Vaksin Delta ştammından neçə faiz müdafiə edir? - İnfeksionistdən AÇIQLAMA

Vaksin Delta ştammından neçə faiz müdafiə edir? - İnfeksionistdən AÇIQLAMA
"COVİD-19-un Delta ştammının Cənubi Qafqazda yayılma ehtimalı çoxdur, çünki qonşu ölkələrdə də artıq bu ştamma yoluxanlar var. Digər tərəfdən dünyanın artıq 96 ölkəsində bu növ yayılmaqda davam edir”.

Bunu Sfera.az-a açıqlamasında tibb elmləri doktoru, infeksionist Vüqar Cavadzadə deyib. O vurğulayıb ki, Delta ştammı daha çox vaksinasiya olunmayan şəxslər arasında müşahidə edilir:

"Avropada ilkin nəticələrə əsasən, görünür ki, vaksinlərin hər iki dozasını qəbul edən şəxslərdə  Delta ştammına qarşı 80 faiz, bir doza vurduranlarda isə 30-33 faiz dözümlülük yaranır. Vaksinasiya prosesi Delta ştammının yayılmasının qarşısının alınmasında əhəmiyyətli dərəcədə gücə malikdir. Qaldı ki, Azərbaycana, "Delta"nın bura gəlib çıxma ehtimalı da var”.

Müsahibimiz yeni ştammın ölkəyə gələcəyi təqdirdə, görülməli işlərdən də söz açıb:

"Bu ştamm mutasiyaya uğrayıb, burada hər hansı başqa tədbirlər yoxdur. Yəni bu növün yayılmasının qarşısını almaq üçün elə koronavirusla mübarizədə görülən işlər davam etməlidir – maska taxmaq, sosial məsafə gözləmək, gigiyena qaydalarına əməl etmək, insanların çox toplaşdığı məkanlara getməmək və.s. kimi qeyri-spesifik profilaktik tədbirlərə əməl edilməlidir. Spesifik profilaktika da əhəmiyyətlidir. Yəni insanlar vaksinasiyadan geniş istifadə etməlidir ki, virus kütlə arasında yayılmasın”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR