Unibank gücləndirilmiş iş rejiminə keçib
18:30 / 29.11.2019
7288
"Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə
tədbirlər haqqında” Prezident fərmanının restrukturizasiya hissəsini daha sürətli və keyfiyyətlə
icra etmək məqsədilə, Unibank filialları gücləndirilmiş iş rejiminə keçib. Bu həftədən etibarən
bankın bir çox filialları şənbə günləri uzadılmış iş rejiminə keçməklə yanaşı, bazar günləri də
müştərilərə xidmət edəcək. Şənbə günü "Sumqayıt”, "Dərnəgül” filialları, "Aquapark” məntəqəsi
(Bankın baş idarəsinin yanı) və Region filialları Unibank müştərilərinin xidmətində olacaq.
Filiallar səhər saat 10.00-dan 14.00-dək adi iş rejimində, 14.00-18.00-da isə yalnız
restrukturizasiya ilə bağlı xidmət göstərəcək.
Problemli kreditlərini restrukturizasiya etmək istəyən müştərilər, bazar günləri də saat 10:00-dan
18:00-dək "Unibank”ın "Sumqayıt”, "Dərnəgül” filialları, "Aquapark” məntəqəsi və Region
filiallarına müraciət edə bilərlər. Bu filiallar gün ərzində müştərilərə xidmət edəcək.
Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər
haqqında” Prezident fərmanınına əsasən, borcun valyutasından asılı olmayaraq, 1 yanvar 2012-
ci il tarixindən 28 fevral 2019-cu il tarixinədək bağlanmış kredit müqavilələri üzrə 360 gündən
çox gecikdirilmiş və borcu 17 000 AZN-dən az olan kreditlərin restrukturizasiyası nəzərdə
tutulur. Restrukturizasiya edilən yeni kreditlər müştərilərə çox güzəştli şərtlərlə - 5 il müddətinə
və illik cəmi 1%-lə verilir. Birinci il ərzində müştəri yalnız faiz borcunu ödəyir. 13-cü aydan
başlayaraq isə həm əsas borc və həm də faiz borcu üzrə aylıq ödənişlər edilir. Restrukturizasiya
prosesi nəticəsində müştəriyə hesablanmış bütün cərimə və faiz borcları silinir, müştərinin aylıq
kredit ödənişi 3-4 dəfəyədək azalır və kredit tarixçəsi müsbətə dəyişir.
Qeyd edək ki, Prezident fərmanına uyğun olaraq, Unibank müştərilərinin bir hissəsinin kreditləri
artıq restrukturizasiya edilib.
Restrukturizasiya prosesinin bitməsinə cəmi 1 ay qalıb. Unibank, fərmanın əhatə etdiyi bütün
müştərilərini tezliklə bank filiallarına yaxınlaşaraq, kreditlərini restrukturizasiya etməyə çağırır.