“Unutmuşdum, bir cüt ayaqqabı, bir neçə corab və alt paltarı da almışam”- Erkin Qədirli

“Unutmuşdum, bir cüt ayaqqabı, bir neçə corab və alt paltarı da almışam”- Erkin Qədirli

"Bundan öncə paylaşdığım yazıda (maliyyə hesabatında) unutduğum şeylər oldu, onları burada yazıram. Bildirim ki, heç bir bankda kreditim və ya depozitim yoxdur. Heç bir şirkətin səhmdarı deyiləm”.

Sfera.az xəbər verir ki, bunları millət vəkili Erkin Qədirli 5 aylıq maliyyə hesabatına əlavə olaraq deyib.  Qeyd edib ki, adına yalnız bir əmlak var, o da 2007-ci ilin buraxılışı olan "Toyota Corolla”dır (tiptronik):

"2007-ci ildə Toyota Mərkəzindən 3 illik kreditlə almışdım. Maşının qiyməti 20 min manat, ilkin ödəniş isə 2 min manat olub (10%). Krediti "Bank of Baku”dan götürmüşdüm, öz seçimim deyildi, Toyota onlarla işləyirdi. Krediti yanılmıramsa, 22%-lə almışdım (elə verirdilər). Maşınımı aldığım vaxt ayda 2 min 100 manat maaş alırdım, onu da qeyd edim ki, xarici layihədə çalışırdım. Maşın üçün aylıq ödənişim 700 manat olub. 2011-ci ildə krediti bağlamışam. Arada işsiz qaldığıma görə, maddi sıxıntılarım oldu, ona görə kredit ödənişlərim bir qədər yubandı”. 

Deputat bildirib ki, adına daşınmaz əmlak yoxdur:

"Ağlınıza korrupsiya sxemlərini gətirməyin. İş elə gətirib. Bunu izah etmək üçün gərək şəxsi həyatımla bağlı detallara girim, onu isə etmək istəmirəm. Bunun deputatlığımla əlaqəsi yoxdur. Bundan öncə paylaşdığım hesabatımda xərclərimlə bağlı suallar oldu (mənə göstərdilər). Şəxsi xərclərimin inandırıcı olmayan dərəcədə az olduğunu yazanlar olub. Güman ki, belə suallar məlumatsızlıqdan qaynaqlanır (başqa şeyi ağlıma gətirmək istəmirəm). Məlumatsızlığınızın mənbəyi də özüməm, çünki hesabatda bəzi şeyləri yazmamışam. Niyə yazmamışam? Çünki onlar maddi məlumatlar deyillər. Amma bir halda ki, sual verildi, şübhə oyandı, cavabımı yazım. Mən tək yaşayıram. 2014-cü ildə yoldaşımla boşandıq. Şəxsi ehtiyaclarım çox deyil, istəklərim ondan da azdır. Aylıq təxminən 4-5 manatlıq işıq sərfiyyatım olur. Yalnız oturduğum otağın işığını yandırıram, böyük lampaları işlətmirəm, qaranlığı sevirəm. Yalnız yay aylarında kondisionerə görə işıq xərclərim bir qədər artır. Qaz xərclərim lap azdır, çünki evdə nadir hallarda özümə nəsə bişirirəm. Yalnız qış aylarında kombi günə 1 manat yandırır. Onu da çox soyuq və güclü külək olanda işlədirəm, çünki soyuğu sevirəm. Ən sabit xərcim internetdir – ayda 18 manat. Telefonla çox az daşınıram, çünki telefonda danışmağı sevmirəm. Yemək xərclərim azdır. Geyim xərclərim isə lap azdır. Mühafizəkar olduğuma görə, şəxsi həyatımda yenilik arzulayan birisi deyiləm. Paltarı ancaq ehtiyacım yarananda, məsələn, cırılanda, söküləndə alıram. Deputat olandan bəri özümə yalnız iki köynək, kostyumla geyinmək üçün bir cüt ayaqqabı, kəmər, bir neçə cüt corab və altpaltarı almışam. Ayrıca, bundan öncə paylaşdığım hesabatda ancaq kartdan olan ödənişlərimi yazmışam. Mən ərzağa kartdan nadir hallarda pul xərcləyirəm. Əksər hallarda ərzağı evimin yanında olan kiçik dükanlardan nağd pulla alıram. Başqa nağd xərclərim də olur. Ümid edirəm, deputat olana qədər pulsuz yaşadığımı düşünmürsünüz və ona qədər çox olmasa da, bir az pul yığdığımı güman edə bilərsiniz. Ümumiyyətlə, harada və necə işlədiyimdən asılı olmayaraq, barəmda hər zaman çeşidli söz-söhbətlərin olduğunu bilmişəm. Nədənsə, çoxları aza qane olduğumu, rüşvət almadığımı və s. ağlına gətirmirdi. 12 il BDU-nun Hüquq fakültəsində dərs dedim, axıra qədər barəmdə "əşşi, bu da alır”, "ola bilməz ki, almasın”, "özünü sadə göstərir, amma yoxlasan, nə qədər pulu çıxar” sayağı dedi-qodu gəzdi. İlk illərdə bu, məni çox rahatsız edirdi. Sonra alışdım. Üstəlik, onsuz da əsas rəyi tələbələr verirdi, ondan isə çox rahat idim. 12 il ərzində üst-üstə minlərlə tələbəyə dərs dedim, birinin də rüşvət aldığımı söyləməyə əsası olmadı. İndi deputatam və eyni dedi-qoduların olduğunu görürəm. Yalnız, bu dəfə belə şeylər məni rahatsız etmir. Mən o psixoloji aşırımı çoxdan keçmişəm. Bunu da yazım, inanmasanız da olar. Kimsəni inandırmaq kimi bir məqsədim yoxdur. İstəklərimin çox az olduğunu yuxarıda yazmışam. Məsələ ondadır ki, həyatda istədiyim şeylərin çoxunu pulla almaq olmur. Ona görə də pul mənim üçün heç zaman məqsəd və ya motiv olmayıb. Bir deyimdə olduğu kimi, pulla çarpayı ala bilərsiniz, amma yuxu ala bilməyəcəksiniz. Mən belə yaşayıram”.

Xatırladaq ki, millət vəkili ötən gün Qurban bayramına görə deputatlara verilən və sosial şəbəkələrdə müzakirəyə səbəb olan məsələ ilə bağlı açıqlama yayıb. O, xalq qarşısında 5 aylıq gəlirinin hesabatını verib və bildirib ki, mart-avqust aylarında (maaş + bayram payları + məzuniyyət haqqı) təxminən 20 min manat pul alıb. Ortalama, aya 3.3 min manat gəliri əldə edib və bunlar ancaq maaş hesabına olub.


OXŞAR XƏBƏRLƏR

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...

Xavi "Barselona"dan AYRILMAYACAQ - QƏRAR VERİLDİ

"Barselona"nın vitse-prezidenti Rafa Yuste kataloniyalı baş məşqçi Xavinin komandada qalacağını və klubla müqaviləsini uzadacağını açıqlayıb. &nbs...

"Avropanın ən güclü adamı” uğurunun sirrini AÇIQLADI

"Avropanın ən güclü adamı” adını qazanan şotlandiyalı ağır atlet uğurunun sirrini açıqlayıb.    Sfera.az xəbər verir ki, bu barədə &q...