Təlimlərə cəlb olunan texnikanın dağılması barədə iddialar əsassızdır - EKSPERT RƏYİ
"Azərbaycan Ordusunun malik olduğu hərbi texnikanın genişmiqyaslı təlimlərə cəlb olunmasının, o cümlədən tez-tez istifadəsinin texnikanın dağılmasına, yararlığının azalmasına səbəb olduğunu deyənlər səhv edir”.
Bunu "MediaPost”a açıqlamasında ehtiyatda olan hərbçi, Qarabağ qazisi, "Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu deyib.
O bildirib ki, bu fikirlər dezinformasiyadır: "Keçmiş hərbçi kimi deyə bilərəm ki, əksinə, hərbi texnika daim istifadədə olmalıdır. Texnikanın istismarı həm hərbçiləri həvəsləndirir, həm təcrübə qazandırır, həm də texnikanın özünü saz vəziyyətdə saxlayır. Bu təlimləri ancaq alqışlamaq lazımdır. Qılınc qında qalanda paslanır. Silah da nə qədər yerində hərəkətsiz qalacaqsa, gərəksizləşəcək, istifadəyə yararsız olacaq. Bu baxımdan da hərbi texnikadan tez-tez istifadə edilməməsi həmin texnikaya və sahibinə ziyandır”.
Ekspert vurğulayıb ki, dövlət həmin texnikanın alınması üçün külli miqdarda xərc çəkib: "Digər tərəfdən də döyüş hazırlığı planına uyğun olaraq mütəmadi təlimlər keçirilir. Bu, vacib bir şərtdir və təqdirəlayiqdir. Ali Baş Komandanın əmri ilə Silahlı Qüvvələrə böyük vəsait ayrılıb. Azərbaycan Ordusu hər an döyüşə hazır olmalıdır və hazırdır. Bu hazırlıq isə texnikanın təlimlərə cəlb olunmasını, şəxsi heyətin ondan istifadəni tam mənimsəməsini və texnikanın saz vəziyyətdə saxlanılmasını tələb edir”.
Milli Məclisin deputatı Asim Mollazadə isə bildirib ki, təlimlər davamlı şəkildə keçirilməlidir. Onun fikrincə, hərbi texnikanı daha yaxşı qavramaq, ondan düzgün istifadə etmək üçün təlimlərin keçirilməsi vacib şərtdir.
Deputat vurğulayıb ki, təlimlər vaxtı hərbi texnikanın sıradan çıxmasından ehtiyat etmək lazım deyil, çünki Azərbaycan dövləti istənilən texnikanı yenisi ilə əvəzləyə bilər: "Bu təlimlərdə təcrübə qazanan əsgər və zabitlərimiz hər zaman döyüşə hazırlığını artırırlar. Təlimlərin real döyüş şəraitinə uyğun
keçirilməsi Azərbaycan Silahlı Qüvvələrini gücləndirir, ordunu hər an döyüşə və vətənin müdafiəsinə hazır vəziyyətdə saxlayır. Ona görə də mən təlimlərdə ehtiyatlanmanı düzgün hesab etmirəm, Azərbaycan Ordusu bu təlimlər vasitəsilə daha da güclənir, təcrübəsini artırır”.
A.Mollazadə bildirib ki, bu gün Azərbaycan Ordusu ən müasir hərbi texnikaya, silah-sursata, döyüş vasitələrinə malikdir. Təlimlərdə modern silahlanmadan istifadə etmək şəxsi heyətin təcrübəsini artırmağa xidmət edir:
"Azərbaycan Ordusunun müasir hərbi texnikası var və Azərbaycan dövləti ordumuzu əlavə bütün zəruri texnikalarla təmin etmək üçün ən modern silahları əldə etməyə qadirdir və bu istiqamətdə işlər davam etdirilir".
Qeyd edək ki, Azərbaycan Ordusuna qarşı qarayaxma kampaniyası aparan ehtiyatda olan bəzi hərbçilər, o cümlədən kimyaçı polkovnik Qəhrəman Mənsimzadə hərbi texnikanın təlimlərə cəlb olunmasının onun dağılmasına səbəb olması barədə əsassız məlumat yayırlar.