Şuşa görüşündən sonra Azərbaycan-Türkiyə ticarəti üçün yeni perspektivlər açılacaq

Şuşa görüşündən sonra Azərbaycan-Türkiyə ticarəti üçün yeni perspektivlər açılacaq
Azərbaycanla Türkiyə arasında münasibətlərin dərinləşməsi özünü iqtisadi sahədə də göstərir. Ölkəmizə səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Prezident İlham Əliyev arasında Şuşa şəhərində ikitərəfli görüş zamanı imzalanacaq müqavilədə münasibətlərin daha da inkişaf etdirilməsi nəzərdə tutur. Yeni əməkdaşlıq tədbirləri Azərbaycan-Türkiyə münasibətlərinin hərtərəfli inkişafını təmin etməklə, ilk növbədə ölkələr arasında ticarəti stimullaşdıracaq.
 
Sfera.az bildirir ki, bununla bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTLM) icraçı direktoru Vüsal Qasımlı açıqlama verib. V.Qasımlı söyləyib ki, Türkiyə Azərbaycanın əhəmiyyətli ticarət tərəfdaşı olmaqla, ölkəmizin xarici ticarət dövriyyəsində və ixracında 2015-ci ildən, idxal əməliyyatlarında isə 2013-cü ildən etibarən 2-ci yerdədir: 

"2019-cu ildə Türkiyə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 4,5 milyard dollar olmaqla 14% paya malik olub. Yüksələn trayektoriya üzrə inkişaf edən qarşılıqlı idxal-ixrac əməliyyatlarının həcminə pandemiyanın yaratdığı gərginliklər ciddi təsir göstərməyib. Belə ki, 2020-ci ildə iki ölkə arasında ticarət həcmi 4,16 milyard dollar təşkil edib. 

Azərbaycan və Türkiyənin iqtisadiyyatları arasındakı potensialın tam olaraq dəyərləndirilməsi və 2023-cü il üçün 15 milyard dollar olaraq hədəflənən ticarət həcminə nail olmaq üçün davamlı kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri kimi 1 mart 2021-ci ildən qüvvəyə minən Preferensial Ticarət Sazişi qeyd edilə bilər. Bu saziş 15 mal qrupu üzrə tariflərin azaldılması, qeyri-tarif maneələrinin aradan qaldırılması ilə iki ölkə arasındakı idxal-ixrac əməliyyatlarını artıraraq ölkələrin qoyduqları ticarət dövriyyəsi hədəfinə çatmasını sürətləndirəcək. 

Bundan başqa, iqtisadi əlaqələrin genişləndirilməsi ölkələr arasında investisiya qoyuluşlarını da artıracaq. Hazırda Türkiyə Azərbaycanda daha çox qeyri-neft sektoruna, Azərbaycan isə Türkiyədə, əsasən, energetika və kimya sahələrinə kapital axını yaradır. Türkiyədən Azərbaycana investisiya qoyuluşları 12 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edir. 

Hazırda Türkiyədə 2000-ə yaxın Azərbaycan, ölkəmizdə isə 4100-dən artıq Türkiyə şirkəti fəaliyyət göstərir. Türkiyədəki həm şirkət sayı, həm də investisiya həcminə görə Azərbaycan Mərkəzi Asiya və Qafqaz ölkələri arasında ilk yerdədir”. 

V.Qasımlı söyləyib ki, Azərbaycanın bölgədə təklif etdiyi yeni "3+3” formatlı işbirliyi platforması da ölkələr arasında ikitərəfli ticarət əlaqələrinin, habelə Naxçıvanın strateji önəminin artmasına təkan verəcək: 

"İşğaldan azad edilmiş torpaqlarımızın reinteqrasiyası və reabilitasiyası prosesinə türk iş adamlarının cəlbi Türkiyə ilə iqtisadi əlaqələrimizin yeni sahəsini formalaşdırır. Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarında infrastruktur layihələrinin, yolların, habelə Füzuli hava limanının tikintisində türk şirkətləri fəal iştirak edir. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə turizm, kənd təsərrüfatı, dağ-mədən və hasilat sənayesi, tikinti materialları istehsalı, alternativ enerji kimi potensial sektorların yenidən canlandırılması və ölkə iqtisadiyyatına inteqrasiyası, habelə bölgədə yeni nəqliyyat-logistika dəhlizlərinin formalaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər Türkiyə ilə əlaqələrimizin genişləndirilməsində yeni perspektivlər vəd edir”.

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR