\"Uşaqların əlinə 95%-li spirt vurmayın, onlara maska taxdırmayın\" - Professordan XƏBƏRDARLIQ
11:49 / 05.10.2021
507
Artıq bir neçə müddətdir ölkədə pandemiya ilə bağlı bir sıra məhdudiyyətlər ləğv olunub. Bu istiqamətdə zaman-zaman fikirlərin haçalandığını görürük. Bəziləri COVID-19-un yenidən alovlanacağını, xəstələnənlər içərisində uşaqlar və gənclərin üstünlük təşkil edəcəyini söyləyirlər. Hətta karantin tədbirlərinin mərhələli şəkildə sərtləşdiriləcəyinin gündəmdə olduğu iddia olunur.
Bununla bağlı Sfera.az-a açıqlama verən tibb elmləri doktoru, professor Musa Qəniyev qeyd edib ki, səsləndirilən fikirlər yanlışdır.
Mütəxəssis bildirib ki, böyüklərə xas olan əksər fizioloji, neyro-humoral, immun və reseptor mexanizmlər yalnız ikinci uşaqlıq yaş dövrünün sonu, yəni qızlarda 11 yaşdan, oğlanlarda isə 12 yaşdan sonra tam formalaşır və bəzi kənaraçıxmalar nəzərə alınmazsa, bu yaş qrupuna qədər uşaqların koronavirusa yoluxma, xüsusən də bu infeksiyanı ağır keçirmə ehtimalı yoxdur:
"Sözügedən yaş qrupunda olan uşaqların bağça və ya məktəbə getməsinə görə, heç bir narahatlıq və qorxu hissi keçirmək lazım deyil. Bu uşaqların əlinə 95%-li spirt vurmayın, onlara maska taxdırmayın. Sadəcə olaraq, adi gigiyenik vərdişlərə əməl etməyi onlara aşılayın və ən əsası, onların üzündən kimsənin öpməsinə icazə verməyin. Gənclik dövrünün tamamlandığı 19 yaşa qədər (11-12 yaşdan başlayaraq) COVID-19-un letallıq əmsalı 0,2%-dən 0,6%-ə qədərdir. Yəni hər 1000 nəfər xəstələnməyə 2-6 nəfərə qədər ölüm halı düşür. Bu faiz nisbəti də, bir qayda olaraq, irsi- genetik və ya ciddi ağır və müalicəyə dözümlülük göstərən xəstəliyi olan gənclərdir. Başqa sözlə desək, bu yaş qrupunda tamamilə sağlam olan yeniyetmə və gənclərdə letallıq faizi yalnız sıfrın üstündədir. Yəni adi gigiyenik vərdişlərə əməl olunarsa, koronavirus bu yaş qrupu üçün heç bir halda qorxulu deyil”.
M.Qəniyevin sözlərinə görə, peyvəndləmə ilə bağlı statistik rəqəmlərə əsasən, Azərbaycanda insanların 90 faizindən çoxunda kütləvi immun müqavimətin əmələ gəldiyini söyləmək olar:
"Digər tərəfdən, COVID-19-un orta inkubasiya dövrü 2-14 gündür. Lakin 90%-dən yuxarı hallarda, bu müddət cəmi 5,2 gün təşkil edir. Kütləvi insan kontaktının sentyabrın 29-dan, yəni ali məktəblərdə dərslərin başladığı gündən olduğunu nəzərə alsaq, COVID-19-un iddia olunan alovlanması iki gün əvvəldən, yəni oktyabrın 3-dən baş verməli idi. Halbuki, sentyabr ayının 29-u ilə müqayisədə (842 yoluxma halı) dünən, yəni 4 oktyabrda yoluxma halı 2,2 dəfə azalaraq 391 nəfər olub. Koronavirusun məlum inkubasiya dövrünü nəzərə alsaq, növbəti günlərdə yoluxma sayının arta biləcəyinin nə praktik, nə də heç bir elmi əsası yoxdur”.
Professor oktyabr, noyabr aylarında fəsli viral infeksiyaların artmasının isə təbii qanunauyğunluq olduğunu bildirib:
"Odur ki, bu il də həmin halın, aşağı faiz nisbətində də olsa, təkrarlanacağı qaçılmazdır. Bu səbəbdən də, növbəti iki ayda hər boğaz ağrısını, temperaturun yüksəlməsini, baş, oynaq, əzələ və qarın ağrısını COVID-19 hesab edib hissiyyata qapanmaq, stress, gərginlik və ruhi sarsıntıya düşmək, təyinatsız antiviral, hormonal və antibakterial dərman preparatlarını qəbul etmək düzgün deyil. Rentgen, xüsusən KT sevdasını birdəfəlik unutmaq lazımdır”.
Günay Rəsulqızı
Sfera.az