UEFA \"Qarabağ\"ın şəhidlər və jurnalistlərlə bağlı istəyinə icazə verməyib

UEFA \
"Qarabağ" azarkeşləri İsrail "Aşdod"una qarşı UEFA Konfrans Liqasının ilk oyununda Milli Qəhrəman Allahverdi Bağırov və "İmarət" fan-klubunun Vətən müharibəsində şəhid olmuş üzvü Məhəmmədəli İbrahimlinin şəkillərini açmaq istəyiblər.

Bu barədə Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. Onun sözlərinə görə, fanatlar hələ matçdan öncə kluba bununla bağlı müraciət ediblər.

Abbaszadə bildirib ki, bundan sonra dərhal UEFA-ya məktub yazsalar da, mənfi cavab alıblar: "Quruma şəkil nümunələri və onlar haqqında informasiya göndərdik ki, kim olduqları bilinsin. Bir müddət sonra bizə cavab gəldi ki, həmin şəxslər haqqında daha ətraflı məlumat lazımdır. Biz də buna uyğun olaraq, onların komandamıza birbaşa bağlı olduqlarını yazılı şəkildə bəyan etdik. Belarusdan olan UEFA nümayəndəsi İlona Tkaç oyun ərzində cavab gələcəyini və müsbət cavaba ümid etdiyini dilə gətirdi. Son anadək gözlədik. Matçın startına 10 dəqiqə qalmışadək UEFA nümayəndəsinin yanından ayrılmadım, onu addımbaaddım izlədim. Hətta mənim telefonumdan İsveçrəyə zəng vurdu. Təəssüf ki, cavab mənfi oldu. Nümayəndənin dediyinə görə, UEFA hesab edir ki, bu şəkillərin futbola bağlılığı yoxdur. Son anadək əlimizdən gələni etsək də, icazə verilmədi".

Klub rəsmisi deyib ki, UEFA "Qarabağ"ın jurnalistlərlə bağlı istəyinə də qarşı çıxıb: "Hətta Milli Mətbuat Günü ilə bağlı UEFA-ya bir neçə gün öncə məktub yazmışdıq ki, jurnalistlərə təbrik mesajı ilə meydana çıxmaq arzulayırıq. Buna da icazə vermədilər. Nəticədə plakatı media sektorunda açmalı olduq".

Qeyd edək ki, "Qarabağ" - "Aşdod" oyunu qolsuz heç-heçə ilə başa çatıb. // "Report"


OXŞAR XƏBƏRLƏR