“YAP üzvlüklə bağlı mənə müraciət etməyib, elə mən də...” – Deputat Arzu Nağıyevlə MÜSAHİBƏ

“YAP üzvlüklə bağlı mənə müraciət etməyib, elə mən də...” – Deputat Arzu Nağıyevlə MÜSAHİBƏ
Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Trend” İnformasiya Agentliyinin baş direktorunun keçmiş müavini, təhlükəsizlik orqanlarının ehtiyatda olan zabiti, deputat Arzu Nağıyev Sfera.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Arzu bəy, hərb, media və siyasət kimi  üç fərqli meydanda çıxış etmək çətin olmayıb ki? Tutduğunuz vəzifələrdən  hansı daha məsuliyyətli gəlir?


- Düşünürəm ki, hər üç sahədəki fəaliyyətdə söhbət informasiyadan, məlumatın alınmasından gedir. Dövlət Təhlükəsizlik Xidməti sistemində məlumatın alınması mühüm məsələdir. Bundan başqa, istər açıq, istər məxfi məlumatların mənbəyini təyin etmək önəmlidir. Kəşfiyyatın bir qanunu var ki, kimin  məlumatı çoxdursa, o da qalibdir. Ona görə də təkrar bildirirəm ki, hər üç sferanı birləşdirən mühüm məqam informasiyadır, informasiya ilə işləməkdir.
 
- Bəs, Arzu Nağıyev üçün ordu, yoxsa media kapitanı olmaq maraqlıdır?

-Bilirsiniz, mən jurnalist deyiləm. Dostlarıma minnətdaram ki, onlarla bərabər media sahəsində də müəyyyən işlər görmüşük. Jurnalistikaya gəlişim informasiyanın içərisində olduğum üçün baş verib. Yəni praktikada gördüklərimi çalışmışam ki, mediada da istifadə edim. Jurnalistika böyük məsuliyyət tələb edir.  Mən 1989-cu ildən 2011-ci ilədək xüsusi xidmət orqanlarında işləmişəm. Demək olar ki, elə bir istiqamət yoxdur ki, həmin sahə üzrə müəyyən biliyə sahib olmayım. Düşünürəm ki, həm media, həm hərbi sahə böyük məsuliyyət tələb edir. Rəhbər olaraq kollektivlə çalışmaq hər iki sahə üzrə çətindir.
 
- Media kapitanı deyərkən, bir qədər duruxdunuz. Deyəsən, bu sözdən xoşunuz gəlmir...
 

 
-Yox, əskinə. Media fikirlərini oxucuya çatdırmaq üçün ciddi platformadır. Mən DTX-da çalışarkən susmaq qızıl idi, jurnalistikada isə vəziyyət belə deyil. Mənə media kapitanı deyirsiniz, düzdür, özümü rəhbər kimi hiss etmişəm, amma hər işin öz peşəkarı var.
 
"Jurnalistlər üçün nəzərdə tutulan bina peşəsinə layiqincə yanaşanlara verilməlidir. İllərlə evdə oturanlar dövlətdən ev istəməsin...”

-  Həmkarınız Etibar Əliyev jurnalistlər üçün nəzərdə tutulmuş binanın şəhid və qazi ailələrinə verilməsini təklif edib. Bu təklifə bəzi media mənsubları, QHT üzvləri dəstək olsa da, məsələ jurnalistlər arasında polemikaya yol açdı və tənqid olundu. Mövzuyla bağlı sizin fikriniz necədir?

-Jurnalistlər üçün nəzərdə tutulan bina öz peşəsinə layiqincə yanaşan jurnalistlər üçün prezident tərəfindən bir hədiyyədir. Yəni nə MDB, nə də dünyada elə bir ölkə var ki, dövlət kiməsə ev tikib versin. Elə jurnalist ola bilər ki, illərlə çalışsa da, hansısa istiqamətdə ciddi yazısı olmur. Bu jurnalist illərlə evdə oturub sonradan dövlətdən ev istəyirsə, mən bunun əleyhinəyəm. Evlərin təqdim olunması ilə bağlı jurnalistlər üçün müəyyən kriteriyalar var və evlər də həmin kriteriyalara uyğun şəkildə mətbuat nümayəndələrinə təqdim edilməlidir. Bu gün istər qazilərə, istərsə də şəhid ailələrinə mənzillərin verilməsi yüksək səviyyədə təmin olunur. Buna cavabdeh olan qurumlar da var. Mənzillərin nə zaman təhvil verilməsi barədə nə isə deyə bilmərəm, lakin onu deyim ki, bu məsələ ən yüksək səviyyədə həll olunur.
 
- İki il ərzində koronavirusa yoluxmayan insanları şanslı hesab edirlər. Bu müddətdə siz və ailəniz koronavirusdan tam qoruna bildinizmi?

-Mənim də ailə üzvlərim arasında koronavirusa yoluxanlar oldu. Hətta yaxın qohumlarım arasında koronavirus səbəbilə dünyasını dəyişən də var. Hazırda bütün ailə üzvlərim vaksin olunub. Mən özüm də üçüncü doza vaksini qəbul etmişəm.
 
- Bu arada dördüncü doza vaksinlə bağlı da müraciət olub. Dördüncü  dozadan istifadə edəcəksiniz?
 

 
 
-Mütəmadi olaraq insanlarla ünsiyyətdə oluram. Ayda 4-5 dəfə seçicilərimlə, media mənsubları ilə görüşürəm. Çalışıram ki, bu qədər ünsiyyətin fonunda həm özümü qoruyum, həm də ətrafdakıları xəstələndirməyim. Bundan sonra da antitel səviyyəmi yoxlatdıraraq, dördüncü doza vaksini qəbul edə bilərəm.

"Dövlət qurumlarının Milli Məclislə işini qənaətbəxş hesab edirəm. Şəxsi münasibətlər də önəmlidir”

- Həmkarınız Tahir Kərimli bəzi dövlət qurumlarını fəaliyyətsizlikdə, parlamentdə səsləndirilən təkliflərə birmənalı münasibət sərgiləməkdə qınadı. Arzu bəy, parlament və dövlət qurumlarının qarşılıqlı fəaliyyəti nə üçün belə mürəkkəbləşir?
 
-Bu məsələyə parlamentdə təmsil olunan hər deputatın öz baxışı var. Yəni dövlət qurumlarının parlamentlə qarşılıqlı əlaqəsinə Tahir Kərimli bir cür yanaşır, Arzu Nağıyev isə bir cür. Mən dövlət qurumları ilə işi quranda seçicilərimə uyğun istiqamətlərdə onlara sorğularımı göndərirəm. Bu istiqamətdə də sorğularımın cavabını alıram. Lakin hər məsələdə çətinlik var. Elə məsələ var ki, həll olunur, eləsi də var ki, həll olunmur. Mən dövlət qurumlarını da başa düşürəm. Onların arasında öz imkanları daxilində köməklik göstərmək istəyənlər var və şəxsi münasibətlərdən də çox şey asılıdır. Parlament ilə dövlət qurumları arasındakı işi ümummilikdə qənaətbəxş hesab etmək olar.
 
- Sizcə yaxın zamanlarda Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi imzalana bilər? Müqavilə imzalanarsa, sülhməramlıların fəaliyyətinə xitam verilməsi doğru olmazdımı?

- Düşünürəm ki, yekun sülh müqaviləsinin imzalanmasında əsas şərt sərhədlərin delimitasiya və demarkasiyası məsələsidir. Ermənistan ərazi bütövlüyümüzü tanıdıqdan sonra sülh müqaviləsindən də danışmaq olar. Zənninmcə, bu da qarşıdakı zaman ərzində reallaşacaq. Sülhməramlı qüvvələr iki dövlətin razılığı ilə Azərbaycana gəlib. Onlar burada müvəqqətidir. Əgər sülh olarsa, tərəflər arasında münaqişə yaşanmazsa, o zaman sülhməramlıların Azərbaycanda olmasına ehtiyac də qalmayacaq.

 
- Necə düşünürsünüz, sülh müqaviləsi imzalandıqdan sonra azərbaycanlılar və ermənilər mehriban qonşu ola biləcəklərmi? Davamlı birgəyaşayışın reallığına inanırsınız?

- Tarix göstərir ki, bu proses bir-iki günə, ya bir aya baş verməyəcək. Buna uzun zaman lazımdır. Əgər xalq diplomatiyası işləsə, maarifləndirmə yetərli səviyyədə olsa, o zaman birgəyaşayış təmin oluna bilər. Müharibədə həm Azərbaycan tərəfi, həm də Ermənistan tərəfi itki verib. Bu yara sağalmalıdır. Bu yara sağalmamış demək olmaz ki, biz dinc quruculuq işində birgə ola bilərik. Hələ, bir müddət keçməlidir. Bu müddət ərzində onların revanşist ideyaları, ərazi iddiaları olmasa, birgəyaşayış məsələsinə qayıtmaq olar.
 
- Prezident İlham Əliyev işğal illərində Qarabağ ərazisindən narkotik vasitələrinin daşınması marşrutu kimi istifadə edildiyini bildirib. Sizcə, Qarabağın İranla sərhəddə olan hissəsində gələcəkdə hansı addımlar atılmalıdır ki, narkotik qaçaqmalçılığının qarşısı alınsın?

-Tale elə gətirib ki, mən xüsusi xidmət orqanlarında narkotik vasitələrin qanunsuz  dövriyyəsinin qarşısını alacaq qurumun rəhbərlərindən biri olmuşam. Tranzit daşımalar nədir, ölkəmizə nə haradan keçirsə, bunların hamısını praktikada görmüşəm. Burada əsas məsələ ondan ibarətdir ki, İranla Dağlıq Qarabağ arasında "boz zona” adlandırılan 130 km-lik  Azərbaycan-İran sərhədi boş idi və Əfqanıstandan İrana eləcə də digər ölkələrə narkotik vasitələr daşıyan tranzit də bu istiqamətdən keçirdi. Burada qonşu dövlətlərin də marağı var idi. Hətta BMT-nin məruzələrində də var ki, Dağlıq Qarabağ ərazisində müəyən laborotoriyalar fəaliyyət göstərirdi. Prezident İlham Əliyev də öz çıxışında faktlara əsaslanaraq bu məsələ barədə danışdı. Ona görə də o yollar sərhəd bağlandıqdan, daşımalara müəyyən qədər  sədd qoyulduqdan sonra bu məsələdə maraqlı olan tərəflər qıqıcqlanmağa başladı. O kanalın biri də İrandan keçərək Dağlıq Qarabağ-Ermənistan və Ermənistan vasitəsilə də digər dövlətlərə daşınma marşrutu idi. Ərazi bütövlüyümüzü bərpa etdikdən sonra isə artıq alternativ yollar axtarılmağa başlanıldı. Əsas səs-küy və problem isə Daxili İşlər Nazilriliyi tərəfindən həmin yollarda postların qurulması zamanı başladı. Dağlq Qarabağ vasitəsilə böyük qaçaqmalçılıq demək olar ki, sonlandı. Bir məsələni də deyim ki, Ermənistanın kürüsü olmayıb, amma onlar dünya bazarına kürü çıxarırdılar. Bu kürünü Ermənistana Azərbaycan verməyib, onlar İranın köməyindən istifadə ediblər. Burada böyük iqtisadi itkilər olduğu üçün narazılıqlar artıb. Narkotacirlər artıq yeni yollar axtarmağa başlayacaq. Düzdür, narkoticarətin qarşısını tamamilə almaq mümkün deyil, lakin bu istiqamətdə ciddi işlər görülməkdədir. 
 
"Yeni Azərbaycan partiyası üzvlüklə bağlı mənə müraciət etməyib. Elə mən də...”
 
- Əksər həmkarlarınızdan fərqli olaraq heç bir partiyanın üzvü deyilsiniz. Arzu Nağıyev siyasi partiyalardan heç birini tam mənası ilə özünə yaxın görmür, ya necə? 
 
-Hüquq mühafizə orqanlarında çalışdığıma görə hansısa partiyaya üzv ola bilməmişəm. Lakin tam məsuliyyətimlə deyə bilirəm ki, mənim siyasi xəttim ali baş komandanın, birinci vitse-prezidentin xəttidir. Yəni mən dövlət və dövlətçiliyi özüm üçün şərəf saymışam, çünki zabit şərəfini hər şeydən üstün tutmuşam. Hansısa partiyanın üzvü olub-olmamağım mənim üçün əhəmiyyət kəsb etmir.

- Bu mənada siz Yeni Azərbaycan Partiyasının xəttinə daha yaxınsınız...

- Bu barədə nə  isə deyə bilməyəcəm. YAP-dan mənə üzvlüklə bağlı təklif olmayıb, nə də mənim belə bir arzum olub.
 
- Milli Məclisdə boş qalmış dairələrə seçkilərin keçirilməsi yaxın müddət ərzində reallaşa bilərmi? Boş qalmış yerlərə namizəd olaraq kimləri görmək istəyərdiniz?
 
- Bu, Mərkəzi Seçi Komissiyasının səlahiyyətində olan məsələdir. Əgər qərar qəbul olunsa ki, boş qalmış dairələrə təkrar seçki keçirməyə ehtiyac var, o zaman da seçkilər keçiriləcək.
 
- Boş qalmış dairələrə namizədlər arasında seçki nəticələri ləğv olunan Rauf Arifoğlu və İqbal Ağazadə də yer alır. Sizcə, bu şəxslərdən hansının şansları daha realdır?

- Hər iki şəxs əvvəlcə dost olublar, sonra da rəqib. Düşünürəm ki, bu məsələni seçiciləri ilə birgə öz aralarında ayırd etsələr, daha yaxşı olar. Mənim hər iki şəxsə hörmətim var, lakin məsələ Arzu Nağıyevin istəyi ilə reallaşmır. Mən tərəf tuta bilmərəm. Lakin onu deyim ki, Rauf Arifoğlu Tovuzdandır, sıx əlaqələrimiz var. Hətta valideynlərimiz də bir-birini tanıyıb. İqbal Ağazadə ilə ictimai əsaslarla tanışlığımız var. Nəticəni özünüz çıxarın...


- Bir ara Milli Məclisin buraxılması ilə bağlı aktiv müzakirələr gedirdi, fikirlər səsləndirilirdi. Lakin indi bu məsələ aktuallığını itirib. Necə düşünürsünüz, bu gün parlament öz işinin öhdəsindən layiqincə gələ bilirmi? Hansı boşluqlar var?

- VI çağırış Milli Məclis bəlkə də ən işlək parlament olub. Çünki son iki il həm pandemiya, həm də müharibə dönəmi baxımından ən ağır dövr hesab olunur. Bütün bu dövrlərdə seçicinin yanında olmaq, onun istək və arazularını həyata keçirmək, şəhid ailələri və qazilərlə işləmək çox ağırdır. Bu gün parlamentin spikeri informasiya müharibəsinin önündə gedən ən ciddi fiqurlardandır. Sahibə Qafarovanın xarici ölkələrdə bir gündə 8-10 görüş keçirməsi ciddi informasiya müharibəsinin yalnız bir epizodudur. Eyni zamanda, vitse-spiker və deputatlar da bu istiqamətdə gərgin əmək sərf edirlər. Əqidə və siyasi baxışından asılı olmayaraq, bütün deputatlar ağır dövrdən alnıaçıq çıxaraq, özlərini qalib dövlətin qalib parlamentarisi elan edə bildilərsə, bu böyük nəticədir.
 
- Maraqlıdır, gənc deputatların fəaliyyətindən razısınızmı?

- Hazırda parlametdə təmsil olunan gənc deputatlar bəlli etapları keçib bu səviyyəyə çatıblar. Yəni onların bir sıra məsələlərdə, xüsusilə gənclər siyasətini həyata keçirməkdə xidmətləri böyükdür. Ümumilikdə isə gənc həmkarların işini müsbət qiymətləndirirəm.
 
 
- Dediniz ki, şəhid və qazi ailələri görüşlər keçirirsiniz. Hazırda onların əsas problemləri nədən ibarətdir?

- Birinci məsələ şəhid adının əbədiləşdirilməsi ilə bağlıdır. Hər bir ana və ata üçün övlad itkisi ağırdır. Bu valideynlərin əsas istəkləri övladlarının adının küçə və parklara, məktəblərə verilərək əbədiləşdirilməsidir. Digər işlərdən biri isə vərəsəliyin müəyyən edilməsidir. Yəni bəzən şəhidin vərəsəsinin kim olduğunu müəyyənləşdirmək bir qədər çətin başa gəlir. Elə hallar olur ki, şəhidin valideynləri sağ olmur və bacı-qardaş ona vərəsə olmaq istəyir. Təəssüf ki, qanuna uyğun olaraq belə hal mümkün deyil. Mənzil məsələsi ilə bağlı isə elə bir problem yoxdur. Qazilərin əlillik dərəcəsinin təyin olunması ilə bağlı məsələlər bir qədər uzanır. Bu da qazilərin sayının çox olduğu üçün başa düşüləndir.
 
- Siz eyni zamandaYazıçılar Birliyinin də üzvüsünüz. Bəzi hallarda xüsusilə gənclər Yazıçılar Birliyinin sədrinin, qurumda yüksək post tutanların artıq qocaldığını, idarəetmyə gənc nəslin gətirilməsinin lazım olduğunu deyir. Sizin bu məsələyə münasibətiniz necədir?
 
- Mən bu sahədə həmişə özümü həvəskar hiss etmişəm. Yəni ilham gəldikcə həm nəzm, həm də nəsrdə özümü sınamışam. Heç vaxt düşünməmişəm ki, mən yazıçıyam, şairəm. Sadəcə, araşdırdığım məsələləri müəyyən rəflərə düzüb, qarşı tərəfə ötürməyə çalımışam. Yəni nə vaxtsa Yazıçılar Biriyində kimin sədr olmasını, yaxud yaş məsələsini düşünməmişəm. Mən gənc yazarları da başa düşürəm. Gənc yazıçı da, qoca yazıçı da düşünməlidir ki, qalaq-qalaq kitabı ortaya qoymaqdansa, oxunaqlı kitabı təqdim etmək daha faydalıdır.  Hazırda kitab yazmıram, işlərim çoxdur. Lakin fikrim var ki, "Əməliyyatçının qeydləri” adlı, başıma gələn hadisələrdən ibarət kitab yazım. Bu kitabda başıma gələn bütün əhvalatlar öz əksini tapacaq.
 
Söhbətləşdi: Əzizə Zeynal
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Soçi görüşünə ümid daha böyükdür, Brüsseldə isə...” - MÜSAHİBƏ

Milli Məclisin deputatı Elman Nəsirovun Sfera.az-a müsahibəsi: - Elman müəllim, noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri ...

“YAP üzvlüklə bağlı mənə müraciət etməyib, elə mən də...” – Deputat Arzu Nağıyevlə MÜSAHİBƏ

Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Trend” İnformasiya Agentliyinin baş direktorunun keçmiş müavini, təhlükəsizlik orqanlarının ehtiyatda olan zabiti, depu...

“Sülhməramlılar Şuşa ətrafındakı texnikaya görə izahat verməlidir” – Tofiq Zülfüqarovla MÜSAHİBƏ

Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun Sfera.az-a müsahibəsi: - Tofiq müəllim, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin ötə...

Azərbaycanda 12-15 yaşlı nə qədər yeniyetmə peyvənd olunub? – RƏSMİ

Azərbaycanda peyvənd olunan yeniyetmələrin sayı açıqlanıb. Sfera.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə bu gün də daxil olmaqla 36...

“Qarşılıqlı güzəştlər olmalıdır” – Keçmiş XİN rəhbəri Ermənistanın hava məkanımızdan istifadəsi haqda

Xəbər verdiyimiz kimi, ötən gündən "Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifad...

“İran əlində zəif kartlar olsa da, “xox” gələn qumarbaza bənzəyir” - MÜSAHİBƏ

Politoloq Qabil Hüseynlinin Sfera.az-a müsahibəsi. - Qabil bəy, İran-Azərbaycan münasibətlərində yaşanan soyuqluq artıq gərginlik sferasına keçir. Döv...