“Türkdilli dövlətlərin birgə hərbi təlimləri keçirilə bilər” - Açıqlama

“Türkdilli dövlətlərin birgə hərbi təlimləri keçirilə bilər” - Açıqlama
"Azərbaycan Qazaxıstanla inteqrasiyanı gücləndirməlidir”.

Sfera.az xəbər verir ki, bunu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu özünün sosial şəbəkə hesabında yazıb.

Həmsöhbətimizin fikrincə, Azərbaycan və Qazaxıstan prezidentlərinin telefon danışığına ehtiyac var idi: "Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlətlərin liderlərinə zəng edərək Azərbaycanla sərhəddə baş verənlər haqqında yanlış məlumatlar verir.  Azərbaycan Ermənistanla sərhədlərini müəyyənləşdirir. Nikol Paşinyan isə bunu belə izah etməyə çalışır ki, guya Azərbaycan hərbçiləri Ermənistan ərazisinə daxil olur və buna görə də guya KTMT-yə üzv olan dövlətlər Ermənistanı müdafiə etməlidirlər. Paşinyan quruma üzv olan Qazaxıstana da zəng edib. Ancaq Qazaxıstan prezidenti daha sonra Azərbaycan prezidenti ilə də telefonla danışıb və mövcud durum barədə hərtərəfli məlumat əldə edib. Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib”.

Politoloq qeyd edib ki, Azərbaycan və Qazaxıstan siyasi, iqtisadi və hərbi əməkdaşlığın inkişafında maraqlı olmalıdırlar. Onun fikrincə, bu əməkdaşlıqda xüsusən də hərbi sahəyə daha çox diqqət ayrılmalıdır:  "Qazaxıstanın istehsal etdiyi hərbi texnikanı bir sıra dövlətlər alır. Türkiyənin özü də Qazaxıstanla hərbi texnikanın birgə istehsalına maraq göstərir. Azərbaycan həm Qazaxıstandan müasir hərbi texnika ala bilər, həm də onun birgə istehsalını reallaşdıra bilər”.

E.Şahinoğlu düşünür ki, Azərbaycan ikitərəfli əməkdaşlıqla yanaşı, Qazaxıstanla türk dünyasına inteqrasiya çərçivəsində də əməkdaşlığı genişləndirməlidir: "Azərbaycanın müharibədə qələbəsindən sonra türkdilli dövlətlərin Türkiyə ilə siyasi və hərbi inteqrasiyası güclənib. Azərbaycandan sonra Qazaxıstan və Özbəkistan da Türkiyə ilə birgə hərbi təlimlər keçirib”.

Politoloq gələcəkdə türkdilli dövlətlərin birgə hərbi təlimlərinin keçirilməsini də mümkün hesab edir: "Digər tərəfdən Qarabağın yenidən qurulması, inşaat və infrastuktur çalışmalarına Qazaxıstanın cəlb olunması da xeyrimizədir.  Bir sözlə, Azərbaycan, Türkiyə və Qazaxıstan Türk Şurasının siyasi, iqtisadi və hərbi inteqrasiyasının gücləndirilməsində lokolomiv rolunu oynaya bilərlər”.

Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR