Tahir İmanov: Cahillik və adilliyin mübarizəsi əbədidir

Tahir İmanov: Cahillik və adilliyin mübarizəsi əbədidir

Cəlil Məmmədquluzadə indi yaşasaydı, o da bizim kimi bütün telekanallarda qadağan ediləcəkdi.

Bu il tamaşaçılara təqdim ediləcək premyeralar siyahısında "Planet Parni iz Baku” teatrının yaradıcı heyətinin çəkdiyi film də yer alıb. Ekran əsəri Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi C.Məmmədquluzadənin "Ölülər” pyesinin müasir interperetasiyasıdır. Sentyabrın 22-dən Bakının bütün kinoteatrlarının ekranlarında izləyə biləcəyiniz yeni film "Ölülər XXI əsr” adlanır.

Oxu.Az "Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri və rejissoruTahir İmanov ilə müsahibəni təqdim edir.

- Klassikanın müasir təqdimatı sizin üçün yenilik deyil. "Məşədi İbad”ınızı tamaşaçılar yaxşı xatırlayırlar. Fasilə niyə bu qədər uzun çəkdi?

- Bəli, düz vurğuladınız ilk filmimiz "Məşədi İbad - 94” tamaşaçılara 2005-ci ildə təqdim edildi. Mənim fikrimcə, bu, uğurlu bir iş idi. Fasilə niyə uzun çəkdi? Çünki bu dahi ədibin yaradıcılığına yalnız və yalnız ciddi yanaşmaq olardı. Təsəvvür edin ki, ssenari 4-5 il müddətinə yazıldı. Çünki yazılırdı, bir müddət sonra müəyyən dəyişikliklər, əlavələr edilirdi. Obrazları tapmaq, həmin o Kefli İskəndərin, Şeyx Nəsrullahın və s. personajların müasir dövrümüzdə prototiplərini aşkar etmək lazım idi.



 

- Bu dəfə seçiminiz sadəcə komediya deyil, tragikomediya oldu. Niyə məhz "Ölülər”?

- Mənim üçün Azərbaycan satirasının banisi C.Məmmədquluzadədir. Bu, subyektiv fikrimdir. Onun irsi böyük məktəbdir və bu yaradıcılıq "Ölülər” və "Kamança” əsəri ilə bitmir. Bəlkə də çoxları C.Məmmədquluzadə dedikdə ilk olaraq "Danabaş kəndinin əhvalatları” əsərini xatırlayacaqlar, amma etiraf edək ki, "Kamança” əsəri də dramaturji baxımdan çox güclü əsərdir.

Seçimimizə gəldikdə isə, bir məqamı sizə xatırlatmaq istərdim. Deməli, 2001-ci ildə vida konsertimizdən sonra ümummilli liderimiz H.Əliyev kulis arxasında etdiyi söhbətdə bir paralel etdi. O bizim komandanı C.Məmmədquluzadə ilə müqayisə etdi. Yəni dövrünün çatışmazlıqlarını, cəmiyyətin nöqsanlarını "Molla Nəsrəddin” jurnalında öz əsərləri vasitəsilə göstərən C.Məmmədquluzadə kimi bizim də müasir dövrün nöqsanlarını səhnədə gülüş prizmasından göstərdiyimizi dedi.

 

Gəlin etiraf edək ki, əgər dövrünün dahi siyasətçisi, bizi dahi ədiblə müqayisə edirsə, bu həqiqətən də fəxr ediləsi bir nüansdır. Mən fəxr edirəm ki, Azərbaycanın ədəbi tarixində belə görkəmli şəxsiyyət olub.

Onun şah əsəri olan "Ölülər” pyesinə gəldikdə isə, deməliyik ki, yazıldığı dövrdə aktual olduğu kimi, hazırda yaşadığımız XXI əsrdə də aktualdır. Çünki həmin qəhrəmanlar – Şeyx Nəsrullahlar, Kefli İskəndərlər hələ də var...

Ədəbiyyatımızda C.Məmmədquluzadə kimi şəxsiyyətlərin olmasına sevinirəm, amma onu da deyim ki, onun müasir dövrdə yaşamamasına daha çox sevinirəm...

- Səbəb? Düşünürsüz ki, cəmiyyətimizin C.Məmmədquluzadələrə ehtiyacı yoxdur?

- Xeyr, qətiyyən belə düşünmürəm. Sadəcə əgər C.Məmmədquluzadə indi yaşasaydı, o da bizim kimi bütün telekanallarda qadağan edilərdi. Bu səbəbdən də onun indi yaşamamasına sevinirəm. Çünki o da cəmiyyətdəki nöqsanları, məmurların özbaşnalıqlarını, cahilliyi, avamlığı, yaltaqlığı satira vasitəsilə ifşa edib, tənqid edəcəkdi.   

- Bu əsər Azərbaycan ədəbiyyatının incilərindədir. Üstünüzə böyük bir məsuliyyət götürmüsüz, çəkindiyiniz an oldu?

- Çəkindiyim an olmadı! Amma məsuliyyətə gəldikdə, mən üzərimə götürdüyüm hər bir işə həcmindən asılı olmayaraq məsuliyyətlə yanaşıram. Məncə, görülən işə məsuliyyətlə yanaşılmadıqda gözlənilən nəticənin əldə edilməsi mümkün deyil. Bir söz deyim, mən heç bir zaman peşman olmuram. "Kaş belə olardı”, "kaş elə olardı” kimi ifadələri sevmirəm. Bəli, mən də hamı kimi səhv addımlar atıram, amma atılan yanlış addımlardan çıxarılan nəticə peşmanlıq olmamalıdır, dərs almaq lazımdır.


Məsuliyyət böyük idi, belə olmasaydı, filmin ərsəyə gəlməsi bu qədər uzun çəkməzdi. Məsuliyyəti məhz dərindən hiss etməyimiz bizi istər kino, istərsə də musiqi sahəsində yalnız peşəkarlara müarəciət etməyə sövq etdi. Ümumiyyətlə, filmin uğurunun 50-i faizi məhz musiqinin üzərinə düşür. Bu səbəbdən də peşəkar bəstəkara müraciət etdim. Faiq Sücəddinov ssenarini oxudu, sonra obrazların leytmotivləri, daha sonra "Vətən haqqında ballada” yarandı. Musiqi əsasında klip çəkilib, filmin əsas soundtreki məhz bu balladadır. Mahnının sözləri isə sevimli şairimiz Baba Vəziroğluna aiddir.  

- Filmin ssenari müəllifi, rejissoru, operatoru kimdir?

- Ssenari "Planet Parni iz Baku” teatrının yaradıcı heyətinə – Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Anar Ömərov, Məmmədəli Kazımova aiddir. Quruluşçu operator Litvadan dəvət etdiyimiz Saulius Lukaşeviçius, səs montajı Rusiyada yaşayan soydaşımız Rüstəm Məmmədov aiddir.  

- Filmdə kimlər rol alıb?

- Rollara gəldikdə, mən çox önəmli bir faktı oxucuların nəzərinə çatdırmaq istərdim, yaradıcı heyət qarşısına çox ciddi bir məqsəd qoymuşdu. Biz tanınmışları yeni bir imicdə çəkmək istəyirdik. Məqsəd onları tanınmaz etmək idi, bura saç düzümündən tutmuş, geyim və oyun tərzinə qədər hər şey daxil idi. Bu filmdə tamaşaçı Dilarə Əliyevanı yeni bir imicdə, yeni bir obrazda görəcək, "Moşu Göyəzənli” obrazının ifaçısı sevimli aktyorumuz Valeh Kərimov, bəlkə də ilk dəfə mənfi bir obrazda tamaşaçıların qarşısına çıxacaq. O cümlədən Bəhram Bağırzadə, Cabir İmanov, Azər Məmmədzadə və mənim özümü də fərqli obrazlarda görəcəksiniz. Filmdə tanınmış aktyorlarla yanaşı, gələcəkdə öz sözünü deyəcəyinə əmin olduğum, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının gənc aktyoru Elnar Qarayev da rol alıb.  



- Məqsədiniz hər zaman "güldürərək düşündürmək” olub, film vasitəsilə tamaşaçılara vermək istədiyiniz əsas ismarış nədir?

- Tamaşaçılarımıza XXI əsrdə yaşadığımıza baxmayaraq, cəmiyyətdə mövcud olan cahilliyin və avamlığın sayəsində bu obrazların, yəni Şeyx Nəsrullahların, Hacı Həsənlərin var olduqlarına eyhamdır. Çünki cahillik və adillik, xeyir və şər mübarizəsi əbədidir. Bu səbəbdən də biz onları gözüaçıq olmağa, belə mənfi ünsürlərin məkrli fitnələrinə uymamağa çağırırıq.  

- Dövrümüzün "Kefli İskəndər”i kimdi?

- Bu suala cavabı tamaşaçılar yalnız ilk baxışdan sonra biləcəklər (gülür). Yalnız onu qeyd edə bilərəm ki, zəmanəmizin Kefli İskəndəri də var, Şeyx Nəsrullahı da var... C.Məmmədquluzadə öz pyesində bu obrazların əbədi olduğunu göstərdi. Çünki diqqət yetirin, pyes xoşbəxt sonluqla bitmədi, Şeyx Nəsrullah qaçıb gedir. Bu nə deməkdi? Bu o deməkdir ki, onlar var, olub və olacaqlar!



- Filmi tamaşaçılara nə zaman təqdim edəcəksiniz?

- Film sentyabrın 22-dən paytaxtın bütün kinoteatrlarında tamaşaçıların diqqətinə təqdim ediləcək. Ümid edirik ki, bu dəfə də tamaşaçılarımızın, bizim yaradıcılığımızı izləyənlərin zövqünü oxşamağa müvəffəq olacağıq. 


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...