Tiflis Bakı ilə İrəvan arasında vasitəçi olmaq istəyir - ŞƏRH

Tiflis Bakı ilə İrəvan arasında vasitəçi olmaq istəyir - ŞƏRH
Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliyanın eyni gündə həm Azərbaycanın, həm də Ermənistanın bu ölkədəki səfirləri ilə ayrılıqda görüşməsi diqqət mərkəzindədir. 
 
Belə ki, Darsaliya öncə Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüşdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib. Ardınca Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyanla görüşdə də anoloji məsələlər müzakirə predmeti olub.

Bu görüşlər fonunda belə fikirlər səslənir ki, həmin təmaslarda Tiflisin məqsədi Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq istəyindən qaynaqlanır.
 
Maraqlıdır, Tiflisin vasitəçilik missiyasına iddialı olması hansı məqsədləri güdür?
 
Ehtimallardan biri kimi bu səslənir ki, Gürcüstanın sözügedən fəallığının arxasında Qərb dayanır. Bildiyimiz kimi, Qarabağ müharibəsi fonunda bölgədə əsas sahibi rolu birmənalı olaraq Rusiya və Türkiyənin əlinə keçib. Qərb Qarabağ probleminin tənzimlənməsində iştirakdan bir növ  kənara atılıb. Lakin bu heç də o anlama gəlmir ki, Qərb mövcud vəziyyətlə barışıb. 
 
İndiki situasiyada ABŞ başda olmaqla Qərb dünyası müxtəlif variantlardan istifadə etməklə bölgədə yenidən nüfuz qazanmağa çalışır. Mövcud durumda ən yaxşı variant isə münaqişə tərəflərini, konkret misalda isə Bakı ilə İrəvanı barışdırmaqdır. Görünür, Qərb bu xüsusda Tiflisi önə çıxarmaqla həmin missiyanı məhz  bu ölkə vasitəsilə gerçəkləşdirmək niyyətindədir. Buna nail olmaqla Qərb uzun illərdir gündəmdə saxladığı "Qafqaz Evi” ideyasını nəhayət  reallaşdırmaq qərarındadır.

Amma Tiflis vasitəçilik missiyasından özünün müəyyən problemlərini həll etmək üçün də yararlana bilər. Gürcüstanın bir sıra bölgələrində azərbaycanlı və ermənilər kompakt yaşayır. Bəzi xarici qüvvələr həmin məqamdan istifadə edərək Gürcüstanı zəiflətmək, onu öz təsir dairəsinə salmaq üçün ara-sıra həmin xalqlar arasında ədavət toxumu səpməklə məşğuldurlar. Bunu yaxınlarda Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) parlamentə təqdim etdiyi illik hesabatından da görmək olar.
 
Həmin hesabatda göstərilir ki, bəzi maraqlı qruplar azərbaycanlılarla ermənilər arasında gərginlik yaradaraq dinc mühitə zərər vurmağa çalışıblar. Belə vəziyyət isə Gürcüstanın maraqlarına cavab vermir. Buradan görünür ki, Tiflis Bakı ilə İrəvan arasında dialoqda vasitəçi olmaqla həm də öz ölkəsində yaşayan milli azlıqlar arasında bəzi qüvvələr tərəfindən qızışdırılan ədavəti söndürməyi, barışdırıcı mühit yaratmağı  düşünür.
 
Digər tərəfdən, Tiflis vasitəçi rolunda çıxış etməklə özünün bölgədəki nüfuzunu yüksəltmək niyyətindədir.  Belə ki, onun bu istiqamətdə atdığı addımın uğurları istər-istəməz Gürcüstanın  mövqeyini gücləndirə bilər. 
 
Elçin
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR