Türkiyə Ordusu Azərbaycanın yanında olacaq, hərbi əməliyyatları isə… - Açıqlama
"Qarabağda hərbi əməliyyat keçiriləcəksə, bunu Azərbaycan Ordusu reallaşdıracaq”.
Sfera.az-a açıqlamasında bu sözləri Türkiyə hərbçilərinin ölkəmizə gəlişi fonunda cəmiyyətdə qardaş ölkənin Dağlıq Qarabağda hərbi əməliyyatlara başlayacağı barədə rəyin formalaşmasına münasibət bildirərkən politoloq Natiq Miri deyib.
Politoloq qeyd etdi ki, hərbi əməliyyat olacaqsa, bunu Azərbaycan Ordusu reallaşdıracaq:
"Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Türkiyə Dağlıq Qarabağda niyə əməliyyata başlasın ki? Əməliyyat keçiriləcəksə, bunu Azərbaycan Ordusu etməlidir”.
N. Mirinin fikrincə, yalnız çəkindirici güc qismində Türkiyə Ordusu Azərbaycanın yanında olacaq:
"Aydın məsələdir ki, antiterror əməliyyatı keçirilən halda, bəzi geosiyasi təhlükələri aradan qaldırmaq üçün Türkiyə Azərbaycanın yanında olmalıdır və olacaq. Çünki, Türkiyə Ordusu regionda artıq çəkindirici gücdür və Ankaranın bu prosesdə yer alması təbii ki, digər region dövlətləri üçün çəkindirici amil olacaq. Məsələ bundan ibarətdir.
Ancaq Azərbaycanın torpaqları azad etmək işinə xarici müdaxilələr olarsa, Rusiya, İran kimi İrəvana havadarlıq edənlər prosesə müdaxilə edərsə, təbii ki, Türkiyə sırf bu istiqamətdə hərəkətə keçəcək və ordumuzla yan-yana duracaq. Bunun üçün də hüquqi zəmin lazımdır”.
Politoloq düşünür ki, Türkiyənin bütün ordu rəhbərliyinin Azərbaycana gəlişinin əsas məqsədi sadəcə təlimləri müşahidə etmək deyil, məhz bu sənədi razılaşdırıb, ratifikasiya etməkdən ibarətdir:
"Söhbət hərbi siyasi cəhətdən strateji tərəfdaşlıqdan, strateji müttəfiqliyə doğru atılacaq addımlardan gedir. Bundan sonra Azərbaycanda Türkiyə hərbi bazasının yerləşdirilməsi məsələsi söhbət predmeti ola bilər.
Elçin