YAP-dan mühacir müxalifəti ilə bağlı açıqlama: \"Sığınacaq tapdıqları ölkənin...\"
"Müxalifətin hakimiyyət iddialarını reallaşdırmaq üçün qanuni resurslarının çatışmazlığı və iddialarının həyata keçirilməsi naminə istənilən üsul və vasitədən faydalanmağa hazır olması onu siyasi prosesin təhlükəli və eyni zamanda arzuolunmaz iştirakçısı olmağa sürükləyir”.
Sfera.az-ın xəbərinə görə, bunu baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov özünün "facebook” səhifəsində yazıb.
Baş nazirinin müavini qeyd edib ki, ayrı-ayrı ölkələrin siyasi tarixindən göstərilən səbəblərdən müxalifət qüvvələrinin ifrat siyasi radikalizmə yuvarlanmasına, inqilabçı hərəkatlara, radikal dini dəstələrə və hərəkatlara, anarxist, hətta terrorçu təşkilatlara çevrilməsinə dair kifayət qədər misallar gətirmək mümkündür: "Bunu ölkədə demokratiyanın azlığı ilə əsaslandırmağa çalışanlar öz iddialarında qətiyyən səmimi deyillər. Müxalifətin ictimai dəstəyinin azlığının demokratiyanın azlığı kimi cəmiyyətə təqdim edilməsi cəhdləri yeni deyil və çoxdandır ki, nəinki vərdiş halına çevrilib, həm də siyasi taktika dərəcəsinə qaldırılıb”.
Baş nazirin müavini qeyd edib ki, Azərbaycanın mühacir müxalifətinin siyasi ritorikası və fəaliyyət metodları onun maraqlı xarici qüvvələrin təsiri altına düşməsi ehtimalının kifayət qədər yüksək olmasından xəbər verir: "Azərbaycanın mühacir müxalifətinin müxtəlif ölkələrdə bu rolu icra etmiş qrupların klassik sxeminə tam uyğun şəkildə formalaşıb fəaliyyət göstərməsi tarixi paralellərlə isbat olunur. Müxalifətin milli maraqların əleyhinə çıxmağa hazır olan uğursuz nümayəndələrinin siyasi mühacir qismində xarici ölkələrə toplanması və onlardan Azərbaycanın əleyhinə müxtəlif formalarda istifadə edilməsinə dair məlum faktlar deyilənin ən sadə sübutudur".
Ə. Əhmədov qeyd edib ki, mühacir müxalifətin əsas təhlükəsi və buradan da irəli gələn arzuolunmazlığı onun hakimiyyətə deyil, dövlətə qarşı alətə çevrilməsindədir. Onun əli ilə aparılan total yalan və böhtan kampaniyasının, ən uğursuz müqayisələrin, ölkə əhalisinin itaətsizliyə, hətta qeyri-qanuni hərəkətlərə səslənməsinin başlıca hədəfi Azərbaycan dövləti, onun sabitliyi və əmin-amanlığıdır, Azərbaycanın nüfuzu, iqtisadi və geopolitik maraqlarıdır. Onların hərəkətlərinin və fəaliyyətinin kökündə bütövlükdə milli maraqlar, cəmiyyətin hər hansı kəsiminin mənafeyi deyil, mühacir müxalifəti maliyyələşdirən və bu səbəbdən də yönlətmək, istiqamətləndirmək hüququ qazanan xarici dairələrin maraqları dayanır. Nə qədər pərdələməyə, "vətənə xidmət” donu geyindirməyə çalışsalar da, bu cür əməllərə yalnız bir ad vermək olar: Vətənə xəyanət. Azərbaycan cəmiyyətində bunu hamı yaxşı anlayır və ona görə də mühacir müxalifətin anti-Azərbaycan, anti-milli fəaliyyətinin insanların sərt təpkisi sayəsində tam iflasa uğrayacağına şübhə yoxdur”.