“Yaxın zamanlarda gözlənilmir...” – Zərdüşt Əlizadə sülh müqaviləsinin ləngiyəcəyini düşünür

“Yaxın zamanlarda gözlənilmir...” – Zərdüşt Əlizadə sülh müqaviləsinin ləngiyəcəyini düşünür
Artıq bir müddətdir ki, Ermənistanda Rusiya əleyhinə etiraz aksiyaları başlayıb. Ermənilər Putini təhqir edir, rusofob şüarlar səsləndirirlər, yerli polis isə baş verənlərə müdaxilə etmir.

Maraqlıdır, baş verənlər Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanmasına mane ola bilərmi?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Zərdüşt Əlizadə Ermənistandakı Rusiya əleyhinə mitinqləri azsaylı milli radikalların həyata keçirdiyini deyib:

"Parlament seçkilərində heç bir faiz də səs toplaymayan belə qüvvələr nümayişlərin keçirilməsində maraqlıdırlar. Onların erməni cəmiyyətinə mümkün təsir gücü Rusiyaya da yaxşı məlumdur. Hər kəs əmindir ki, bu qruplar nümayiş keçirməklə Ermənistanın yürütdüyü daxili və xarici siyasətə az da olsa təsir edə bilməyəcəklər. Son seçkilər zamanı Nikol Paşinyana verilən səslər bu ölkədəki güc nisbətini açıq şəkildə ifadə edir. Yəni Ermənistanda seçicilərin 75 faizi Paşinyanın siyasətini bəyənir və beləliklə sülh müqaviləsi imzalanarsa, erməni xalqı buna müsbət yanaşacaq”.

Politoloq yekun sülh müqaviləsinin imzalanmasına da münasibət bildirib:
 
"Yaxın zamanlarda Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması gözlənilmir. Çünki bu istiqamətdə müşküllər, ziddiyətli məsələlər çoxdur. Lakin bu yöndə müsbət mənada işlər başlayacaq. Əsas məsələ də budur ki, qarşıdurmalar, müharibə olmasın. Ümumi nəticələr isə müsbət yöndə irəli getməyə imkan verəcək”.
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR