Vaksinasiya növbəsi uşaqlara çatdı? – “İlkin mərhələdə 15 yaşdan 18 yaşadək...”
12:27 / 24.06.2021
1949
Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı
(ÜST) ilk dəfə uşaqların koronavirusdan peyvənd olunması zəruriliyini etiraf
edib. Bildirilib ki, uşaqlar COVID-19 riski olan qrupda deyilsə, peyvənd
kampaniyası tədricən olmalıdır.
Maraqlıdır, Azərbaycanda uşaqların vaksinasiyasına
start verilə bilərmi?
Məsələ ilə bağlı Sfera.az-a danışan Azərbaycan Tibb
Universitetinin müəllimi, cərrah Rauf Qasımov tədricən bu prosesin Azərbaycanda
da başlayacağını bildirib:
"Təbii olaraq, ilk növbədə 18 yaşdan yuxarı şəxslərin
peyvəndlənməsi aparılmalıdır. Bu proses tamamlandıqdan sonra uşaqlara da
koronavirus əleyhinə peyvənd vurdurmaq olar. ABŞ-da da artıq uşaqların peyvəndlənməsinə
start verilib. Yəqin ki, Azərbaycanda da 18 yaşdan yuxarı hər kəs vaksinasiya mərhələsindən
keçdikdən sonra növbə uşaqlara çatacaq".
Ekspert hesab edir ki, ilkin mərhələdə 15 yaşdan 18
yaşadək uşaqlar peyvənd olunacaq, daha sonra azyaşlılar: "Peyvəndin məqsədi odur
ki, bədəndə immunitet formalaşsın. Düzdür, uşaqlarda immunitet var, lakin onlar
yoluxdurucu hesab edilirlər. Bu baxımdan uşaqların da peyvənd olunması daha
yaxşıdır. Bəzi peyvəndlərdə xəstəliyə yoluxmamam imkanı 80 faizə qədərdir. Belə
peyvəndlərin uşaqlara tətbiqi yoluxma sayını azalda bilər".
Sfera.az