“Türk Hava Yolları”nda insident

“Türk Hava Yolları”nda insident
Sərnişin İlqar Fərmanov: "Mənə dəyən zərəri ödəmək istəmirlər”

Eyyub Hüseynov: "Bu, istehlakçı hüquqlarının pozulmasıdır”

Bakı şəhər sakini İlqar Fərmanov Türk Hava Yoları ilə problem yaşayır. O, Azad İstehlakçılar Birliyi Eyyub Hüseynova yazdığı məktubunda bunu geniş izah edib. Həmin məktubu o, öz sosial şəbəkə hesabında paylaşıb.
 
Məktubda deyilir ki, bu ilin mart ayının 3-də o-İlqar Kərim oğlu Fərmanov Türk Hava Yollarına məxsus reyslə İstanbuldan Bakıya gəlib. Əşyalarını alanda ailəsinə məxsus dəyəri 1000 manata çatan uşaq arabasının sındığını görüb. U haqda THY-nin hava limanındakı nümayəndəsinə məlumat verib. Nümayəndə isə onu THY-nin Bakı ofisinə yönləndirib. Ertəsi gün İlqar Fərmanov belə də edib. Ancaq THY Bakı ofisinin Vüqar adlı əməkdaşı sənədləri, sınmış uşaq arabasının şəkillərini tələb edib. Müraciət yazılmasını istəyib. İlqar Fərmanov deyilənləri edib. Bir gün sonra müştəriyə məlumat verilib ki, araba təmir oluna bilər. İlqar Fərmanov deyir ki, araba Chicco firmasının istehsalıdır, sınmış detallar plastmasdan hazırlanıb, bir hissəsi açılıb bağlanandır: "Buna görə də arabanın Bakıda təmir olunması mümkünsüzdür; bu haqda Chicco mağazasının əməkdaşlarından müvafiq məlumat da alınıb. Chicco markasının Azərbaycanda təmir xidməti yoxdur. Mən dərhal bu barədə Türk Hava Yollarının Bakı ofisini məlumatlandırdım. Eyni zamanda mənə göndərilmiş məktuba rəsmi olaraq cavab verdim. Bildiridim ki, sındırılmış arabanın Bakıda təmiri mümkün deyil və söhbət usaq arabasından getdiyindən xahiş etdim ki, bu problemi tez bir zamanda həll etsinlər. Öz növbəmdə Bakıdakı Chicco mağazasından eyni markalı arabanın bugünə olan dəyəri barəsində rəsmi (möhürlü) yazılı məlumatı onlara təqdim elədim. Lakin uzun müddət keçməsinə baxmayaraq Türk Hava Yolları arabanı nə təmir, nə də yenisi ilə əvəz edir. Kompensasiya da ödənilmir. Bu müddət ərzində Türk Hava Yollarına 4 mail göndərmişəm, "qaynar xətt”ə 9 dəfə, yük bölümü şöbəsinə 6 dəfə müraciət etmişəm (onlar da öz növbəsinda problemin həlli yolunda 6 mail göndəriblər). İki dəfə rəsmi şikayət vermişəm. Hər gün Türk Hava Yollarının Baki ofisinin əməkdaşı Vüqarla danışıram. Bütün bunlara baxmayaraq, Türk Hava Yolları problemin həlli yolunda heç bir addım atmır. Mən hətta onlara sual verdim: "Əgər sizin təyyarənizin bir hissəsini mən sindirsaydim, onda necə olacaqdi? Niyə siz mənim əmlakımı sindırmısız, amma nə təmir edirsiz, nə də pulunı verirsiz?”

İlqar Frmanov ona dəyən 999 manat məbləğində zərərin ödənilməsində Azad İstehlakçılar Birliyindən kömək istəyib.

İlqar Fərmanov bizimyol.info saytının əməkdaşı ilə söhbətində Azərbaycanda bu işlərə məsul olan rəsmi qurumlardan da şikayət etdi: "Bu məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi ilə qırx dəqiqə danışdım. Bütün şöbələrin nömrələrin mənə veriblər. Bu nömrələrə zəng edərək problemimi söyləmişəm. Axırda mənə cavabları nə olsa yaxşıdı?! "Biz bu işə baxmırıq” dedilər. Onda bu Nazirlik nəyə görə qeydiyyatdan keçmiş şirkətin istehlakçının hüququnu pozmağına göz yumur?! Mənim uşağım ay yarımdır arabasından istifadə edə bilmir. Bu cür havada mən onu bayıra çıxara bilmirəm. THY-nın isə heç nə vecinə deyil. Mənə kobud şəkildə reaksiya verirlər ki, uşaq arabası təmir oluna bilər və dəyəri 999 AZN deyil. Mən isə bütün məlumatları vermişəm. Qiymətinə kimi göndərmişəm. Axı bu araba Azərbaycanda təmir olunmur , oluna da bilməz. Sınan hissələr plastik işləyən mexanizmlərdir. Maşın deyil ki, təmir olunsun. Mənə 100 dollar məbləğində kompensasiya təklif edirlər. Deyirlər: "Götürün, məsələni şişirtməyin”. Həmin Vüqar adlı əməkdaş deyir ki, onun buna bir səlahiyyəti yoxdur, guya Türkiyədən cavab gəlməlidir. Bizə uşaqla arabada düz qapıya qədər icazə verirlər. Təyyarəyə minəndən sonra isə baqaj bölməsinə qoydular. Sınan hissəsi isə hərəkət edən hissəsidir. Həmin model hazırda Chicco mağazasında 999 AZN-dir. Gərək 100 dolların üstünə 470 dollar da qoyub yenisini alam. Nəyə görə?! Mən tam biletin pulun vermişəm və onların təyyarəsinə də ziyan vurmamışam. Niyə mənim əmlakıma ziyan vururlar?! Mən Türkiyə ilə yazışmamda yazdım ki, mənim hüquqlarımı pozmusunuz. Bu özü də uşaq arabasıdır. Bunun həm mənəvi, həm də maddi tərəfi var. Onlarla yazışmam da var. Yazırlar ki, biz 100 dollardan artıq pul verə bilmirik. İngilis dilində yazışmalar gedib. Bununla bağlı axı akt yazılıb, report olunub, bu hadisə ilə bağlı iş açılıb. Onun üzərindən də birbaşa Türkiyə ilə yazışmalar gedir2.

Azad İstehlakçılar Birliyi Cənab Eyyub Hüseynov məsələ ilə bağlı bizimyol.info saytına bunları ded: "Hava yollarında vətəndaşların əşyaların daşınmasında böyük problemlər var. Elə təyyarəyə oturanda, ən müxtəlif hava yollarında əşyaların necə yüklənməsinə baxanda insanın ürəyi ağrıyır; necə gəldi atırlar, əzirlər. Dəfələrlə bunun şahidi oluruq”.

Eyyub Hüseynov Azad İstehlakçılar Birliyinə bu barədə çox şikayət daxil oluğunu vurğuladı: ”İllər öncə Azərbaycanın məşhur bir memarı Amerikadan kubok qazanmışdı. Onu gətirəndə hava yollarında sındırmışdılar. Vətəndaş tələb edirdi ki, bu, onun adına olan yeganə kubokdur. Biz çox uzun məhkəmə çəkişməsindəm sonra onun analoqunu düzəltdirilib verilməsinə nail olduq. Bu son gələn uşaq arabasının sınması ilə oxşar hallarla bağlı ildə bir neçə şikayət bizə gəlir. Bu, istehlakçı hüquqlarının pozulmasıdır və istehlakçı hüquqlarına əhəmiyyət verilməməsidir. Belə halda, əlbəttə, istehlakçının hüququ var ki, malın təzəsini, yaxud da təmir olunmasını tələb etsin. Belə məsələlərdə istehlakçılar diqqətli olmalıdırlar”.

Eyyub Hüseynov dedi ki, artıq İqtisadiyyat Nazirliyinə rəsmi məktub göndərilib: "Dövlət orqanının müdaxilə etməsini gözləyirik. Çox təəssüflər olsun ki, Türk Hava Yolları ilə danışığımız problemi həll etmədi. Mən onu da deyim ki, THY bu məsələdə yox, başqa məsələlərdə daha diqqətli olub; özümün əl çamadanım Braziliyaya THY –nın günahından 2 gün gec gəlmişdi. Mən THY-dan 150 dollar kompensasiya və Parisə havayı üçmaq üçün bilet aldım. Belə müsbət halları da var. AZAL-la bağlı konkret şikayət daxil olmayıb. Bu uşaq arabasına gəkincə, İqtisadiyyat Nazirliyindən cavab gözləyirəm”.

THY –dan Vüqar adlı şəxlə əlaqə saxlasaq da, açıqlama vermə səlahiyyəti olmadığını dedi. "Siz marketinq şöbəsindən Fikrət bəylə əlaqə saxlayın”. Verilən nömrə ilə əlaqə saxlasaq da, cavab ala bilmədik.







OXŞAR XƏBƏRLƏR