\"TANAP Azərbaycanın qlobal şoklara dayanıqlığını artıracaq\"

\
 

Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarına çatdırılması yönündə bir sıra iri layihələr həyata keçirilib. Bura Cənub Qaz Dəhlizinin vacib elementi olan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin reallaşdırılması da daxildir. Bu günlərdə TANAP-la kommersiya qazının nəqlinə başlamasının ikinci ili tamamlanacaq.

Ümumiyyətlə, TANAP Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir?

 

Bu barədə "Report"a açıqlama verən iqtisadçı-ekspert Amal Həsənli bildirib ki, bu layihənin reallaşmasının ölkəmiz üçün böyük strateji əhəmiyyəti vardır. 

Onun sözlərinə görə, Azərbaycan qazının Avropaya çatdırılması, "köhnə kontinentin” enerji təhlükəsizliyinin təmin olunması baxımından xüsusi önəm daşıyır: "Avropa Rusiya və ABŞ-dan aldığı qazın diversifikasiyasını həyata keçirməkdə maraqlıdır. Ona görə də enerji məhsullarının idxalının şaxələndirilməsi sözü gedən regionun enerji təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Bu mənada TANAP Avropanın enerji təhlükəsizliyinin təminatına töhfə verən layihədir".
A.Həsənli diqqətə çatdırıb ki, yaxın və orta perspektivdə Azərbaycan təbii qaz ixracından 10 milyardlarla ABŞ dolları həcmində gəlir əldə edəcək: "Bu gəlirlər qarşıdakı illərdə dayanıqlı inkişafın təmin olunmasında və valyuta ehtiyatlarının artırılmasında müstəsna paya sahib olacaq. Nəticədə Azərbaycan daxili və xarici şoklara qarşı daha dayanıqlı olacaq və onlara daha operativ və adekvat reaksiya verəcək. Eyni zamanda, əsasən qeyri-neft sektorunda yeni istehsal sahələrinin, yüksək texnoloji sferaların yaradılması, nəhəng infrastruktur layihələrinin reallaşdırılması üçün potensial imkanlar mövcud olacaq".

OXŞAR XƏBƏRLƏR