Müsahİbə

Süni qiymət artmı ilə xalqın cibinə girənlər ciddi cəzalandırılmalıdır – Əli Məsimli - MÜSAHİBƏ

Süni qiymət artmı ilə xalqın cibinə girənlər ciddi cəzalandırılmalıdır – Əli Məsimli - MÜSAHİBƏ
 Dünyanın müxətlif ölkələrində dövlətlər koronavirus pandemiyasından zərərçəkən iqtisadiyyat sahələri və əhali üçün müxtəlif həcmdə, müxtəlif istiqamətli dəstək proqramları həyata keçirirlər. Azərbaycan hökuməti də müxtəlif istiqamətləri əhatə edən 9 proqram açıqlayıb, onların icrası ilə bağlı işlər görülür.

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli ilə söhətimizdə mövcud vəziyyəti təhlil edib, hazırlanan proqramların effektivliyini dəyərləndirməyə çalışdıq.


- Əli bəy, Azərbaycanda koronavirusun vurduğu zərərə görə hazırlanan dəstək paketi yaranan böhrana adekvat sayıla bilərmi?

- Dünyanı cənginə alan koronavirus pandemiyası artıq bir tibbi-bioloji problem çərçivəsindən çıxaraq dünya iqtisadiyyatını sarsıtmağa, birjaları çökdürməyə, bir sıra ciddi sosial və psixoloji problemlər yaratmağa başlayıb.Tarixi təcrübədən məlumdur ki, bu cür virus təhdidləri zamanı ən aktual suallardan biri "iqtisadiyyatı,yoxsa insanları xilas etmək?” olur. Müxtəlif ölkələr öz spesifik xüsusiyyətlərindən çıxış edərək bu suala müxtəlif cür cavab reaksiyaları sərgiləyirlər.
Azərbaycanda koronavirusun vurduğu zərərə görə hazırlanan dəstək paketində bu sualın hər iki komponenti nəzərə alınıb. Fikrimizcə, bu suala cavabda insan amili əsas götürülməlidir. Çünki zəifləyən iqtisadiyyatı yenidən bərpa etmək olar, amma koronavirusun qurbanlarını yenidən dünyaya gətirmək mümkünsüzdür. Məsələyə bu baxımdan yanaşanda, hökumətin tədbirlər planı xeyli dərəcədə geniş və əhatəlidir. Həyata keçirilən məhdudlaşdırıcı tədbirlərin təsiri ilə iqtisadiyyatda və sosial sferada yaranan problem və gərginliyin səngidilməsi məqsədilə ölkə Prezidentinin tapşırığı ilə koronavirusun və onun ətrafında gedən proseslərin Azərbaycan iqtisadiyyatına, sahibkarlara vurduğu ziyanın təsirinin aradan qaldırılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı maliyyə tutumu da 2,5 milyard manat olan tədbirlər planı hazırlanıb. Təbirlər planında biznesi ayaqda saxlamaq və ixtisarların qarşını almaqdan ötrü özəl sektorda 600 mindən artıq işçının maaşların bir hissəssini dövlət tərəfindən ödənilməsi nəzərdə tutulub. Vergi güzəştləri, tətilləri nəzərdə tutulur. Kredit almaq istəyən sahibkarlara faizlərin 10 faizlik bir hissəsini ödəməklə dəstək veriləcək. Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınan şəxslərə 2 ay müddətində yaşayış minimumu həcmində- 190 manat pul ödənilməsi nəzərdə tutulub.Ünvanlı sosial yardım alanların dairəsi genişləndiriləcək. Aztəminatlı ailələrdən çıxan tələbələrin təhsil haqqını dövlət ödəyəcək. İşıq limiti 100 kvt saat artırılıb 300 kvt-dan 400 kvt-a çatdırıalcaq və sair. Bununla belə, tədbirlər proqramında nəzərə alınması zəruri olan amillər də az deyil.

- Dəstək paketinə hansı əlavələrin olunmasını zəruri hesab edirsiniz?

- Hazırkı şəraitdə ən aktaul suallardan biri budur ki, biz bu bəladan nə vaxt qurtaracağıq və hansı itkilərlə qurtaracağıq? Hələlik bu sualın dəqiq cavabı olmadığından, Tədbirlər Planında hər şeyin axıracan nəzərə alınmaması da bir növ burdan qaynaqlanır. Eyni zamanda bu sual növbəti bir sual da doğurur ki, nə etməli, hansı problemlərin həllini sürətləndirmək lazım ki, bu bəladan az itki ilə çıxa bilək və narazılıq da az olsun? Bu baxımdan, aşağıdakı məsələlərin həllinin sürətləndirilməsini zəruri hesab edirik:
1. Hökumətin Sosial Paketində nəzərdə tutulanların əhaliyə çatdırılmasnın sürətləndirilməsi və bundan ötrü səmərəli fəaliyyət göstərən sadə və işlək mexanizmin hazırlanıb həyata keçirilməsi.
2. Hökumət hazırda fəliyyətdə olan işçilərin ixtisar edilməməsi üçün özəl sektora kifayət qədır böyük pul ayırıb. Amma proses uzansa, özünə gələ bilməyən bir sıra sahələrdə ixtisarlar baş verəcək. Ona görə də bu ciddi amili də nəzərə almaqla, sosial paketə düşən işsizlərlə yanaşı, həmin paketdən kənarda qalanların da üçotunun aparılması və ümumiyyətlə, bu sahədəki uçot-hesabat işinin real vəziyyətə adekvat surətdə yenidən qurulması və zəruri dəstək tədbirlərinin həyat keçirilməsi.
3. Hökumətin sosial paketi şəhərdə yaşayan yoxsul və işsizin bir hissəsini nəzərə alsa da, kəndlərdə yaşayan yoxsulların mütləq əksəriyyətini nəzərə almır. 0,2-0,5 hektar pay torpağı olmaq, hələ həmin kəndlinin işləyib özünü və ailəsini dolandırmaq üçün gəlir əldə etməsi demək deyil. Ümumiyyətlə, bu pay torpağı məsələsi həmin vəziyyətdə olan yoxsul kəndlilərin ünvanlı sosial yardımdan faydalanmasına imkan vermədiyi kimi, indi də 190 manatlıq müavinətdən yararlanmağa imkan vermir. Əgər insanın heç bir gəliri yoxsa, şəhərdə, yoxsa kəndə yaşamasından asılı olmayaraq, deməli, işsiz və yoxsuldu.... Hesab edirik ki, ünvanlı sosial yardım və hazırkı 190 manatlıq müavinət təyin edilərkən bu ciddi amil nəzərə alınmalıdıır.
4. Hökumətin sosial paketində nəzərdə tutulanlar işə düşənə qədər, evdə qalmağa məcbur olan, gündəlik çörəkpuluna işləyən xeyli sayda ac qalan insanlara və ailələrə yardım məsələsi ləngidilmədən həyata keçirilməli, evində pul və ərzaq ehtiyatı olmayan bu cür insanara başlanan yardımın dairəsi genişləndirilməlidir ki, heç kim ac, çıxılmaz vəziyyətdə qalmasın.
5. Sahibkarlara bundan sonra alacaqları kreditlərə görə güzətlər olunacaq. Amma indiki vəziyyətdə aldıqları kreditləri ödəyə bilməyən sahibkarlara və əhali kateqoriyasına güşəştlər ətrafında hələ danışıqlar gedir. Sahibkarlara proqramda nəzərdə tutulduğundan əlavə, həm də mövcud kreditlərin ödənilmə müddətində güzəştlərin də əlavə edilməsini, o cümlədən əhalinin kredit borcları və faizlərin ödənilmsində bir neçə aylıq güzəştlərin edilməsini, kredit ödəmələrinin gecikdirilməsinə görə tətbiq edilən sanksiyaların dayandırılmasını, bunun əvəzində isə dövlətin və Mərkəzi Bankın kommersiya banklarına müvafiq dəstəyin verməsini zəruri hesab edirik.
6. Proqramda kommunal xərclərlə bağlı yalnız elektrik enerjisindən istifadə limitinin 300 kvt saatdan 400 kvt saata çatdırılmsı öz əksini tapıb.Yəni proqram qəbul olunandan sonra hazırkı variantdan fərqli olaraq, əhali 400 kvt saata qədər elektrik sərfiyyatını hər kvt saatını 7 qəpikdən, ondan yuxarı sərfiyyatın hər kvt saatını isə 11 qəpikdən ödəyəcək. Əvvəla, əhalinin əksəriyyəti bu dəyişiklikdən faydalanmayacaq, faydalananın isə qənaət etdiyi pul bir neçə manatdan artıq olmayacaq. Tətbiq olunan xüsusi rejim şəraitində əhalinin evlərdə qalması, insanların təkcə işıq yox, bütün kommunal xidmətlərdən daha intensiv istifadə etməsinə gətirib çıxarıb. Buna görə də əhaliyə təkcə elektrik enerjisi sahəsində yox, bütün kommunal ödənişlərdə, xüsusilə də qaz və su xidmətlərinə görə ödənişlərdə güzəştlərin edilməsini zəruri hesab edirik.
7. Rəsmi proqnozlara görə, bu il 4,6 faiz inflyasiya gözləntisi nəzərdə tutulub. Bu ilin iki ayında inflyasiyanın 2,8 faiz olması göstərir ki, bu sahədə proseslər proqnozda göstərildiyindən də yaxşı meyl götürmüşdü. Amma koronavirus və onun ətrafında gedən proseslər qiymətlərin də artmasına təsir edir. Bunun bazar münasibətlərinin qanunauyğunluğundan doğan təbii tərəfiinin baş verməsi labüddür…
Amma qiymətin süni surətdə artımının hər faizi ailə büdcəsinə ildə 370 milyon manat ziyan vurur. Koronovirusun yaratdığı şəraitdən istifadə edib saxtakarlıq edən ünsürləri durdurmaq mümkün olmasa, bir sıra məhsulların qiymətləri sürətlə artmaqda davam edər ki, bu da əhalinin güzəranına ciddi zərbə vurar. Əhalinin qiymət artımından itkilərinin müəyyən hissəsini qarşılamaqdan ötrü minimum əmək haqqının 250 manatdan 300 manata çatdırılması Vahid Tarif Cədvəlinin bütün 19 kateqoriyası üzrə maaş alan işçilərin əmək haqlarını artmasına müsbət təsir edər. Eyni zamanda minimum pensiyaların da 200 manatdan 250 manata qaldırılması hazırkı durumda vəziyyəti pisləşən aşağı pensiya alan yaşlı insanların durumuna bir qədər təsir etmiş olar.

- Qeyri-rəsmi məşğul və işsiz əhaliyə yönəlik tədbirləri yetərli sayırsınızmı? Bu istiqamətdə daha hansı addımlar atıla bilər?

- Beynəlxalq Əmək Təşkilatının metodikası ilə hesablayanda Azərbaycanda işaxtaran və işsiz şəxslər - 234 min nəfərə yaxındır. Həmin şəxslərin 134 min nəfəri işsiz kimi qeydiyyata alınıb. Başqa bir məlumata görə isə onun 81 min nəfərinə Məşğulluq Xidmətində rəsmi işsiz statusu verilib. Amma onlardan yalnız 1711 nəfərinə və ya 2 faizinə işsizlikdən sığorta ödənişi təyin olunub. Bu, çox simvolik bir rəqəmdir. Bunu nəzərə alaraq sosial paketdə həmin göstəricini 12 dəfəyə yaxın artırıb 20 min nəfərə çatdırıblar. Amma bu da həmin işsizlərin 25 faizinə uyğun olduğundan reallığı əks etdirmir. Əksər rayonlarda 3-5 nəfər işsizlikdən sığorta ödənişi alırdı... Belə çıxır ki, bu dəyişiklikdən sonra da hər rayonda ən yaxşı halda 50-60 nəfər işsizlikdən sığorta ödənişi alacaq...
Koronavirus və onun ətrafında gedən proseslərin sadəcə bir səhiyyə məsələsi çərçivəsindən çıxıb, çox ciddi iqtisadi və sosial problemlər yaratdığı bir zamanda əhalinin sosial durumu ilə bağlı bu cür məsələlərə çox həssas yanaşmaq lazımdır. Ona görə də işsizlik məsələsinə münasibət kökündən dəyişdirilməli, gerçəkdən işsiz olan insanların mümkün hissəsinin məşğulluğu təmin edilməli, qalanlarına isə işsizlikdən sığorta ödənişi verilməlidir. Bu üsul, hazırkı şəraitdə çox ağır duruma düşüb sosial müdafiəyə ehtiyacı olan insanların xeyli hissəsinin düşdüyü vəziyyətdən çıxmasına kömək etmiş olar. Bu addımın ünvanlı sosial yardım alanların dairəsinin genişləndirilməsi ilə tamamlanması hazırlanan proqramlarda nəzərə alınmayan sosial problemlərin həllinin yumşaldılmasında müstəsna rol oynaya bilər.

- Sizcə, iqtisadiyyata və əhaliyə dəstək proqramlarının icrasına ayrılacaq vəsaitləri büdcədən təmin etmək mümkün olacaqmı? Hökumətin Neft Fondundan əlavə vəsait götürməsi, yaxud beynəlxalq maliyyə təşkilatlarının vəsaitlərinə üz tutması mümkündürmü?

- BVF-in rəhbərinin həyəcanlı çıxışı və 70-dən artıq ölkənin həmin maliyyə qurumundan dəstək istəməsi bu sualı bir qədər də aktuallaşdırıb. Amma Azərbaycanın koronavirusa qarşı tədbirlər planının maliyyə məsələlərini həll etmk üçün heç bir beynlxalq qurumun köməyinə ehtiyacı olmayacaq. Azərbaycan üçün koronavirusa qarşı tədbirlər planının maliyyələşdirməsi üçün 2,5 milyard manat və ondan da artıq pul ayırması problem deyil. Problem odur ki, hazırda Azərbaycanda 3 növ virus var: koronavirus; şayiəçilər və fürsətcillər. Bu şayiəçi və fürsətcillər koronavirusdan da çox ziyan vurur. Bu, özünü xalqın bu ağır durumunda bir sira malların, məhsulların süni qiymət artımında daha nəzərəçarpan göstərir. Süni surətdə artan qiymətin hər faizi ailə büdcəmizə ildə 400 milyon manata qədər ziyan vurur. Ona görə də Prezidentin maska satışı timsalında qeyd etdiyi kimi, heç bir əsas olmadan süni qiymət artmı ilə xalqın cibinə girənlər ciddi cəzalandırılmalıdır.

- Neftin aşağı qiymətləri davam edərsə, manatın məzənnəsini nə qədər saxlamaq mümkün olacaq?

- Koronavirusun iqtisadiyyta təhdidləri və ondan doğan fəsadları təzyiqi ilə iqtisadi artım templəri aşağı düşür,maliyyə bazarında ciddi problemlər yaşanır, milli valyutalar dəyər itirir. MDB məkanına aid və bir sıra qonşu ölkələrin milli valtutaları 2-15 faiz intervalında dəyərsizləşib. Neftin qiymətinin kskin surətdə aşağı düşməsi manata da təzyiqləri xeyli gücləndirib. Ona görə də neftin qiymətlərinin hazırkı aşağı səviyyədə uzun müddət qaldığı şəraitdə manat duruş gətirə biləcəkmi və dürüş gətirə bilsə- nə qədər duruş gətirə biləcək” aktual suallarda birinə çevrilib. Manat üzən məzənnə rejimində olmadığına görə bu sual ətrafında mülahizə yürüdərkən Mərkəzi Bank və hökumətin davranışları həlledici rol oynayacaq.Hələlik görünən odur ki, Mərkəzi Bank hazırkı siyasətini davam etdirmək istəyir. "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan strateji hədəfə uyğun olaraq 2017-ci ildən başlayaraq monetar siyasətin üzən məzənnə rejimi üzərində qurulacağı və 2020-ci ildə tam üzən məzənnə rejiminə keçiləcəyi elan edilmişdi. Bildirilmişdi ki, tam "üzən məzənnə"yə keçidlə bağlı işlər aparılır və tezliklə öz proqramımızı ictimaiyyətə elan edəcəyik.Amma proqram əvəzinə keçən ilin oktyabrında elan edildi ki, "2020-ci ildə "Tam üzən məzənnə” rejiminə keçməyimiz mümkün deyil. Bunu o zaman edə bilərik ki, inflyasiyanın hədəflənməsi rejiminə keçək”.
Əslində 2020-ci ildə üzən məzənnə rejiminə keçilməyəcəyi elə 2016-cı ildə bu məsələnin Strateji Yol Xəritəsinə salındığı zaman məlum idi. Çünki buna institutsional və digər əsaslar yoxdur və yaradılmır da.... Amma postneft dövrüdu... Əvvəl-axır bu məsələni həll etmək lazım gələcək. Koronavirus və onun ətrafında gedən proseslər, idarəetmə sistemində gözlənilən dəyişiliklər, post-neft dövrünün yeni tələbləri və sair bu kimi məsələlər iqtisadi blokun, o cümlədən Mərkəzi Bankın da qarşısına yeni vəzifələr qoyur. Maliyyə-bank sistemində əsaslı islahatlar, bank sisteminin sağlamlaşdırılması, real iqtisadiyyata yaxınlaşdırılması, məqbul faiz dərəcələrinə stimullaşdırma, qarşılıqlı etimadın təmin edilməsi ilə yanaşı, indi olmasa da, perspektivdə manatın ağrısız surətdə tam üzən məzənnəyə keçməsi üçün zəruru olan makroiqtisadi, struktur, institusional və sair xarakterli şərtlərin təmin edilməsinə, qiymətli kağızlar bazarının inkişafının sürətləndirilməsinə yönəlik fəaliyyətin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Postkoronavirus mərhələsində yerli istehsalın inkişaf etdirilməsi, ixracı əvəz edən məhsulların bir hissəsinin istehsalının ölkəmizdə təşkil edilməsi və qeyri-neft sahələrinin ixracının artırılması kimi məsələlər xüsusi aktuallıq kəsb edəcək. 2015-ci ilin devalvasiyalarından əvvəl idxalımız 9,2 milyard dollar, qeyri-neft ixracımız 1,7 milyard dollar idi. Ötən il idxalımız 13,7 milyard dollar, qeyri-neft ixracımız 2 milyard dollara yaxın olub.Yəni idxalımız 4,5 milyard dollar, qeyri-neft ixracımız cəmi 0,3 milyard dollar artıb.Yerli istehaslın inkişaf etdirilməsi, ixracı əvəz edən məhsulların bir hissəsinin istehsalının ölkəmizdə təşkil edilməsi idxalımızı bir neçə milyard dollar azaldar, qeyri-neft sahələrinin ixracının artırılması isə bu sahənin ixracını hazırkı 2 milyard dollardan 2-3 dəfə yüksəyə qaldırmağa imkan verər. Bu isə əhalinin yerli məhsul və mallarla təminatının etibarlılığını artırmaqla yanaşı, həm də milli valyutanın - manatın dünya bazarında neftin qiymətindən asılılığı kimi Azərbaycan üçün çox bəlalı bir problemin aradan qaldırılmasına imkan verər. Bax, onda tam üzən məzənnəyə ağrısız keçmək üçün zəruri şərtlərdən çox önəmlisini də həll etmiş olarıq. (afn.az)

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930 
X