Vaşinqton Türkiyə vasitəsilə Azərbaycanda möhkəmlənmək istəyir - Politoloq

Vaşinqton Türkiyə vasitəsilə Azərbaycanda möhkəmlənmək istəyir - Politoloq
"Baydenlə Ərdoğanın görüşündə Qarabağ məsələsinin müzakirə predmeti olması Vaşinqtonun bölgəmizdə aktivləşmək istəyindən qaynaqlanır”.

Bu sözləri iyunun 14-də NATO sammiti çərçivəsində ABŞ Prezidenti Co Baydenlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşdə Qarabağ məsələsinin də müzakirə predmeti olacağına münasibət bildirərkən, politoloq Natiq Miri deyib:
 
"Azərbaycan regionun ən güclü ölkəsidir. Ölkəmiz yeni yaradılan kommunikasiya sistemində körpü rolunu oynayır. Bəllidir ki, Azərbaycan olmadan regionda möhkəmlənmək mümkünsüzdür. Bu xüsusda da Türkiyənin Azərbaycanda varlığı xüsusi əhəmiyyət kəsb edir. Həmin məqam da Ağ Evi Qarabağ məsələsini Türkiyə ilə müzakirəyə çıxarmağa sövq edib”.
 
Həmsöhbətimiz düşünür ki, Bayden Ərdoğanla görüş əsasında Türkiyənin Azərbaycanda varlığı və getdikcə möhkəmlənməsi məsələsini müzakirə edəcək:
 
"Burada həmçinin Rusiyanın Qarabağda hərbi varlığı məsələsindən danışacaqlar. Rusiyanın Azərbaycanda təkbaşına mövcudluğu ABŞ-ı qətiyyən qane etmir. Azərbaycan Ermənistan sərhəd məsələsi, o cümlədən kommunikasiyaların açılması da Ərdoğan Bayden görüşündə danışılacaq. Bu kimi məsələlərdə birgə hərəkət etmək barədə razılığa gəlinərsə, belə  vəziyyət Türkiyə və Azərbaycanın maraqlarını ifadə edəcək.  Çünki Türkiyə Azərbaycanda həlledici ölkə statusundadır”. 
 
N. Mirinin fikrincə, bölgəmizdə ABŞ Türkiyə ilə birgə hərəkət edərsə, Rusiyanın buradakı varlığına ciddi alternativ yaranacaq:  "Ağ Ev adminstrasiyası Türkiyənin Azərbaycandakı varlığından özünün regiondakı  geosiyasi maraqları kontekstində istifadə etmək istəyir. Belə bir müzakirənin olması, habelə ABŞ-ın regiondakı marağının Rusiyanın varlığına alternativ kimi yaradılması ölkəmizin  geosiyasi maraqlarına xidmət edəcək. Bu alternativlik Rusiyanı hər zaman nəzarət altında saxlamağa imkan verəcək. Regionumuzda ABŞ Türkiyə ilə birgə hərəkət edərsə, sözsüz ki, buna nail olmaq mümkün olacaq”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR