“Təxribat törətmək istəyən bəzi qüvvələrin istəyi baş tutmadı”

“Təxribat törətmək istəyən bəzi qüvvələrin istəyi baş tutmadı”
 

"Minlərlə insan orduda könüllü olaraq döyüşmək üçün rəsmi müraciət edib. Axın hələ də davam edir".

Bunu "MediaPost"a açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında QHT-ə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.

O bildirib ki, erməni gəncləri və hərbçiləri hərbi xidmətdən yayındıqları, ordudan qaçdıqları halda, Azərbaycanda vəziyyət tam fərqlidir. Gənclər könüllü şəkildə, səfərbərlik üçün rəsmi müraciət edirlər:

"İşğalçı Ermənistan və Paşinyan hökuməti təxribatlardan əl çəkmir. Təəssüf ki, hərbçilərimiz və mülki şəxsimiz həlak olub. Ermənistan hökuməti hökm sürən böhrandan, pandemiyanın vurduğu ziyandan çıxış yolunu Azərbaycana qarşı təxribat törətməkdə görüb. Ancaq unudublar ki, Azərbaycan Ordusu istənilən təxribatın qarşısını ləyaqətlə almağa qadirdir. Erməni tərəfi ordumuzun onlara ağır zərbələr vurduğunu gizlətsə də, zirehli texnikaları, artilleriya qurğuları, istehkamları darmadağın edilib. Ermənistan cəmiyyətinin hökumətə olan etirazı orada tezliklə siyasi böhran olacağından xəbər verir. Onlar hakimiyyətə inanmırlar, israrla hərbi xidmətə getmək istəmədiklərini deyirlər. Qaçan erməni gənclərinin və hərbçilərinin çoxsaylı kadrlarını hamı görüb. Bəs Azərbaycanda vəziyyət necədir? Minlərlə insan səfərbərliklə bağlı, orduda döyüşmək istəməsi ilə bağlı rəsmi müraciət edir. İnsanlar aksiyada da "Ali Baş Komandana dəstək", "Ordumuza dəstək", "Qarabağa azadlıq" şüarları səsləndirərək ordumuzun və hakimiyyətimizin yanında olduqlarını göstərdilər. Həmin dinc yürüşdə təxribat törətmək istəyən bəzi qüvvələrin istəyi baş tutmadı. Alınmadı, bacarmadılar! Ordumuz güclüdür, vətəndaşlarımız da ordunun yanındadır".

A. Xəlilovun fikrincə, hazırda orduya ən böyük dəstək ictimai qınağı artıraraq yayılan dezinformasiyalara qarşı birgə mübarizə aparmaqdır:

"Sosial şəbəkələrdə yayılan dezinformasiyalara inanmamalıyıq. Bu gün ordumuza ən böyük köməyimiz təxribatlara qarşı mübarizə aparmaqdır. Biz Ali Baş Komandanın ətrafında birləşməliyik. Mən Ordumuzun gücünə, hökumətin verdiyi düzgün qərarlara güvənirəm".


OXŞAR XƏBƏRLƏR