Vejnəlidəki kriminal biznesin PƏRDƏARXASI

Vejnəlidəki kriminal biznesin PƏRDƏARXASI
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 30-da keçirilən mətbuat konfransında bildirdi ki, Vejnəli kəndində Azərbaycanın ən böyük qızıl yataqlarından biri yerləşir.

"Ermənistan tərəfindən üçüncü ölkələrin fiziki və hüquqi şəxsləri cəlb edilməklə Vejnəlidə qanunsuz olaraq qızıl yataqlarının istismarı aparılırdı. Bu prosesə "Geo Pro Mining”, həmçinin İsveçrə vətəndaşı olan Vartan Sermaks adlı şəxs cəlb olunmuşdu. Vartan Sermaks həm də dünyada brend hesab olunan "Franck Muller” saatlarının istehsalçısıdır. Kəlbəcərdə və Vejnəlidə çıxarılan qızıllar həmin "Franck Muller” saatlarının işləmələrində istifadə olunurdu. Bu qızıl resursları Ermənistanda saxta sənədləşmədən sonra üçüncü ölkələrə çıxarılaraq satılırdı.


Vejnəli yatağı artıq işğaldan azad olunub, Azərbaycanın digər tərəfdaşlar ilə imzaladığı müqaviləyə uyğun olaraq istismar olunaraq Azərbaycan xalqının mənafeyi naminə istifadə olunacaq”, - deyə Prezidentin köməkçisi qeyd etdi.



Hikmət Hacıyev özünün "Twitter"dəki hesabında da işğal edilmiş Kəlbəcərdə qızılın qanunsuz axtarışı ilə məşğul olan Vardan Sermakeslə bağlı paylaşım edib.

 

"Franck Muller” saatlarının banisi Vardan Sermakes Kəlbəcərin işğal edilmiş Vejnəli kəndində qızılın qanunsuz kəşfiyyatı ilə məşğul olub. Bu, qızıl mədənləri işğaldan azad edilən Vejnəli kəndidir. Bizdə Sermakesə qarşı cinayət işinin qaldırılması üçün daha çox fakt olacaq", - deyə paylaşımda bildirilir.

Bəs Vejnəlidəki yataqlar illərlə necə istismar edilib və Azərbaycan buna qarşı hansı tədbirləri görüb?


Sfera.az bununla bağlı kiçik araşdırma edib.


Qızıldan torpaqlar

 



Məlum olduğu kimi, ermənilərin işğal altında olan Azərbaycan ərazilərində milli sərvətlərimizi talan etməsi, bu prosesdə xarici şirkətlərin iştirakına dair çoxsaylı faktlar var.


Ümumilikdə, işğal olunmuş Azərbaycan torpaqlarında 160 müxtəlif qiymətli metal yatağı qalıb. Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdəki qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqları mövcuddur.


Vejnəli qızıl yatağı isə kvars-qızıl-sulfid tərkibli damar geoloji-sənaye tipinə aid edilir.


Vejnəli yatağı 1959-1962-ci illərdə Vejnəli geoloji-axtarış partiyası tərəfindən kəşf edilib. 1962-1971,1976-1981 və 1983-1984-cü illərdə geoloji-axtarış və kəşfiyyat işləri aparılıbdır. 1984-cü ildə Vejnəli qızıl yatağı Məhəlli Ehtiyatlar Komissiyasında təsdiq olunaraq, Azərbaycan Respublikası Faydalı Qazıntı Ehtiyatlarının Dövlət Balansına qəbul edilib. Yataqda 25 sayda qızıl saxlayan kvars damar zonaları öyrənilib.


Ermənistan genişmiqyaslı talan əməliyyatına Fransa, Kanada, İsveçrə və digər ölkələrdən imkanlı erməni əsilli və ya erməni diasporu ilə əlaqələri olan iş adamlarını cəlb edilib.


Ekspertlər bildirirlər ki, ən yumşaq hesablamalara görə, təkcə vejnəlidəki yataqlarda təqribən 2-3 milyard dollarlıq qızıl ehtiyatımız var. Hətta bəzi hesablamalarda bu rəqəm 8 milyard göstərilir.

 

Vartan Sermakesin kriminal biznesi


Qeyd etdiyimiz kimi, torpaqlarımızdakı sərvəti talayan əsas kriminal biznes nümayəndəsiİsveçrənin məşhur saat brendi "Franck Muller Group”un təsisçisi və baş direktoru Vartan Sermakesdir.

 

V.Simakes 1956-cı ildə İstanbulda anadan olub və 18 yaşında İsveçrəyə köçüb.


İsveçrənin erməni diasporunun maliyyə donoru hesab olunan V.Sermakes "ArmSwisBank”ın təsisçidir və bu ölkədə 7 brendə və 14 istehsalat müəssisəsinin sahibidir. O, Ermənistanda müxtəlif sahələrə böyük investisiyalar yatırır.



V.Sermakesin Kəlbəcərin "Söyüdlü” və Zəngilanın "Vejneli” yataqlarından oğurladığı qızıl İsveçrə birjalarında satışa çıxarılır, qazanc isə elə həmin ölkənin banklarına yatırılır. Sermakes Azərbaycanın işğal olunmuş ərazilərində 999,9 əyyarlıq qızıl külçələrin satışı ilə məşğul olan bir sıra proqramların da əsas sərmayədarıdır.


2001-ci ildə "Franck Muller”in Ermənistandakı nümayəndəliyi açılan zaman şirkətin təmsilçisi bildirmişdi ki, burada saatların qızıl çərçivələri üçün 18 karatlıq qızıl və 550 əyyarlıq platindən istifadə olunacaq.

 


Onun Ermənistanda qiymətli materialların emalı zavodu inşa etdiyi barədə də məlumatlar var. V.Sermakes zavodun tikilməsi planını 6 il əvvəl – 2014-cü ildə açıqlayıb. Hətta bununla bağlı Ermənistan Mərkəzi Bankı ilə müvafiq memorandum da imzalanıb.

 

Onu da qeyd edək ki, Sermakes Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın fərmanı ilə Ermənistanın Fransadakı Baş Konsulu təyin olunub və "Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif olunub.

 

"Geo Pro Mining"in patlayıcıları...



Hikmət Hacıyevin adını çəkdiyi digər bir şirkət - "Geo Pro Mining” də sərvətlərimizin talan prosesisində aktiv iştirak edir.

 

Maraqlıdır ki, hələ bu ilin avqustun əvvəllərində şirkət Rusiyadan Ermənistana patlayıcı maddələr daşıyıb. Bu barədə Ermənistan KİV-lərində də məlumat gedib.

 

Həmin vaxt erməni mətbuatı "Geo Pro Mining” şirkətinin Ermənistandakı rəsmi nümayəndəsi Ruzanna Qriqoryana istinadən yazıb ki, erməni müəssisələri tərəfindən dağ-mədən sahəsində istifadə edilən partlayıcı maddə ilə yüklənmiş yeddi yük maşını iki həftədir Verin Lars keçid məntəqəsinin neytral zonasında qalıb.

 

Yük maşınlarının Rusiya tərəfinin sərhədini keçsə də, Gürcüstan sərhəd xidmətinin ölkə ərazisi ilə hərəkətinə icazə vermədiyi bildirilib.


Hüquqi addımlar

 

5 il əvvəl - yəni 2015-ci ildə Azərbaycanın Baş Prokurorluğu Vartan Sermakesə qarşı cinayət işi açaraq onu beynəlxalq axtarışa verib.

 

Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, İsveçrə Konfederasiyasının vətəndaşı, "Franck Muller Group” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Vartan Sermakesin Ermənistanın Azərbaycan Respublikasının işğal etdiyi ərazilərində yaratdığı qanunsuz rejimi beynəlxalq səviyyədə tanıtdırmaq və təbliğ etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxslə Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz keçərək Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə gəlməsi, həmin ərazilərdə qanunsuz sahibkarlıqla məşğul olması və dövlət əleyhinə yönələn açıq çağırışlar etmə əməlləri üzrə Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 192.2.2-ci (Qanunsuz sahibkarlıq) maddələri ilə cinayət işi başlanıb.

 

İstintaq materiallarından da aydın görünür ki, Azərbaycan tərəfi Sermakesin qanunsuz iqtisadi fəaliyyəti və xüsusilə də, qızıl yataqlarının qeyri-qanuni istirmarında iştirakı ilə bağlı kifayət qədər məlumat əldə edib. Bütün bu faktlar İsveçrə Kanfederasisiyası Baş Prokurorluğuna da təqdim olunub. Təəssüf ki, Azərbaycanın sorğularına lazımi cavab verilməyib, hüquqi müstəvidə bu məsələ ilə bağlı əməkdaşlıq göstərilməyib.


 

Bu gün - 2 oktyabr tarixində isə Vejnəli yatağını talayanlar yenidən beynəlxalq axtarışa verildi.


Bununla bağlı bu gün Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb.


Məlumatda bildirilir:


Azərbaycanın işğal olunmuş Laçın, Kəlbəcər və digər işğal olunmuş rayonların ərazilərində erməni əsilli xarici dövlətlərin vətəndaşları olan şəxslərin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları üzrə Baş Prokurorluğun İstintaq idarəsində 21.10.2015 və 30.03.2018-ci il tarixlərdə Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci maddələri ilə (dövlət sərhədini qanunsuz keçmə) cinayət işləri başlanıb.


Həmin cinayət işlərindən biri – işğal olunmuş, lakin Milli Ordumuzun uğurlu əməliyyatları nəticəsində son günlərdə işğaldan azad olunmuş Zəngilan rayonunun Vejnəli kəndi ilə bağlı olub.


İstintaq zamanı Baş Prokurorluğun İstintaq idarəsinin qərarı əsasında Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilib ki, Zəngilan rayonu Vejnəli kəndində əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edən İsveçrə Konfederasiyasında rəsmi qeydiyyatdan keçmiş "Vallex Group” şirkətlər qrupunun filialı olan «Base Metals» Qapalı Səhmdar Cəmiyyəti 2009-2017-ci illər ərzində cəmi 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə edib.


Qeyd edilən cinayət faktları ilə əlaqədar "Vallex Group” şirkətlər qrupunun maliyyə investoru, İsveçrə Konfederasiyasının vətəndaşı Vartan Sermakes və rəhbəri Valeriy Mejlumyan, o cümlədən həmin şirkətlər qrupuna daxil olan "Base Metals” QSC-nin icraçı direktoru Artur Mkrtumyan Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində məhkəmənin müvafiq qərarları ilə qiyabi həbs seçilməklə istintaq orqanı tərəfindən beynəlxalq axtarış elan edilib.

 

Həmin cinayət işi üzrə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş ziyanın məbləğinin dəqiqləşdirilməsi və digər istintaq üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə 30.10.2020-ci il tarixdə işğaldan azad olunmuş Vejnəli kəndində yerləşən uzun illər ərzində istismara məruz qalmış qızıl yataqlarının yerləşdiyi əraziyə hadisə yerinə baxış da daxil olmaqla digər zəruri istintaq hərəkətləri həyata keçirilir.

 

Həmçinin, cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri istintaq hərəkətlərinin icrası məqsədi ilə İsveçrə Konfederasiyasının səlahiyyətli dövlət orqanlarına beynəlxalq hüquqi yardımın göstərilməsi haqqında vəsatətlə müraciət olunub.


Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, Ermənistan tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş və artıq işğaldan azad edilmiş ərazilərimizdə qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərin milli və beynəlxalq qanunvericilik əsasında məsuliyyətə cəlb olunmaqla sanksiyaların tətbiq edilməsi məqsədi ilə beynəlxalq hüquq normaları çərçivəsində bütün mümkün olan tədbirlərin görülməsi təmin ediləcək.

 

Aysel

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...