“The Washington Post”: “Sosial şəbəkələrdə İlham Əliyevə güclü inam vardı, müxalifət də ona dəstək verdi”

“The Washington Post”: “Sosial şəbəkələrdə İlham Əliyevə güclü inam vardı, müxalifət də ona dəstək verdi”
 "Siyasi təcrübəsi az olan Paşinyanın Şuşadakı rəqsi münasibətləri gərginləşdirdi”

"The Washington Post” qəzeti Dağlıq Qarabağ savaşı zamanı Azərbaycan və Ermənistan vətəndaşlarının sosial şəbəkələrdəki fəaliyyəti ilə bağlı geniş təhlil yazısı təqdim edib. Vaşinqton Universitetinin kommunikasiya üzrə dosenti Katy Pearce-in (@katypearce) qələmə aldığı "While Armenia and Azerbaijan fought over Nagorno-Karabakh, their citizens battled on sosial media” ("Ermənistan və Azərbaycan Dağlıq Qarabağ uğrunda savaşarkən, bu ölkələrin vətəndaşları sosial mediada vuruşdu") adlı məqalədə deyilir ki, 44 günlük müharibə atəşkəslə sona çatdı. Ermənistan 1990-cı illərdə ələ keçirdiyi torpaqları Azərbaycana geri verməli oldu. Bu isə Ermənistanın baş naziri Nikol Paşinyanın erməni xalqı arasındakı nüfuzuna ciddi zərbə vurdu. 

"Bu ilki qısa müharibə zamanı erməni və azərbaycanlıların həyatında sosial media əhəmiyyətli rol oynadı. Qlobal olaraq insanlar hərbi əməliyyatların gedişini izləyə, pilotsuz uçaqların hədəfə endirdiyi zərbəni görə bilərdilər. Səlahiyyətli şəxslərin açıqlamalarına verilən cavablar gecikmirdi, hadisələrin qızğın müzakirələri başlayırdı. Bütün bu fəaliyyət liderlər tərəfindən yaxından izlənirdi və ictimai rəyə təsir göstərmək üçün müvafiq addımlar atılırdı”, məqalədə belə deyilir.

Müəllif o fikirdədir ki, Ermənistanın liderləri uzun müddətdir, xüsusən baş nazir Paşinyanı hakimiyyətə gətirən 2018-ci il demokratik inqilabında aktiv və əlçatan olub. Ancaq Paşinyanın sosial mediaya biganə yanaşması müharibə ilə bağlı verilən xəbərlərdə dolaşıqlıq yaratdı. Ermənistan rəhbərlərinin sosial media üzərindən yayılan statusları bəzi hallarda dezinformasiyaya gətirib çıxarırdı. Çünki ortada koordinasiya çatışmazlığı vardı. Yəni, Ermənistan rəhbərliyi sosial şəbəkədə sinxron işləyə bilmirdi.

Azərbaycan rəhbərliyi bütün altı həftəlik müddət ərzində vətəndaşların sosial media platformalarına girişini dayandırdı və ya İnternetə girişin sürətini aşağı saldı və bunu "genişmiqyaslı erməni təxribatlarının qarşısını almaq üçün” etdiyini bildirdi. Ancaq təcrübəli istifadəçilər bu kimi məhdudiyyətləri aşmaq üçün VPN-dən istifadə etdilər.

Katy Pearce maraqlı bir nüansa diqqət edir. Müəllif yazır ki, əvvəllər Azərbaycan rəsmiləri sosial mediadan daha çox formal olaraq istifadə edirdilər. Bu və ya digər məsələlərlə bağlı Instagram və TikTok kimi platformalar üzərindən də müəyyən məlumatlar yayılırdı. Altı həftəlik müharibə zamanı Azərbaycan rəsmiləri sosial şəbəkələrin verdiyi üstünlüklərdən məharətlə yararlandı və insanlarla daha yaxından əlaqə qurdu. Onlar sosial platformanın verdiyi üstünlükləri daha yaxşı başa düşdüklərini nümayiş etdirdilər.

Məqalədə vurğulanır ki, Azərbaycan hökuməti yalnız Twitteri blok etmədi və bu, platformanın daha çox istifadəsinə nəzərə çarpacaq dərəcədə təkan verdi. Prezident İlham Əliyev geri qaytarılan əraziləri elan etmək üçün Twitter-dən istifadə etdi.
Müəllif yazır ki, diqqətin niyə Azərbaycanda o qədər də populyar olmayan Twitter-ə yönəlməsinin səbəbi aydın deyil. Ortada müxtəlif izahlar var. Hətta bir analitik iddia edir ki, prezident Əliyev cənab Trampın Twitterdən yararlanmaqda əldə etdiyi uğur modelindən istifadəni məqbul sayıb.

"The Washington Post” Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın Dağlıq Qarabağ üzrə keçmiş müşaviri Jirair Libaridianın fikirlərinə də yer verib. Tarixçi professor qeyd edib ki, hər iki ölkənin həm hökumətləri, həm də xalqları "daxili istifadə üçün nəzərdə tutulan ritorikaya" üstünlük verib, populist və ekstremist çıxışlarla qarşılıqlı güzəştə hazır olmadıqlarına haqq qazandırmağa çalışıblar. Xüsusən Paşinyanın siyasi təcrübəsizliyi münaqişəni daha da alovlandırıb. Bir nümunə, bəzi analitiklərə görə, azərbaycanlılar üçün mədəni mərkəz baxımından xüsusi məna daşıyan bir şəhərdə (Şuşa) baş tutan tədbirdə Paşinyanın rəqs etməsi tərəflər arasındakı münasibətlərə əlavə gərginlik gətirib.

Katy Pearce iddia edir ki, keçmiş SSRİ məkanında yanlış məlumatların yayılması adi haldır. Ancaq müharibə zamanı qəsdən dezinformasiyaların yayılması daha çox müşahidə olundu. Müharibə meydanında vəziyyət gərginləşdikcə ermənilər və azərbaycanlılar onların baxışları ilə üstü-üstə düşən məlumatlara yanlış olsa belə daha çox inanırdılar. Belə bir fonda səmimi olaraq öz düşüncələrini yazan və sosial şəbəkələrdə bölüşənlər də az deyildi: "Bütövlükdə isə hər iki tərəf millətçiliyə və vətənpərvərliyə söykənən statuslar yazırdılar. Bu isə heç də sülhün xeyrinə deyildi. Çox az adam ölçülü-biçili mövqe sərgilədi. Əksəriyyət isə cəmiyyətdə müharibənin daha da alovlanmasını təşviq edən rəy formalaşdırmağa çalışırdı”.

"Vətənpərvər mövqedən yazılmış postlar o qədər çox idi ki, müharibə əleyhinə çıxış edənlər dərhal və sərt hücuma məruz qalırdılar. Bu hücumlar müharibəyə qarşı fikir söyləyən və ya bəzi hallarda bitərəf qalan xaricilərə - jurnalistlərə, münaqişələrin həlli üzrə mütəxəssislərə, diplomatlara və məşhurlara qarşı da yönəlirdi”.

Müəllif deyir ki, həm Əliyev, həm də Paşinyan üçün sosial media ictimai rəyi öyrənmək və ona təsir etmək baxımından vacib idi: "İlham Əliyevə sosial şəbəkələrdə güclü inam vardı, o cümlədən müxalifət partiyalarının da prezidentə dəstək verməsi onun mövqeyini gücləndirirdi. Prezident Əliyev əvvəllər əhəmiyyət vermədiyi sosial media üzərindən yayılan şikayətlərə cavabında nəzərəçarpacaq bir dəyişiklik oldu. Prezident həm müharibə ilə əlaqəli, həm də digər sosial-iqtisadi çətinliklərə dair insanları narahat edən suallara açıq şəkildə cavab verdi.

Digər tərəfdən isə Ermənistanda ictimaiyyət müharibəni dəstəkləyirdi, lakin insanlar taktiki qərarları şərh etməkdən də çəkinmirdi. Paşinyanın sosial şəbəkədəki özünü müdafiə xarakterli yazıları əsasən generallara və diplomatlara ünvanlanmışdı. Digər erməni liderlər isə Paşiniyanın istefasına nail olmaq üçün sosial mediadan istifadə edirdi”.

Öz tərəfimizdən onu da qeyd edək ki, Ermənistan-Azərbaycan savaşı atəşkəslə başa çatsa da sosial şəbəkələrdə "atışma” hələ də davam edir.
 
(musavat.com)

OXŞAR XƏBƏRLƏR