Xidmət sektoru üçün arzuedilməz dövr başlayıb – TƏHLIL

Xidmət sektoru üçün arzuedilməz dövr başlayıb – TƏHLIL

Azərbaycanda koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə martın 24-dən etibarən xüsusi karantin rejiminin tətbiqinə başlanılıb. Yeni rejimin tələblərinə əsasən, daha bir neçə sahədə iqtisadi fəaliyyət məhdudlaşdırılacaq. Məhdudiyyət gətirilən sahələr arasında bu dəfə də yalnız xidmət sektoruna aid olan sahələr var. Növbəti qadağa tədbirləri kimi şəhərlərarası sərnişindaşıma qadağan edilir, şəhərdaxili sərnişindaşıma qaydaları sərtləşdirilir, ərzaq məhsullarının satışını həyata keçirən obyektlər istisna olmaqla digər iri ticarət obyektlərinin (apteklər istisna olmaqla) fəaliyyəti qadağan olunur.


Sfera.az xatırladır ki, ölkəmizdə artıq bir neçə gündür ki, məhdudlaşdırıcı tədbirlər həyata keçirilir. Bütün qadağalar xidmət sferasına aiddir. Həmin tədbirlərə uyğun olaraq qapalı məkanlarda kütləvi tədbirlərin keçirilməsinə icazə verilmir, o cümlədən şadlıq sarayları, mərasim evlərinin fəaliyyəti qadağan edilib, restoran və yeməkxanaların fəaliyyətinə saat 15:00-a qədər icazə verilir və s.. Bunlardan başqa xarici turizm fəaliyyətinə qadağalar gətirilib. Bir sıra ölkələrə səfərlər, eyni zamanda həmin ölkələrdən Azərbaycana səfərlər qadağan olunub. Buna müvafiq olaraq dəmir yolu, hava yolu, avtobuslarla sərnişin daşınması qadağan edilib.

 

Koronavirusun Azərbaycanda daha çox insana yoluxma riskinin azaldılması üçün atılan addımlar birbaşa xidmət sektoruna ciddi iqtisadi zərər vurur. Görünən burur ki, karantin rejiminin qüvvədə olacağı yaxın bir ayda dəyən zərər daha da artacaq. Dünyada və ölkəmizdə virusun yayılma vəziyyətindən asılı olaraq karantin rejiminin bir qədər də uzadılması ehtimalı var. Əgər belə olarsa, o zaman, xidmət sektorunun itirəcəyi daha böyük məbləğlərlə ifadə ediləcək.

 

 

Qeyd edək ki, iqtisadiyyat iki böyük sahədən – istehsal və xidmət sektorundan ibarət olur. Azərbaycan iqtisadiyyatında istehsal sektorunun payı xidmət sektorundan böyükdür. Lakin xidmətlərin də dəyəri, iqtisadiyyata təsir imkanları az deyil. 2019-cu ilin məlumatına əsasən, Azərbaycan iqtisadiyyatında istehsal edilən ümumi daxili məhsulun (ÜDM) təxminən 41 faizi xidmət sektorunda istehsal edilib. Proqnozlara görə, qarşıdakı illərdə xidmət sektorunun payında bir qədər də artım gözlənilirdi. Ümumiyyətlə, Azərbaycan hökuməti iqtisadiyyatda xidmət sektorunun payının artırılmasını hədəfləyir. Çünki ölkəmizdə digər inkişaf etməkdə olan ölkələrlə müqayisədə xidmət sektorunun payı azdır. Məslən, 2017-ci ilə aid olan məlumata əsasən, keçmiş sovet respublikalarından olan Latviyada xidmət sektorunun payı 74 faiz, Estoniyada 68 faiz, Litvada 67 faiz, Rusiyada 62,3 faiz, Moldaviyada 62 faiz, Qazaxıstanda 61,2 faiz, Ukraynada 60 faiz, Ermənistanda 55 faiz, Qırğızıstanda 54 faiz, Belarusiyada 51 faiz, Özbəkistanda 48 faiz, Türkmənistanda 48 faiz, Tacikistanda 46 faizdir. Keçmiş sovet respublikaları arasında iqtisadiyyatda xidmət sektorunun xüsusi çəkisi ən kiçik olan ölkə Azərbaycandır. Ölkəmiz bu baxımdan qonşularından da geri qalır. Xidmət sektorunun ÜDM istehsalında payı Gürcüstanda 68 faiz, Türkiyədə 61 faiz, İranda 55 faizdir. Dünyada istehsal sektoru ən böyük olan ölkə Çindir. Burada da son 10 ildə xidmət sektorunun inkişafı ilə bağlı ciddi tədbirlər görüldü və nəticədə sektorun payı 51 faizi ötüb.

 

İnkişaf etmiş ölkələrdə isə xidmət sektorunun payı daha yüksəkdir. Məsələn, istehsal edilən ÜDM-nin ABŞ-da 80 faizi, Böyük Britaniyada 79 faizi, Fransada 79 faizi, İspaniyada 74 faizi, İtaliyada 74 faizi, Avstraliyada 71 faizi, Kanadada 70 faizi, Yaponiyada 69 faizi, Almaniyada 69 faizi xidmət sektorunun payına düşür. Avropa Birliyində ümumilikdə bu göstərici 71 faizdir.


Azərbaycanda xidmət sektorunun əsas hissəsi pullu olmayan xidmətlərin payına düşür. Buraya sosial təminat və sosial müdafiə xidmətləri, səhiyyə, təhsil və s. aiddir. Xidmət sektorunun 40 faizindən çoxu məhz sosial xidmətlərdə formalaşır. Nazirlər Kabinetinin gətirdiyi qadağalardan bu sahələr demək olar ki, zərər görməyəcək. Ən böyük iqtisadi çətinliyi pullu xidmətlər göstərən sahələr görəcək. Bunlar ticarət, nəqliyyat, turizm və ictimai iaşə sahələridir. Mövcud vəziyyətdə xidmət sektorunda inkişaf edəcək, gəliri artacaq yeganə sahə informasiya və rabitə xidmətləri olacaq. Müxtəlif məhdudlaşdırıcı tədbirlər səbəbindən internet və rabitə xidmətlərinə tələb xeyli dərəcədə artacaq.

 

Xidmət sektorunun adıçəkilən sahələrində yaranan çətinliyin ən zərərli tərəfi məşğulluğa göstərəcəyi mənfi təsir olacaq. Belə ki, iqtisadiyyatda istehsal sektorunun payı daha çox olsa da, işləyənlərin daha çox hissəsi xidmət sektorundan çalışır. Mart ayının 1-nə olan məlumata əsasən, Azərbaycanda 1 milyon 641 min muzdla, yəni əmək haqqı müqabilində işləyən var. Onların cəmi 23,7 faizi istehsal, 76,3 faizi (1 milyon 252 min nəfər) xidmət sahələrində çalışır. Xidmət sahələrində işləyənlərin təxminən 30 faizi, yəni 375 mini məhdudlaşdırıcı tədbirlərlə üzləşən sahələrdə çalışanlardır. Turizm və ictimai iaşə sahələri daha çox zərər görüb. Rəsmi məlumata əsasən, burada 28 min insan işləyir.

 

Onların böyük əksəriyyəti iş yerini itirmək riski ilə üz-üzədir. Çünki iş yerlərinin dayanması və ya qismən fəaliyyəti ilə əlaqədar işəgötürənlərin gündəlik gəliri sıfıra yaxınlaşıb. Belə vəziyyətdə işəgötürənlərin işçi saxlamaq imkanı məhduddur.

 

Düzdür, dünən İqtisadiyyat naziri Mikayıl Cabbarov verdiyi müsahibəsində məhdudlaşdırıcı tədbirlərlə əlaqədar zərər görən iş yerlərinin sahiblərinə müraciət edərək, əmək müqavilələrinin ləğv edilməməsini istəyib. Nazir əks təqdirdə hökumətin onlara qarşı sərt tədbirlər görəcəyini bildirib. Xəbərdarlığa baxmayaraq, əgər dövlət zərər görən pullu xidmət sahələrinə yetərli dəstək olmasa, onların uzun müddət tab gətirməsi, əvvəlki sayda işçi saxlaması mümkün olmayacaq.

 

 

 

Vasif

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR