Müsahİbə

"Yəhudi turistlərin ən böyük istəklərindən biri "Azərbaycanın Qüdsü"nü görməkdir - Nəsimi Əbilov

 Bu gün "Qonaq otağı"nda Sumqayıt Yəhudiləri Dini İcmasının yaradıcısı Nəsimi Əbilovdur.
 

- Təsisçisi olduğunuz "Sumqayıt Yəhudiləri Dini İcması" necə yarandı? Birliyin yaradılmasında məqsəd nədən ibarət idi?

- Bildiyiniz kimi, Ulu Öndər öz çıxışlarında Azərbaycanda yaşayan dağ yəhudilərinə yer ayırarkən hər zaman Sumqayıtlı yəhudiləri də xatırlayardı. Ötən il 70 yaşını qeyd etdiyimiz doğma şəhərimizdə yəhudilər hər zaman yaşayıblar. 2008-ci ildə biz "Sumqayıt Yəhudiləri Dini İcması"nın yaradılması qərarına gəldik. Və bununla bağlı müvafiq qurumlara müraciətlər etdik, müsbət cavab aldıqdan sonra rəsmi şəkildə qurumun əsasını qoyduq. 

İcma yaradılarkən məqsədimiz Sumqayıtda yaşayan yəhudilərin problemləri ilə daha sıx şəkildə maraqlanmaq, tez-tez bir araya gəlmək, müqəddəs günləri, bayramları birgə keçirmək idi. 

- Azərbaycanda yaşayan yəhudilər haqqında məlumat verməyinizi istərdik. 

- Azərbaycanda yaşayan yəhudilərin tarixi minillərə söykənir. Yəhudilər özlərinə məxsus qədim, rəngarəng adət-ənənə və mədəniyyətləri ilə Azərbaycanın bir parçası, övladlarıdırlar. Ölkəmizdə yəhudilərin ən geniş, sıx yaşadığı coğrafi məkan bir çoxunun bildiyi kimi Quba rayonunda yerləşən "Qırmızı qəsəbə"dir. Qırmızı qəsəbə öz şöhrətinə görə nəinki Azərbaycanda, bütün dünya yəhudiləri arasında, keçmiş SSRİ məkanında və ümumiyyətlə, dünyada məşhurdur. Ölkəmizə gələn yəhudi turistlərin ən böyük istəklərindən biri "Azərbaycanın Qüdsü"nü - Qırmızı Qəsəbəni görmək olur. Qədim zamanlarda həmin qəsəbədə 13 sinaqoq mövcud olub. 

Azərbaycanın Qubadan başqa, Göyçay, Oğuz, Mingəçevir, İsmayıllı, Şamaxı, Gəncə, Yevlax, Sumqayıt, Bakı kimi şəhərlərində yəhudilər sıx şəkildə yaşayıb adət-ənənələrini qoruyublar. Baxmayaraq ki, başqa din və başqa dilə malik olmuşuq, biz Azərbaycanda yaşayan digər xalqlarla da mehriban, dostluq və qardaşlıq şəraitində yaşamışıq. Azərbaycan bizim də doğma evimizdir, hər zaman Azərbaycanı sevmişik, sevəcəyik. 

- Bildiyim qədərilə əsliniz Qubanın Qırmızı qəsəbəsindəndir. Quba yəhudilərinin yaşayış tərzi, məşğuliyyəti haqqında məlumat verə bilərsinizmi? Bu gün həmin qəsəbədə nə qədər yəhudi yaşayır? 

- Qədim zamanlardan həmin qəsəbədə 13 sinaqoq olmasına baxmayaraq bu gün say etibarilə 2 ibadətgah qalmaqdadır . Bildiyiniz kimi, Qırmızı qəsəbədə əsasən dağ yəhudiləri yaşayır. "STMEGI" fondunun prezidenti German Zaxaryayevin təşəbbüsü ilə "Qafqaz” dağ yəhudiləri" muzeyi yaradılıb. Həmin muzeydə dağ yəhudilərinə məxsus geyim dəstləri, qədim alətləri, müxtəlif eksponatlar qorunub saxlanılır. Muzeyin yaradılmasında məqsəd bizim qədim məşğuliyyətlərimiz, adət-ənənələrimiz haqqında gələcək nəsillərə ətraflı, dolğun məlumat ötürməkdir. Azərbaycanda yaşayan yəhudilərin sayında bəzi dəyişikliklər özünü göstərir. Azərbaycanla yanaşı İsrail də bizim doğma yurdumuzdur. Ona görə, də buralı olan yəhudilər bəzən həyatlarının qalan hissəsini İsraildə yaşamaq üçün buradan köç edirlər. Bu səbəbdən, qəsəbədə yaşayan əhalinin sayı dəyişikliyə uğrayıb. Ancaq bu gün də orada minlərlə yəhudi Azərbaycanın digər xalqları ilə birgə sülh şəraitində yaşayır. 

- Bu gün yəhudilərin Azərbaycanda yaşayan digər xalqlarla münasibəti necədir? Ümumiyyətlə, Azərbaycandakı tolerantlıq mühiti haqqında nə deyə bilərsiniz? 

- Mən tez-tez əcnəbi ölkələrdə səfərlərdə oluram. Hər zaman söyləyirəm ki, siz həqiqətən əsl tolerantlıq mühitini görmək istəyirsinizsə, o zaman mütləq Azərbaycana səfər etməlisiniz. Doğrudan da, burada tolerantlıq, başqa xalqların dini inanclarına sayğı, dillərinə, adət-ənənələrinə hörmət yüksək səviyədədir. Azərbaycanda millətlərarası ayrı-seçkilik, diskriminasiya birmənalı şəkildə yoxdur. Tolerantlıq Azərbaycanın sahib olduğu misilsiz sərvəti, daxili mədəniyyətidir. Bu, kimlərəsə adi gələ bilər. Ancaq tez-tez əcnəbi ölkələrdə olan, xarici məmləkətlərdə konfranslarda iştirak edən biri kimi deyə bilərəm ki, bu cür tolerant mühitə, heç də bütün ölkələr malik deyillər. Bizim ölkədə yaşayan digər xalqlarla da münasibətimiz bu günə və ya dünənə dayanmır. Biz bu ərazilərdə yüzilliklər öncədən digər xalqlarla mehriban və qonşuluq, sülh şəraitində yaşayırıq. Bir-birimizin xeyir işlərində iştirak edirik, qız verib, qız alırıq. Axı biz hamımız anamız Azərbaycanın doğma övladlarıyıq. 

- Azərbaycanda başqa hansı yəhudi dini icmaları fəaliyyət göstərir ? 

- Rəsmi şəkildə baxsaq, Sumqayıt Yəhudiləri Dini İcması ilə yanaşı, Quba Yəhudiləri Dini İcması, Bakıda Dağ yəhudiləri və Avropa yəhudiləri dini icmaları, gürcü yəhudiləri dini icmaları var. Dini icmalardan da başqa müxtəlif yəhudi cəmiyyətləri və yəhudi təşkilatları fəaliyyət göstərir. Bakının Zığ qəsəbəsində yəhudi uşaq bağçası, daha sonra bir neçə yəhudi məktəbləri var. Bunlar özü, dövlətimizin bizə olan qayğısının ən bariz örnəkləridir. Buna görə də, Azərbaycan dövlətinə öz təşəkkürümüzü bildirməyi borc bilirəm. 

- Ölkəmizdəki yəhudi dini icmalarının birləşdirilməsi fikrinə münasibətiniz necədir? 

- Dini icmaların bölgələrdə olmağı vacibdir. Yəhudilərin müqəddəs günü olan Şabat günündə yəhudilər işləmirlər. Tanrı tərəfindən bizə buyurulan bir sıra dini ayin və dualar var ki, onların yerinə yetirilməsi vacib buyurulub. Bu səbəblə də dini inancımızın düzgün yerinə yetirilməsində, bölgələrdə yaşayan yəhudilərin sinaqoqlara gediş-gəlişlərinin olmasında dini icmaların bir sıra rayonlarımızda olmağını məqsədəuyğun sayıram. O ki qaldı, Azərbaycanda dini icmaların vahid mərkəzdən idarə olunmasına, bəlkə də, bu, hansısa şəffalıq gətirilməsində öz töhfəsini verə bilər. Ona görə mən öz adıma bu təşəbbüsün tərəfdarı olduğumu deyə bilərəm. 

- Yəhudi milli bayramları haqqında məlumat verə bilərsinizmi? 

- Yəhudilərin bir çox bayramlarını dini bayramlar təşkil edir. Bizim ən sevdiyimiz bayram "Roşa Şana", yəni yəhudi xalqının yeni il bayramıdır. Bu bayram günündə hər bir yəhudi süfrəsində bal, alma, nar olur. Həmin bayramın əsas rituallarından biri də odur ki, yəhudi almanı bala batıraraq yeməldir. Və bununla da, ilin yəhudilərə bütünlüklə şirin keçməyini Allahdan diləyirlər. Bundan başqa "Pesax" bayramının adını çəkə bilərəm. "Pesax" 50 günə qədər davam edir. Bu günlər ərzində hər gün Omer oxunur. "Pesax" bayramı yəhudilərin Misirdən çıxması gününə təsadüf edir. Hansı ki, Allahın buyruğu ilə Musa peyğəmbər yəhudiləri Misirdən çıxararaq öz ata-baba yurdlarına çatmasına başçılq etmişdir. Bundan əlavə, "Tubişvat" bayramı var. Tubişvat ruzi-bərəkətə və meyvə bolluğuna aid olan bayramdır. Daha sonra, bu günlərdə keçirdiyimiz "Hanuka" bayramını söyləyə bilərəm. 

- Müqəddəs "Tövrat"da yəhudilərə neçə nəsihət buyurulub? Onların hamısına əməl etmək mümkün olurmu? 

- İlk olaraq Allah tərəfindən yəhudilərə 10 nəsihət göndərilib. Ancaq yəhudilərin müqəddəs kitabı Tövrat 613 hissədən ibarətdir. Hər Şabat sinaqoqda Tövratdan bir başlıq, hissə oxunur. Və bu, il boyu ardıcıllıqla davam edir. Hər bir yəhudi Allah tərəfindən buyurulan nəsihətlərə əməl etməyi özünə borc bilir. Mən də bacardığım qədər buyurulan nəsihətə, qaydalara əməl etməyə çalışıram. 

- Yəhudilərin övladlarının təhsilinə xüsusi önəm verdiyini bilirik. Bəs siz buna nə dərəcədə əhəmiyyət verirsiniz? 

- Bir yəhudi kimi mənim üçün təhsil ən yüksək məqamdadır. Mən hər zaman övladımın təhsilli, savadlı olmağına çalışıram. Əgər biz bu məmləkətdə yaşayıb, bu dövlətə qulluq ediriksə, demək ki, bu dövlətin dilini, ədəbiyyatını, tarixini mükəmməl bilib mənimsəməliyik. Mən sevinirəm ki, bu gün mənim övladım, yəhudi tarixi, dili ilə yanaşı, doğma Azərbaycanın da tarixini, dilini, mədəniyyətini öyrənir və həmin dəyərlərə sevgi ilə yanaşır. 

- Yəhudi xalqının ibadət tərzi və milli adət-ənənələri haqqında danışmağınızı istəyərdik. 

- Yəhudilər gün ərzində üç dəfə ibadət edirlər. Bu ibadətlə Şaxarit, Minxa, Maarifdir. Şaxarit sübh tezdən, Minxa günorta, Maarif isə gecə edilən duaya deyilir. Yəhudilərdə gün üç ulduzdan sonra başlanır. Gecə vaxtı səmada ilk üç ulduz görünəndə yəhudilərin yeni günü başlanır. Üç ulduzdan sonra Maarif duası edilir. Beləcə, hər bir yəhudi gün ərzində üç dua edir. Bundan başqa, Şabat vaxtı və müqəddəs bayramlarda əlavə dualar da edilir. 

- Yəhudilər ən sıx halda dünyanın hansı ölkələrində yaşayırlar? Ümumi sayları nə qədərdir? 

- Bəlkə də, dünyanın elə bir ölkəsi olmaz ki, orada yəhudilər yaşamasınlar. Bu gün yəhudi xalqı ən sıx halda İsrail dövlətində yaşayır. Yəhudilərin sıx halda yaşadığı məkanlara gəlincə Rusiya, ABŞ, Kanada, Azərbaycan və Avropanın ən iri dövlətlərinin adını çəkə bilərik. Say etibarılə son məlumatlara görə dünya üzərində yəhudilərin sayı 18 milyona qədərdir. 

- Azərbaycanlı ən tanınmış yəhudilərin sırasında kimlərin adını çəkə bilərsiniz? 

- İlk olaraq, Qarabağ savaşında torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş Milli Qəhrəmanımız Albert Aqarunovun adını çəkə bilərəm. Milli Məclisin keçmiş deputatı, bu günlərdə haqq dünyasına qovuşan Yevda Abramovun, Fizika üzrə alim Lev Landaunun, sahibkarlardan Telman İsmayılovun, Akif  Hilalovun, German Zaxaryayevin, Qod Nisanovun və digərlərinin adlarını çəkmək olar. 

("168 saat" qəzeti)


Söhbətləşdi: Səbuhi Allahverdizadə


XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930