Türkiyəli ermənilər Xocalıda baxça tikdirir
Türkiyədə yaşayan erməni iş adamlarının Xocalı şəhərində 90 uşaq üçün nəzərdə tutulan uşaq bağçasının tikintisini maliyyələşdirməsi haqda yayılmış xəbərlər əsassızdır.
Axar.azxəbər verir ki, bu barədə Türkiyədə yaşayan azərbaycanlı yazıçı Şəbnəm Qarslı qeyd edib.
O, xəbərdə adı keçən şəxslərin - Nisan Devecyan, Boqhos Ekserciyan və Krikor Şimşiroğlunun Argentina erməniləri olduğunu, Argentinada Milli Erməni Fondunun rəhbəri kimi fəaliyyət göstərdiklərini bildirib.
Ş.Qarslı vurğulayıb ki, sözügedən şəxslərin Türkiyə ilə heç bir əlaqələri yoxdur və adı çəkilən fondun da Türkiyədə nümayəndəliyi mövcud deyil.
Bundan başqa, Türkiyə Sənayeçilər və İş adamları Birliyinin sədri Nihad Tanrıqulu və Türkiyədə yaşayan sabiq deputat Aqil Səmədbəylinin müraciət etdiyi türk rəsmiləri də adları çəkilən erməni əsilli iş adamlarının bu ölkədə yaşamadığını bildiriblər.
Qeyd edək ki, bir qədər əvvəl Xocalı şəhərində 90 uşaq üçün nəzərdə tutulan uşaq bağçasının tikintisini Türkiyədə yaşayan erməni iş adamlarının maliyyələşdirdiyi bildirilmişdi.