Ukraynada müharibə təhlükəsi artır - Türkiyə də prosesə qoşula bilər
11:10 / 06.12.2021
787
"Son günlər Ukrayna ətrafında vəziyyətin
gərginləşməsi ilə bağlı beynəlxalq mediada yayılan informasiyaların ardı-arası
kəsilmir. Hətta ABŞ kəşfiyyatının sonuncu informasiyasında bildirilir ki,
Rusiya 175 minlik qoşunla Ukraynaya hücum etməyə hazırlaşır".
Sfera.az xəbər verir ki, bunu siyasi ekspert
Samir Hümbətov bildirib. S. Hümbətovun fikrincə, yayılan bu
informasiyanın bir neçə səbəbi ola bilər:
"Birinci səbəb, qəsdən regionda gərginliyi
artırmaq və Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etməklə bağlıdır. İkinci səbəb, Rusiyanın həqiqətən belə bir
fikri var və bu barədə ABŞ kəşfiyyatına Rusiya Müdafiə Nazirliyi daxilindən məlumat
sızdırılıb və ABŞ da bunu yaymaqla Rusiyaya niyyətindən xəbərdar olduğu
mesajını verir.
Üçüncü səbəb, həm Qərb cəbhəsi, həm də Rusiya
qəsdən məsələ ətrafında gərginliyi artırmaqla mesaj vermək istəyirlər ki,
müharibə olarsa, Ukrayna hərbi poliqona çevrilə bilər. Rusiya daxilində
iqtisadi vəziyyətin ağırlaşması və COVİD-19 pandemiyasının yaratdığı ciddi
iqtisadi fəsadlar da onu bu məsələdə tələsik qərar verməməyə vadar edir”.
Siyasi ekspert xatırladıb ki, Rusiya Müdafiə
Nazirliyindəki genral heyətində xeyli sayda Ukrayna əsilli generalların olması
da məsələnin digər önəmli tərəflərindən hesab edilə bilər.
"Baş verənlərə görə bədbinliyə qapılmağa
ehtiyac olduğunu düşünmürəm. Təbii ki, bunun bir neçə səbəbi var və bunu həm
Rusiya, həm də Qərb nöqteyi-nəzərindən də dəyərləndirmək mümkündür. Əgər düşünsək
ki, Rusiya Ukraynaya hücum etmək istəyir, o zaman Rusiya tərəfi yaxşı başa
düşür ki, ona qarşı baş verə biləcək proseslər arasında sanksiyaların tətbiqi
qaçılmaz olacaq. Eyni zamanda, ABŞ-ın başçılığı ilə NATO bloku da prosesə
qoşular ki, bu da ya 3-cü Dünya müharibəsi, ya da Rusiyanın parçalanması ilə nəticələnə
bilər.
İki il ərzində Ukrayna ilə hərbi sahədə ciddi əməkdaşlıq
edən Türkiyənin də müqaviləyə uyğun olaraq müharibəyə qoşulmasına gətirib
çıxara bilər ki, bu da regional və qlobal səviyyədə qarşısıalınmaz fəlakət deməkdir.
Eyni zamanda uzun illərdir Qərbin gözlədiyi arzu gerçəkləşə bilər”.
Siyasi ekspertin fikrincə, Ukraynaya hücum
planı bilinən və bilinməyən səbəblərə görə o qədər də inandırıcı görünmür. Amma
beynəlxalq vəziyyət tez dəyişir və hər an hər hansı hadisənin baş verməyəcəyinə
kimsə təminat verə bilməz.