“Valideynlərlə görüşün, məzuniyyətin dayandırılması mövcud virusa qarşı ən qoruyucu addımdır” - Hərbi ekspert
Ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ciddi təxirəsalınmaz tədbirlər daha da gücləndirilib. Müdafiə Nazirliyinin aidiyyəti strukturları da bu sahədə zəruri işlər həyata keçirir.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən ehtiyatda olan zabit Tərlan Eyvazov karantin qaydalarına riayət olunduğunu deyib. O bildirib ki, virusa qarşı tətbiq edilən bütün qaydalara tam əməl olunur:
"Karantin qaydaları qoyulub və onlara əməl edilir. Valideynlərlə görüşlərin, məzuniyyətin dayandırılması mövcud virusa qarşı ən qoruyucu addımdır. Belə təhlükələr yarananda ilk növbədə orduda ciddi qabaqlayıcı tədbirlər görülür. Ordu qapalı yerdir, burada bütün əmrlər müzakirəsiz yerinə yetirilir. Ona görə də koronavirusa və digər yoluxucu xəstəliklərə qarşı verilən bütün tapşırıqlar sözsüz icra olunur və bu da bu gün öz müsbət təsirini göstərir. Mülki qurumlardan fərqli olaraq orada zəruri tədbirləri görmək daha asandır. Çünki kənardan da təmaslar rahatlıqla kəsilir. Tibb xidməti də yerindəcə hərbi qulluqçuların vəziyyətini yoxlayır, daim nəzarətdə saxlayır. Hazırda tibb məntəqələri, tibbi heyət, hospitallar tam təminatlıdır. Ordunun öz dezinfeksiya bölmələri mövcuddur ki, oranın heyəti daimi olaraq öz yerlərində xidmət aparır və təyinat üzrə fəaliyyət göstərir. Başqa sözlə, kənardan müdaxilə minimuma endirilib. Ona görə də bu gün tam əminliklə deyə bilərəm ki, orduda dezinfeksiya işləri daha asan formada həyata keçirilir və hər hansısa problem ola bilməz".