Dərs saatlarında dəyişikliyin müsbət və mənfi tərəfləri nələrdir? - AÇIQLAMA

Dərs saatlarında dəyişikliyin müsbət və mənfi tərəfləri nələrdir? - AÇIQLAMA

Elm və təhsil naziri Emin Əmrullayev dünənki brifinqdə dərs saatlarında dəyişikliyin mümkün olduğunu bidirib. Onun sözlərinə görə, dərslər 8-də yox, 9-da da başlaya bilər, həmçinin sürüşən qrafiklər də tətbiq oluna bilər.


Maraqlıdır, dünya təcrübəsində bu proses necə işləyir və ölkəmizdə necə tətbiq oluna bilər?


Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki,  dərs saatlarının başlanma vaxtının dəyişdirilməsi və sürüşən qrafiklərin tətbiqi təhsil sistemində müxtəlif təsirlərə malikdir.


Ekspertin sözlərinə görə, dünya təcrübəsində bu yanaşmanın müsbət nəticələri müşahidə olunur:


“Müsbət tərəflərdən biri şagirdlərin yuxu rejiminin yaxşılaşdırılmasıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, məktəb yaşlı uşaqların ən azı 8-10 saat yuxuya ehtiyacı var. Erkən dərs saatları şagirdlərin yuxu çatışmazlığına səbəb olur ki, bu da onların konsentrasiyasına və akademik nailiyyətlərinə mənfi təsir edir. ABŞ-də aparılan bir araşdırma göstərib ki, dərslərin səhər 9:00-da başlaması tələbələrin akademik göstəricilərində 16 faizə qədər artıma səbəb olub. Bu, şagirdlərin daha çox yuxu alması və nəticədə dərslərdə daha diqqətli olmaları ilə əlaqələndirilir.


Bundan əlavə, dərs saatlarının daha gec başlaması ictimai nəqliyyatda sıxlığın azalmasına kömək edə bilər. Azərbaycanda məktəblərin dərs saatları, əsasən, səhər saat 8:00-da başlayır. İş saatlarının çox vaxt 9:00-da başlaması ilə məktəb və iş trafiki üst-üstə düşür. Bakı Metropoliteninin 2023-cü ilə aid statistikasına əsasən, səhər saat 7:30-dan 9:00-a qədər metroda sərnişin axını pik həddə çatır və bu müddət ərzində nəqliyyatdan istifadə edən sərnişinlərin 35-40%-ni məktəb yaşlı uşaqlar və onların valideynləri təşkil edir. İctimai avtobuslarda isə bu göstərici 45%-ə qədər artır. Bu, şəhər nəqliyyatının yüklənməsinin əsas səbəblərindən birinin məktəb saatlarının iş saatları ilə üst-üstə düşməsi olduğunu göstərir. Dərslərin başlanma saatının dəyişdirilməsi ilə nəqliyyatda yükün azalması mümkündür.
Dünya təcrübəsində də bu addımlar atılır. Məsələn, Finlandiyada məktəblər səhər saat 9:00-dan əvvəl dərslərə başlamır. Bu yanaşma həm şagirdlərin sağlamlığına, həm də ictimai nəqliyyatın yükünün azaldılmasına müsbət təsir göstərir. ABŞ-nin bəzi ştatlarında da məktəblərin dərs saatlarını daha gec başlamaq üçün dəyişikliklər edilib. Tədqiqatlar göstərir ki, bu dəyişiklik şagirdlərin akademik performansında əhəmiyyətli artımlara səbəb olub”.


Mütəxəssis qeyd edib ki, dərs saatlarının gecikdirilməsinin mənfi tərəfləri də mövcuddur: 


“Valideynlərin iş qrafiki ilə şagirdlərin dərs saatlarının uyğunsuzluğu müəyyən çətinliklər yarada bilər. İş vaxtı 08:30-da və daha erkən başlayan valideynlər ibtidai sinifdə təhsil alan övladını saat 09:00-da məktəbə gətirməyə görə vaxt uyğunsuzluğundan narazıdır. Valideynin işi səhər saat 8-də başlayırsa, o, ibtidai sinifdə oxuyan uşağını bir saat hara və kimə tapşırmalıdır? Bunun qarı-qışı var, bir saat öncə uşağı məktəbin həyətinə buraxacaq? Bu kimi suallar valideynlər arasında narahatlıq yaradır. Bundan əlavə, dərs saatlarının gec başlaması məktəblərin iş qrafikini dəyişdirə bilər ki, bu da müəllimlərin və digər məktəb işçilərinin iş rejiminə təsir edə bilər. Müəllimlərin iş rejiminin yenidən tənzimlənməsi əlavə təşkilati tədbirlər tələb edir”.

 

K.Əsədov vurğulayıb ki, qanunvericiliyə nəzər saldıqda, Azərbaycanda məktəb dərslərinin başlanma vaxtı ilə bağlı konkret normativ hüquqi akt yoxdur:


““Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu təhsil müəssisələrinin fəaliyyət prinsiplərini müəyyən etsə də, dərslərin başlanma vaxtının tənzimlənməsi təhsil idarəetmə orqanlarının və hər bir məktəbin daxili qərarına əsaslanır. Bu, çevik yanaşmalar üçün imkan yaratsa da, vahid bir strategiyanın olmaması sistemdə problemlərə səbəb olur”.


Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Bu bürclər diqqətli olsun - Gün ərzində...

Bu gün səma hər bürc üçün fərqli mesajlar ötürür. Həftənin ilk günündə bəzi bürclər üçün enerjili və məhsuldar başlanğıc görünürkən, digərləri üçün duyğular və ...

Məhərrəm ayı nə vaxt başlayır? - QMİ fətva verdi

Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə bağlı fətva verib.   Sfera.az xəbər verir ki, QMİ-nin Qazılar Şurası və səlahiyyətli n...

Bakıda bu marşrutun avtobusları yeniləndi

Abşeron rayonunun Masazır qəsəbəsini “Memar Əcəmi” metrostansiyası ilə əlaqələndirən 525 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qa...

23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür

Hər il 23 iyun tarixində Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunur.   Sfera.az xəbər verir ki, bu əlamətdar gün dövlət idarə...

Azərbaycanda ən çox bu ölkələrin tələbələri oxuyur - SİYAHI

2024-2025-ci tədris ilinin əvvəlində ölkənin ali təhsil müəssisələrində oxuyan xarici tələbələrin sayı artaraq 7472 nəfərə çatıb.   Sfera.az Döv...

Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini işləyir - FOTO

Azərbaycanda tanınmış simaların övladları ilə bağlı məlumatlar ictimaiyyətə həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar... ...