“Uşaqların nitqində problem yaranacaq” – Psixoloq distant təhsilin zərərlərindən danışdı

“Uşaqların nitqində problem yaranacaq” – Psixoloq distant təhsilin zərərlərindən danışdı
"Uşaqlar arasında koronavirusdan ölüm halının qeydə alınması məktəblilərdə ölüm qorxusu yaradacaq”.
 
Bunu Sfera.az-a açıqlamasında "Dərya” Tədris Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Gülnar Orucova deyib. Psixoloq distant təhsilə keçidin tərəfdarı olmadığını da bildirib:

"Məktəb yaşlarında uşaqlar ölümü dərk etmədiyi üçün şüuraltıda bir sıra qorxular yarana bilir. Bu baxımdan uşaqların koronavirusdan ölməsi ilə bağlı xəbərlərin mediada işıqlandırılmasını istəməzdim. Bu vəziyyət məktəblilərdə dərsə həvəssizlik,  gərginlik, aqressiya yarada bilər. Distant təhsilin uşaqlara mənfi təsirləri çoxdur. Çünki bu cür təhsildə müəllim dayanmadan 2-3 saat ərzində uşaqlara dərs deyir və ənənəvi haldan fərqli olaraq uşaqlar istirahət edə bilmir. Bundan başqa telefonla daimi ünsiyyət gözə zərərdir”.
 
Psixoloq bəzi müəllimlərin distant təhsil zamanı aqressiv olduğunu, idarəçilikdə çətinliklər yaşadığını da diqqətə çatdırıb:

"Bundan sonra distant təhsil tətbiq olunacaqsa bunu fəsadlarını görəcəyik. Uşaqların nitqində problem yaranacaq, sosial bacarıqları zəifləyəcək. Yəni distant təhsil alan uşaq başqaları ilə ünsiyyət qurmaqda, dost tapmaqda problem yaşayacaq. Hər bir valideyn övladı ilə hər gün danışa, uzun vaxt keçirə bilmir. Buna görə də məktəbdə olmağın onlara xeyri çoxdur. Bundan əlavə bizim müəllimlərdə distant təhsil bacarıqları zəifdir, bəziləri aqressivdir. Artıq məktəblilərin də distant təhsilə marağı qalmayıb”.
 
Əzizə Zeynal 
 

OXŞAR XƏBƏRLƏR