Müəllimlərin əməkhaqqı gələn il nə qədər artırılacaq? - AÇIQLAMA

Müəllimlərin əməkhaqqı gələn il nə qədər artırılacaq? - AÇIQLAMA

2025-ci il üçün Azərbaycan dövlət büdcəsindən təhsil sahəsinə 4 milyard 946 milyon manat vəsait ayrılması və bunun 2024-cü illə müqayisədə 395,7 milyon manat (8,7%) artması nəzərdə tutulur. 

 

Maraqlıdır, ayrılan vəsaitlərdən müəllim maaşlarının artırılması üçün istifadə edilə bilərmi? Belə olan halda, müəllimlərin əməkhaqları nə qədər artırıla bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Ceyhun Məmmədov bildirib ki, müəllimlərin maaşının artırılması diqqətdə olan məsələdir:

 

“Ümumi prosesi təhsil etsək, Azərbaycanda təhsilə ayrılan vəsaitlərin artdığını müşahidə edə bilərik. Bu gün 5 milyarda yaxın pulun ayrılması dövlətin bu sahəyə diqqətinin nəticəsidir. Elm və Təhsi Nazirliyinin yanaşması sertifikasiyadan keçən müəllimlərin maaşının artımını nəzərdə tutur, lakin eyni zamanda, mərhələli şəkildə bu sahədə çalışan insanların maaşlarına da baxılacaq. Dünən büdcənin müzakirəsi zamanı ETN-in verdiyi açıqlamaya əsasən, alimlərin və müəllimlərinin əməyinin qiymətləndirilməsinin yeni meyarlarla hesablanması üzərində iş gedir. Bu mənada maaşlarda müəyyən artımlar olması nəzərdən keçiriləcək. Buna uyğun olaraq, qərarlar qəbul ediləcək və ictimaiyyətə də məlumat veriləcək”.

 

Təhsil eksperti Kamran Əsədov açıqlamasında bildirdi ki, son üç ildə təhsil büdcəsində nəzərəçarpan artımlar müşahidə olunub:

 

“2023-cü ildə təhsilə ayrılan büdcə 4 milyard 100 milyon manat idi. 2024-cü ildə bu rəqəm 4 milyard 550 milyon manata yüksəldi ki, bu da 450 milyon manatlıq və ya 10,9%-lik artım deməkdir. 2025-ci ildə isə təhsilə ayrılan vəsaitin 4 milyard 946 milyon manata çatdırılması planlaşdırılır. Ümumilikdə, 2023-cü ildən 2025-ci ilə qədər təhsil sahəsinə ayrılan vəsaitlərdə təxminən 20,6%-lik artım müşahidə olunur. Bu artımlar, xüsusilə müəllimlərin əməkhaqqının artırılması və təhsil infrastrukturunun təkmilləşdirilməsi üçün əlavə imkanlar yaradır”.

 

Onun sözlərinə görə, hazırda Azərbaycan müəllimlərinin orta aylıq maaşı təxminən 600 manat təşkil edir:

 

“Bu məbləğ regiondakı digər ölkələrlə müqayisədə aşağıdır. Məsələn, Türkiyədə müəllimlərin orta maaşı təxminən 12-15 min türk lirəsi (750-1000 ABŞ dolları), Rusiyada isə 45-50 min rubl (təxminən 500-600 ABŞ dolları) civarındadır. Gürcüstanda son illərdə həyata keçirilən islahatlar nəticəsində müəllim maaşları 800 lari (təxminən 300 ABŞ dolları) səviyyəsinə çatıb. Bu müqayisələr Azərbaycanın müəllim maaşlarının artırılmasının zəruriliyini daha da aktuallaşdırır”.

 

Ekspert qeyd etdi ki, 2025-ci il üçün təhsilə ayrılan əlavə 395,7 milyon manatın yalnız müəllim maaşlarının artırılmasına yönəldilməsi halında, hər bir müəllim üçün illik maaş artımı təxminən 2638 manat təşkil edə bilər:

 

“Bu isə aylıq olaraq hər müəllim üçün 219,83 manat artım deməkdir. Bu ssenaridə müəllimlərin orta aylıq maaşı 600 manatdan 819,83 manata yüksələcək. Bu artım müəllimlərin peşəyə bağlılığını artırmaqla yanaşı, gənclər arasında müəllimlik peşəsinin cəlbediciliyini də artıracaq.Təhsilə ayrılan əlavə vəsaitlərin yalnız müəllim maaşlarına yönəldilməsi gözlənilən deyil. Təhsil büdcəsinin böyük bir hissəsi infrastruktur layihələrinə, məktəblərin texnoloji təchizatının artırılmasına, yeni təhsil proqramlarının hazırlanmasına və müəllimlərin peşəkar inkişafına sərf olunur. Məktəblərin təmiri, yeni avadanlıqların alınması və təhsil proqramlarının yenilənməsi kimi istiqamətlər də mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən maaş artımı üçün ayrılan faktiki məbləğ yuxarıdakı hesablamalardan daha az ola bilər”.

 

Mütəxəssis sonda vurğuladı ki, müəllimlərin maaşlarının artırılması təhsil sisteminə bir neçə müsbət təsir göstərə bilər:

 

“Daha yüksək maaşlar müəllimlərin motivasiyasını artıracaq, onların tədris keyfiyyətinə daha çox diqqət yetirməsinə imkan yaradacaq. Motivasiya olunmuş müəllimlər şagirdlərin akademik göstəricilərinə daha müsbət təsir göstərə bilər. Bundan əlavə, yüksək maaşlar gənclər arasında müəllimlik peşəsinə marağı artıraraq gələcəkdə bu sahədə ixtisaslı kadr çatışmazlığını aradan qaldıra bilər. Bu, xüsusilə regionlarda təhsil keyfiyyətinin artırılması baxımından vacibdir.Təhsilə ayrılan əlavə maliyyənin digər istiqamətlərə sərf edilməsi də təhsil sisteminin inkişafına mühüm töhfə verə bilər. Məsələn, rəqəmsal təhsilin inkişaf etdirilməsi, onlayn təhsil resurslarının genişləndirilməsi və müasir texnoloji vasitələrin tətbiqi təhsil prosesinin keyfiyyətini artırmağa kömək edə bilər. Həmçinin ucqar bölgələrdə müəllimlərin cəlb olunması və saxlanılması üçün əlavə təşviq mexanizmlərinin yaradılması vacibdir.Rayon yerlərində təhsil infrastrukturunun yaxşılaşdırılması da prioritet məsələlərdən biridir. Regionlarda məktəblərin texniki vəziyyətinin yaxşılaşdırılması, yeni tədris vasitələrinin təmin edilməsi və müəllimlərin peşəkar inkişafı üçün xüsusi proqramların hazırlanması təhsilin ümumi keyfiyyətinə müsbət təsir göstərəcək. Təhsilin keyfiyyəti yalnız maliyyə dəstəyi ilə deyil, həm də bu dəstəyin məqsədəuyğun istifadəsi ilə yüksəldilə bilər”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR