ-dakı yoluxmanın ictimaiyyət üçün heç bir risk yaratmadığını və Massaçusets sakininin xəstəxanaya yerləşdirildiyini, lakin vəziyyətinin yaxşı olduğunu əlavə edib. Makquiston şəxsin dostları ilə görüşmək üçün aprelin sonunda Kanadaya getdiyini və mayın əvvəlində geri qayıtdığını vurğulayıb.  
"Nadir virus infeksiyası” kimi təsvir edilən bu xəstəliyin adətən qripə bənzər şəkildə limfa düyünlərinin şişməsi ilə başladığı, ardınca üz və bədəndə səpgilərin əmələ gəldiyi bildirilib. Virusun Afrikada insanlara gəmiricilərin və ya kiçik heyvanların dişləmələri ilə ötürüldüyü və ümumiyyətlə, insanlar arasında asanlıqla yayılmadığı da əlavə edilib. 

Məlumata görə, "Meymun çiçəyi” adətən yüngül keçir və əksər xəstələr müalicə olunmadan bir neçə həftə ərzində sağalırlar. Ancaq bu xəstəlik ölümcül  də ola bilər. Belə ki, virus yoluxduğu insanların 10 faizini öldürür. 

Böyük Britaniyadakı yoluxmaların hamısında virusun Qərbi Afrika ştamına rast gəlinib və bu, Mərkəzi Afrika ştamı ilə müqayisədə yüngül xəstəliyə səbəb olub. Portuqaliya və İspaniyada isə virusun daha yumşaq versiyasının olduğu düşünülür. Avropadakı tədqiqatçılar isə bildiriblər ki, əksər hallarda gey və ya biseksual kişilərdə bu virusa rast gəlinir. Səlahiyyətlilər bəzi infeksiyaların cinsi əlaqə zamanı yaxın təmas yolu ilə yayıla biləcəyi ehtimalını araşdırmağa başlayıblar.

Elm adamlarının sözlərinə görə,  "meymun çiçəyi” çiçək xəstəliyinə səbəb olan virusla yaxından əlaqəli olduğundan, ona qarşı peyvəndlər insanları yoluxmaqdan qoruya bilər. Digər tərəfdən, bu virusa qarşı olan "Jynneos”, "Imvamune” və ya "Imvanex” kimi peyvəndlər ABŞ-da lisenziyalı olsa da, İngiltərədə hələ təsdiqlənməyib. Peyvəndin infeksiyasının qarşısının alınmasında təxminən 85 faiz effektli olduğu vurğulanıb. Qeyd olunub ki, virus əleyhinə dərmanlar və çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanlardan alınan qan da ağır yoluxmaların müalicəsində istifadə edilə bilər.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR