Xərçəngə qarşı dərmanın müəllifi olan azərbaycanlı alimdən açıqlama
ABŞ-ın Çikaqo Universitetinin (University of Chicago) alimləri xərçəngə qarşı yeni immunopreparat hazırlayıblar. Yeni immunopreparatla bağlı elmi təcrübələri yerinə yetirən və məqalənin birinci müəllifi isə azərbaycanlı gənc alim Aslan Mansurovdur. O, hazırda Çikaqo Universitetinin Molekulyar mühəndislik fakültəsinin doktorantıdır. A.Mansurov elmi qrupunun rəhbəri Ceffrey Hubbell bioloji materiallar və biomühəndislik sahəsi üzrə dünyanın ən aparıcı ekspertlərindən biridir. C.Hubbell ABŞ-ın Milli Tibb Akademiyasının (National Academy of Medicine) və Milli Mühəndislik Akademiyasının (National Academy of Engineering) seçilmiş üzvüdür.
Sfera.az xəbər verir ki, SOCAR-ın xarici təqaüd hesabına "Minnesota" kimi prestijli universitetdə təhsil alan A.Mansurov Azərbaycan Dövlət Neft Şirkətinə təşəkkür edib.
O, xərçəngə qarşı hazırlanan yeni immunopreparatla bağlı apardığı elmi təcrübələri haqqında məlumat verib:
A.Mansurov bildirib ki, sözügedən preparatın tətbiqi üçün hazırda bir sıra həkim və kliniklarla danışıqlar aparılır. Onun sözlərinə görə, 1-2 ilə bu preparat tam öyrəniləndən sonra pasiyentlər üzərində yoxlama aparılacaq: "Bizim işlədiyimiz zülal interlikin-12-dir (IL-12). Ağ qan hüceyrələri olan T limfosidlərinin belə bir xassəsi var ki, onlar xərçəng hüceyrələrini axtarıb yüksək effektivliklə öldürə bilir. Amma xərçəng insanın bədənində yayılanda T limfosidləri bir az passiv olurlar. Xərçəng hüceyrələrini yaxşı tapa və öldürə bilmirlər. Xərçəng hüceyrələri bizim bədənimizdə hər saniyə yarana bilər. IL-12 molekulu məhz T limfosidlərini aktivləşdirir. Onları passiv vəziyyətdən aktiv vəziyyətə gətirir. Bir növ orqanizmə göstəriş verir ki, xərçəngi tap və öldür. Bu layihəyə çox böyük diqqət yetirilir. Elmi rəhbərim layihənin çox böyük potensiala malik olduğunu bildirir”.
Qeyd edək ki, A.Mansurov 2013-cü ildə "Qafqaz” Gimnaziyasını qızıl medalla bitirib. O, 2017-ci ildə ABŞ-ın Minnesota Universitetinin (University of Minnesota) kimya mühəndisliyi dərəcəsini fərqlənmə ilə bitirib və hazırda Çikaqo Universitetinin Pritzker Molekulyar Mühəndislik İnstitutunda (Pritzker School of Molecular Engineering) doktorantdır.
Xatırladaq ki, immunoterapiya bədənin ağ qan hüceyrələrini, əsasən də T limfositlərini, xərçəngə qarşı aktivləşdirən innovativ müalicə növüdür.
İnterlikin-12 (IL-12) T limfositlərinin böyümə və differensiyasına səbəb olan zülaldır və xərçənglə mübarizədə böyük potensiala malikdir. Lakin bu zülalın bir sıra yan təsirləri mövcud olduğundan insanlarda tədbiqi mümkünsüz idi. Alimlər IL-12 zülalını genetik yolla dəyişdirib, onu sağlam orqanlara deyil, məhz xərçəng hüceyrələrinə yönəltməyə nail olublar.
Bu texnologiya IL-12 zülalının effektivliyini qat-qat artırıb, yan təsirlərini tamamilə aradan qaldırıb. Bu tədqiqat biomühəndislik və biotexnologiya sahəsində ən prestijli jurnallardan biri olan "Nature Biomedical Engineering" jurnalında çap olunub.
Öncəki tədqiqatlarda bu immunopreparat toksikliyinə görə, birbaşa şiş nahiyyəsinə yeridilirdi. Bu isə xərçəng xəstələri üçün bir sıra fəsadlara gətirib çıxarırdı. Yeni tədqiqatda IL-12 molekulu qan dövranı sisteminə (venadaxili) yeridilib, xərçəng hüceyrələrinə yüksək effektivliklə təsir göstərir və həmçinin, IL-12 immunopreparatının toksikliyini dəfələrlə azaldır.
Alimlər qeyd olunan molekulu bir il ərzində müxtəlif xərçəng növləri (dəri, süd vəzi, ağ ciyər) daşıyan siçanlarda yoxlayıblar və müalicəni alan sıçanların böyük hissəsi xəstəlikdən tamamilə sağalıb. Digər tərəfdən, xərçəngə qarşı ənənəvi mübarizə yollarından olan kimyəvi və şüa terapiyaları eyni xərçəng növlərini daşıyan sıçanlarda heç bir təsir göstərməyib. Bu, tədqiqatçıların hazırladığı immunopreparatın standart müalicələrdən üstün olduğunu göstərir. Elmi qrupun üzvləri yaxın zamanda IL-12 preparatını insanlarda yoxlanılması barədə öz planlarını açıqlayıblar.