“Təhlükə qapıdadır, virus gələcəyimizi təhdid edir” – Ramin Əhmədov

“Təhlükə qapıdadır, virus gələcəyimizi təhdid edir” – Ramin Əhmədov
 "Hazırda qlobal təhdidlə üz-üzəyik". Bu təhdidin adı "COVİD-19”dur. Səhiyyə sistemi mükəmməl şəkildə qurulan dövlətlər dünyanın belə bir pandemiya ilə üzləşəcəyini bilmirdi. Təbii ki, dünyanın bir çox ölkələri gözləmədiyimiz vaxtda üzləşdiyi bu problem qarşısında acizlik nümayiş etdirdi və səhiyyəsi, elmi yüksək səviyyədə inkişaf edən ölkələr belə pandemiyanın yayılmasının qarşısını almaq üçün metodlar tapmaqda çətinlik çəkdilər. Nəticədə "COVİD-19” bütün dünyaya yayıldı. Azərbaycan da dünyanın bir parçası olduğu üçün bu qlobal təhdiddən kənarda qala bilməzdi”.

Bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Azərbaycanda "COVİD-19” virusuna qarşı aparılan sistemli mübarizə barədə danışarkən deyib.

R.Əhmədov qeyd edib ki, hələ koronavirusun dünyada yayılması kütləvi hal almadığı zamanda Azərbaycan rəhbərliyi bu öldürücü virusa qarşı sistemli mübarizə planını işə salıb: "Azərbaycanın 2 seçimi var idi: Ya iqtisadiyyatımız xilas edilməli, ya da insanların sağlamlığı qorunmalı idi. Ölkə başçısı İlham Əliyev bu dəfə də xalqın sağlamlığını şeçdi və koronavirusa qarşı mübarizədə iradə ortaya qoyaraq, insanlarımızın xilas edilməsi yolunda ciddi qərarlar qəbul etdi. Sistemli mübarizə tətbirlərinin nəticəsidir ki, Azərbaycanda Avropanın inkişaf etmiş ölkələrində baş vermiş kütləvi ölüm halları qeydə alınmadı, iqtisadi tənəzzül prosesinə imkan verilmədi. Həm pandemiya nəzarət altındadır, həm də iqtisadiyyatımız bütün risklərdən sığortalanıb”.

YAP yetkilisi bildirib ki, Azərbaycan qlobal təhdidə qarşı ən sistemli mübarizə aparan dövlətlər sırasındadır: "Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan dünyaya koronavirusla mübarizədə öz modelini təqdim edir. Azərbaycan həm region, həm də dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisədə koronavirusa qarşı daha effektiv mübarizə aparır. Koronavirusla mübarizənin Azərbaycan modeli uğurlu nəticələr verdiyi üçün dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları və siyasi qurumları tərəfindən təqdir edilir. Koronavirus xəstələrinə ayırılan diqqət iqtisadi inkişafımızın və dövlətimizin vətəndaşına göstərdiyi qayğının bariz nümunəsidir. Bundan başqa, Azərbaycan ÜST xətti ilə ehtiyacı olan ölkələrə yardım edir. Ölkəmizdə modul tipli xəstəxanaların istifadəyə verilməsini də ayrıca qeyd etmək lazımdır”.

Həkimlərin fədakarlığından danışan R.Əhmədov dövlətin tibb işçilərinə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb: "Prezident koronavirusla ön xəttə mübarizə aparan həkimlərin maaşlarının bir neçə dəfə artırılması ilə bağlı sərəncam verib. Bu sərəncam həm siravi vətəndaşın, həm də işinə həvəslə yanaşan həkimlərin dövlətə inamını artırır. Peşəkar həkimlərimiz gecə-gündüz xəstələrin qayğısına qalır. Ölkə başçısı da bütün çıxışlarında həkimlərimizin əməyini təqdir edir, onlara hər cür dəstəyi göstəriləcəyini bildirir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva həkimlərimizi ayaqda alqışlayırlar. Ölkə rəhbərliyi göstərir ki, əhalinin sağlamlığından, tibbi təhlükəsizliyindən önəmli heç nə yoxdur. Bizim hər birimiz çalışmalıyıq ki, dövlətin həyata keçirdiyi tədbirlərə dəstək olaq, müəyyən olunmuş qaydalara maksimum şəkildə əməl edək. Hər bir vətəndaş özü ilə bərabər ətrafındakı insanları da düşünməlidir. Çünki bir insanın məsuliyyətsizliyi üzündən yüzlərlə vətəndaşımız koronavirusa yoluxa bilər. Ona görə də hər bir vətəndaş bu məsələlərdə xüsusi nizam-intizam göstərməli, qaydalara əməl etməlidir. Düzdür, sərt karantin rejimi əhalinin həyat tərzini çətinləşdirir. Bu da başadüşüləndir. Ölkə başçısı da çıxışlarında vətəndaşlarımızın karantin rejimi ilə bağlı üzləşdiyi problemləri dilə gətirir. Cənab prezident də qeyd edib ki, insanlar öyrəşdiyi həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıb. Amma başqa yolumuz yoxdur, dövlətin qoyduğu qaydalara əməl etməliyik. Vətəndaşlar bilməlidir ki, qaydalara tam şəkildə əməl edilərsə, yoluxmalar azalacaq, həyat tərzimiz, iş nizamımız öz qaydasına düşəcək. Hər birimizin arzusu budur. Əks təqdirdə vəziyyət olduqca təhlükəli məcraya yönələ bilər. Vətəndaşlar masalardan istifadə etməsə, sosial məsafə qorunmasa, şəxsi gigiyena qaydalarına əməl olunmasa yoluxma halları çoxalacaq, ölüm sayları artacaq. Hər kəs anlamalıdır ki, koronavirusla mübarizə milli təhlükəsizlik məsələsidir. COVİD-19 nəinki bu günümüzü, gələcəyimizi də təhdid edir. Bu gün biz məsuliyyətimizi dərk edib virusdan qorunmaq üçün dövlətin müəyyən etdiyi qaydalara əməl etməsək, qadağalara tabe olmasaq, öz gələcəyimizi böyük bir təhlükə altına salmış olarıq”.

OXŞAR XƏBƏRLƏR