TAP-ın tikintisi başa çatdı, Azərbaycan qazının Avropa yolu açılır - ŞƏRH

TAP-ın tikintisi başa çatdı, Azərbaycan qazının Avropa yolu açılır - ŞƏRH

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi tamamlanıb.


2016-cı ildə tikintisinə başlanılan kəmər Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyaya qədər uzanır. TAP kəmərinin uzunluğu 878 kilometrdir. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür.


Bu ilin noyabrında kəmərin istismaq sınaqları da başa çatacaq və "Şahdəniz” qazının Azərbaycandan İtaliya, Yunanıstan və Bolqarıstandakı müştərilərə 25 il müddətinə nəql edilməsinə imkan yaradacaq.


Sfera.az xatırladır ki, TAP Cənub Qaz Dəhlizi zəncirinin bir hissəsidir. Cənub Qaz Dəhlizi 3 hissədən ibarətdir. Birinci hissəni Bakı ilə Türkiyə sərhəddinə qədər uzanan xətt, ikinci hissəni Türkiyədən keçən xətt (TANAP), üçüncü hissəni isə TAP formalaşdırır.

 

TAP kəmərinin tikintisinin başa çatmasını şərh edən neft-qaz sahəsi üzrə ekspert Zəfər Vəliyev bildirib ki, kəmər vasitəsilə Bolqarıstanın qaz ehtiyaclarının 33 faizi, Yunanıstanın 20 faizi, İtaliyanın 10,5 faizinə qədəri ödəniləcək. Ekspert kəmərin istifadəyə verilməsi ilə Azərbaycanın qaz ixracının 10 milyard kub metr artacağını söylədi. O bununla ölkəmizin valyuta gəlirlərinin xeyli yüksələcəyini dedi:

 

"TAP 2021-ci ildə böyük həcmdə Azərbaycan qazının Avropaya nəqlinə imkan verəcək. Avropaya qaz nəqlinin başlanılması müsbət haldır. Hətta qiymətlərin indiki fonunda belə Azərbaycan qazının Avropa qaz bazarına daxil olması, müəyyən pay əldə etməsi Azərbaycan dövlətinin enerji strategiyasının tərkib hissələrindən biridir. Ölkəmiz uzunmüddətli Avropa bazarlarında müştəri qazanmaq imkanı əldə edir.


Gələcəkdə qaz ixracından Azərbaycanın gəlirinin necə olacağını indidən proqnozlaşdırmaq mümkün deyil. Çünki qaz qiymətləri neft qiymətləri qədər tənzimlənə bilmir. Ona görə də uzun illərdir beynəlxalq bazarlarda qazın qiyməti neft və neft məhsullarının qiymətinə bağlanılıb. Bu baxımdan qarşıdakı illərdə qazın qiymətinin hansı səviyyədə olacağını proqnozlaşdırmaq bir qədər çətindir. Amma hesab edirəm ki, artıq qlobal qaz bazarlarında qiymətlərin formalaşması və müəyyən edilməsi ilə bağlı formula və tənlik tam dəyişməlidir. Meyarlar tamamilə fərqli prinsiplər üzərində qurulmalıdır”.


Ekspert söylədi ki, qazın qiyməti neftin qiymətinə nisbətən aşağı olur. O bu səbəbdən qaz gəlirlərinin neft gəlirlərindəki azalmanı tam kompensasiya edə bilməyəcəyini qeyd etdi: "Qazın 1000 kub metrinin qiyməti neftin qiymətinin təxminən 40 faizinə bərabər olur. Buna görə də iqtisadi baxımdan neft hasilatındakı azalmanı eyni həcmdə olan qaz hasilatındakı artımla kompensasiya etmək mümkün deyil.

 

Bu səbəbdən hər zaman neft ixracından əldə etdiyi gəlir qaz ixracından çox olur. Məsələn, 2014-cü ilin avqust ayına kimi neftin qiyməti çox yüksək olub və orta hesabla bir barel neft 100 dollara satılıb. Bir ton neft 7,33 bareldir. Onda bir ton neftin satış qiyməti 733 dollar olub. Dünyanın ən likvid qaz bazarı Avropadır. Həmin dövrdə "Qazprom” qazın hər min kub metrini 500-560 dollara satırdı. İndiki şəraitdə neftin qiyməti aşağı düşdüyündən təbii qazın da qiyməti xeyli aşağı düşüb. İndiki şəraitdə qaz çox ucuzlaşıb. Hollandiyanın satış platformasında 1000 kub metr qazın spot qiyməti 70 dollardan aşağı düşüb”.


Ekspert növbəti ildən təbii qaz qiymətinin yüksələcəyinə inanır: "2010-cu ildən 2020-ci ilə kimi dünyada təbii qaza olan tələbatın artmasını nəzərə alaraq yeni qaz yataqlarının aşkarlanmasına, işlənməsinə, sənaye istismarına verilməsinə kifayət qədər investisiyalar qoyulub. Sıxılmış təbii qaz layihələrinə də kifayət qədər investisiya qoyulub.

 

Avropanın qaza olan tələbatının böyük hissəsi boru qazı vasitəsilə ödənilməsi nəzərdə tutulur. Gələn ildən dünyanın bütün satış platformalarında qazın qiyməti indiki qiymətlərdən yüksək olacaq. Çünki təbii qaza olan tələbatda dinamik artım var və bununla əlaqədar olaraq qaz sənayesinə böyük sərmayələr qoyulub.

 

Paris anlaşmasına əsasən ənənəvi enerji mənbələrindən alternativ enerji mənbələrinə keçidlə bağlı ambisiyalı layihələr həyata keçirilir. Qarşıdakı illərdə ənənəvi enerji mənbələrindən alternativ enerji mənbələrinə keçiddə təbii qaz aralıq yanacaq növü kimi götürülür. Bu da təbii qaza olan tələbatın yüksək olmasına şərait yaradacaq. Digər tərəfdən qarşıdakı illərdə neft məhsullarına olan tələbat neft-kimya məhsullarına olan tələbatdan geri qalacaq. Yəni, dünyanın neft-kimya məhsullarına olan tələbatı neft məhsullarına olan tələbatını bir neçə dəfə üstələyəcək. Ona görə də təbii qaza olan tələbat artacaq və qiymətlərdə artım olacaq”.


 

Vasif

 

 

 


OXŞAR XƏBƏRLƏR

Sosial yardımlar nə vaxt veriləcək? - RƏSMİ AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...

Siyavuş Novruzov Əli Kərimli barədə: "Tiktokerdir, kompüteri qarşısına qoyub insanlara..."

“Azərbaycanın atdığı hər addım beynəlxalq hüquq standartlarına uyğundur”.    Sfera.az xəbər verir ki, bunu Milli Məclisin ...

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini TƏMİN ETMƏDİ

Bakı Apellyasiya Məhkəməsi Əvəz Zeynallının şikayətini təmin etməyib.   Sfera.az xəbər verir ki, bu barədə “Report”a onun həyat yold...

Ziya Hacılıya yeni VƏZİFƏ VERİLDİ - FOTO

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər verir ki...

“Azərbaycan qalib, Fransa isə Ermənistanla birlikdə məğlub statusundadır” - Cavanşir Feyziyev

“Məncə, danışıqlar əsasən ikitərəfli formatda Azərbaycanla Ermənistan arasında birbaşa dialoq əsasında aparılacaq”   Sfera.az xəbər verir...

Bu ölkədə ilk dəfə evtanaziya təcrübəsi HƏYATA KEÇİRİLDİ

Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəs...