Türkiyə, Rusiya və Çin arasında YENİ RƏQABƏT: “Fransa da narahatdır”

Türkiyə, Rusiya və Çin arasında YENİ RƏQABƏT: “Fransa da narahatdır”
"Son zamanlar Afrika qitəsinin bütün dünyanın diqqət mərkəzində olduğu vaxtda Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın bu qitəyə səfəri Türkiyə və Afrika baxımından vacib əhəmiyyətə malikdir”.
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Samir Hümbətov Ərdoğanın 17-20 oktyabr tarixlərində üç Afrika ölkəsinə - Anqola, Toqo və Nigeriyaya səfərindən danışarkən deyib. O bildirib ki, uzun illərdir davam edən Türkiyə-Afrika əlaqələri Ərdoğanın Anqola, Toqo və Nigeriya etdiyi son səfərləri ilə yeni mərhələyə keçmiş olub:

"1998-ci ildən başlayaraq, Türkiyə tərəfindən "Afrika Fəaliyyət Planı” hazırlanıb və həyata keçirilməyə başlanıb. 2002-ci ildə Türkiyədə hakimiyyətin dəyişməsindən sonra Ərdoğanın başçılıq etdiyi AKP, hakimiyyətə gəldiyi ilk dövrlərdən Türkiyənin Afrika siyasətinə xüsusi diqqət yetirməyə başladı. 2005-ci ildə Türkiyədə "Afrika ili” elan edildi və bununla əlaqədar olaraq, Türkiyədə Afrika ölkələri ilə bağlı bir sıra tədbirlər keçirildi. 2008-ci ildə isə İstanbulda Türkiyə və Afrika dövlətləri arasında "Birinci Türkiyə-Afrika Ortaqlıq Zirvəsi” təşkil edilib. 2014-cü ilin noyabr ayında Ekvatorial Qvineyada baş tutan "İkinci Türkiyə-Afrika Ortaqlıq Zirvəsi” Türkiyə və Afrika əlaqələrinin sürətlə inkişafına ciddi təkan verdi. Tərəflər arasında "Üçüncü Türkiyə-Afrika Ortaqlıq Zirvəsi” 21-22 oktyabr 2021-ci ildə İstanbulda baş tutdu və bu zirvəyə 41 Afrika dövlətindən 450 nəfər qatıldı”.

Müsahibimiz qeyd edib ki, son illər Çin və Rusiyanın Afrikaya artan maraqları fonunda Türkiyənin Afrika siyasətində ciddi irəliləyişlər əldə etməsi qitədə güc balansının tarazlanmasına və Afrika dövlətlərinin hansısa dövlətin dominantlığı altına düşməkdən qurtulmasına şərait yaradacaq:

"Təbii ki, son illər həm Çin, həm də Rusiya Afrikada ciddi investisiyalar qoymaqdadır. Hətta 2017-ci ildə Rusiya Afrika dövlətlərinin 20 milyard dollar həcmində borcunu da silib. Çinin isə Afrika dövlətləri ilə 2020-ci ildə illik ticarət həcmi 200 milyard dollara çatıb. Afrika qitəsində getdikcə zəifləməkdə olan Fransa da, Türkiyənin Afrika dövlətləri ilə belə genişmiqyaslı əlaqələr qurmasından ciddi narahatlıq keçirir.  

Bugün Afrika dövlətlərinin əksəriyyətindən olan gənclər Türkiyə universitetlərində təqaüdlü təhsil alırlar. Bu isə Türkiyənin Afrika siyasətində yumşaq gücün təzahürü kimi qəbul edilə bilər. Ərdoğanın Afrika turu və İstanbulda təşkil edilən "Üçüncü Türkiyə-Afrika Ortaqlıq Zirvəsi” onu göstərdi ki, Türkiyə üçün Afrika böyük siyasi və strateji əhəmiyyətə malikdir. Eyni zamanda Afrika qitəsinin yaxın zamanlarda Türkiyə, Rusiya və Çin arasında yeni rəqabət meydanı olacağı gözləniləndir”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR