Sumqayıtlı Fidel Kastro: \"Kəmaləddin Heydərov mənə görə nizamnaməyə əlavə bənd salmışdı\"

Sumqayıtlı Fidel Kastro: \
 

Gömrük Komitəsinin nizamnaməsi tərtib olunarkən Vahid Rüstəmov  rahat saqqal saxlaya bilsin deyə Kəmaləddin Heydərov ora əlavə bənd salmışdı...


Yəqin ki, şəhərdə gəzişərkən dünya siyasətçisi "Fidel Kastro"nu görməmiş olmazsınız.  

O, doğrudan da Fidelə həddindən artıq oxşayır. Sanki bir almanın tən yarısı kimi. Budəfəki "Qonaq otağı"nda dağ əzəmətli, qartal vüqarlı, Azərbaycanın igid oğlu bizim "Fidel Kastro" - Vahid Rüstəmovdur. 

- Nə vaxtdan Fidel Kastroya oxşadığınızı hiss etdiniz? Sizə bu adı kim verdi ?

-Mən bu saqqalı 20 Yanvar şəhidlərinə görə ta 1990-cı ildən bu yana saxlayıram. İlk dəfə rəhmətlik qardaşım Hüseyn mənə saqqalla Fidel Kastroya çox oxşadığımı dedi. Daha sonra  Naxçıvanda və Azərbaycanda çap olunan bir çox qəzetlər məndən "azərbaycanlı Fidel Kastro"  kimi  yazıb  müsahibələr hazırladılar. Və bundan sonra Azərbaycanda Kastronun oxşarı kimi tanınmağa başladım.

- Hərbi formanı həmişə sizin əyninizdə görürük. Bu formanı əyninizdən çıxarmamağın səbəbi nədir ?

-Mən bu formanı 1988-ci ildən geyinirəm. Həmişə hara getdimsə, hardayamsa məni yalnız bu formada, bu görkəmdə görə bilərsiniz. Artıq bu formaya o qədər öyrəşmişəm ki, toyda elə olur ki, kostyumda oturanda   sıxılıram və məclisin ortasında gedib, bax bu hərbi formamı geyinirəm. Bu formanı əynimdən çıxarmamağımın digər səbəbi də odur ki, istəyirəm gənc nəsil mənə baxıb daha da ruhlansın, yurdumuzu qorumağın önəmini başa düşsünlər, yurdumuzu sevsinlər. 


- Uzun illər Dövlət Gömrük Komitəsində çalışmısınız. Və həmin illərdə də  elə bir ciddi strukturda çalışmağınıza baxmayaraq hər zaman saqqallı olmusunuz. Bu necə mümkün ola bilirdi?

-Bax, mən bunu sizə indicə  izah edim. Kəmaləddin Heydərov mənim xətrimi çox istəyir, uzun illər onun rəhbəri olduğu qurumda çalışmışam. Gömrük Komitəsinin nizamnaməsi tərtib olunarkən saqqalı rahat saxlamağım üçün o özü mənə görə ora bənd salıb. Belə ki, toplantı zamanı gömrük işçisinin saqqallı olmağında sıxıntı olub-olmadığı soruşulduqda o, heç bir problemin olmadığını bildirib. Çünki o məni tanıyırdı, bilirdi ki, mən şəhidlərimizə görə bu görkəmdə oluram, mənim başqa bir işim yoxdur ki, kiməsə saqqalıma görə sıxıntı yaradım. İllərlə orada çalışmışam. Həmişə də bu görkəmdə olmuşam. Ancaq orada məndən başqa heç kim saqqal saxlaya bilməyib. 

- Müsahibələrinizin birində geydiyiniz bu formanın dünyada yalnız 3 nəfərdə - Putində, Rusiyanın Müdafiə naziri Şoyquda və bir də sizdə olduğunu demisiniz. Bu formaların özəlliyi nədədir?

-Mənə bu formanı illər öncə yaxın qohumum Rusiyadan göndərmişdi. Mən niyə belə bir açıqlama vermişəm? Çünki televizorda mən bu formanı  Putində, bir də Şoyquda görmüşəm. Ona görə də belə bir ifadə işlətmişdim. Bəlkə də orada əsgərlər geyir,  onu bilmirəm. Ancaq göstərməyiblər, mən də görməmişəm. 


- Səhv etmirəmsə, bu günədək oxşarların bir çox tədbirlərində olmusunuz…

-Müxtəlif illərdə Sankt -Peterburq, Moskva, Tallində oxşarların tədbirlərində olmuşam. Sankt -Peterburqda keçirilən tədbirdə 1990-cı ildə iştirak etmişəm. Orada "Əsl oxşar" seçildiyimə görə diploma layiq görülmüşəm. Düzü, oxşarların tədbirində axırıncı dəfə 1992-ci ildə olmuşam. Sonradan dövlət orqanında işlədiyim üçün işlə bağlı alınmayıb deyə, məni dəfələrlə tədbirlərə çağırsalar da, gedə bilməmişəm. 

- Küçədə gəzərkən yəqin ki, insanların baxışlarını üzərinizdə duyursunuz. Bütün nəzərlərin üzərinizdə toplanması sizi narahat etmir ?

-Mən fəxr edirəm ki, mən küçədə gəzərkən, çöldə-bayırda olarkən insanların diqqətləri mənim üzərimdə olur. Bilirsiniz necədir? İnsan doğrudan da dünyaya cüt gəlir. Və kimsə kimsəyə oxşayır. Mən Petrosyana, Koçaryana, Sarkisyana oxşamıram ki, nəyəsə görə utanım? Mən elə bir dünya nəhəngi olan siyasətçiyə oxşayıram ki, onu bütün ölkələrdə hamı tanıyır və dünya siyasətində öz düzlüyü, mərdliyi və dəsti-xətti ilə seçilən biri olub. Və yenə də deyirəm ki, mən bundan yalnız qürur duyuram .


- Bəzən heç düşünmüsünüz ki, Vahid Rüstəmov Fidel Kastronun içində "itib-batır?" Yəni insanlar sizə baxanda Vahid Rüstəmovu yox, Kastronu görürlər? 

-Bilirsiniz, məni hamı - xanımım, balalarm, dost-tanışlarım, hər kəs Fidel Kastro deyə çağırır. Və bu, mənə çox xoşdur. Əgər bu məni hansısa mənada narahat etsəydi, mən həmin şəxsə oxşamamaq üçün saqqalımı da qırxardım. 

- Müsahibələrinizin birində Ulu Öndə Heydər Əliyevlə o, Naxçıvanda olarkən hər həftə görüşdüyünüzü demisiniz. Həmən görüşlər sizin yaddaşınızda necə qalıb? O günləri necə xatırlayırsınız?

- Bir gün getdim Heydər Əliyevə baş çəkməyə. Gördüm həyətdədir. Kabab çəkirlər, çörək yeyirlər. Onları narahat etmək istəmədim.   Heydər Əliyev məni heç yerə buraxmadı. Tox ya ac olduğumu soruşdu. Tox olduğumu deyəndə dedi ki, yalan deyirsən, sənin gözlərinə baxıram, acsan, otur burada, bizlə yemək ye,  sonra nə vaxt istəsən, gedərsən. Onunla Naxçıvanda olanda tez-tez görüşürdük. Siyasətdən tutmuş bir çox məsələlərə qədər dostcasına söhbətləşərdik. Tanışlığımız da belə alındı ki, o Naxçıvanda olanda xalq təbii ki, onu çox sevirdi və hamı onun görüşünə gəlirdi. O cümlədən mən də. Bir dəfə dedim ki, yoldaş Əliyev olar ki, gələn dəfə gələndə özümlə fotoaparat da gətirim, sizinlə  birgə şəkil çəkdirək ? O cavabında heç bir problem olmadığını və nə vaxt istəsəm gələ biləcəyimi dedi. Sabahısı gün mən Əliyevin yanına fotoaparatla getdim və birgə şəkil çəkdirdik. Beləliklə, bizim aramızda mehriban münasibət başladı. Mən həmişə onu dəstəkləmişəm və Heydər Əliyevdən çox şeylər öyrənmişəm. 

- Bir vaxtlar Moskvada - ""Qızıl meydanda" belə bir hal var idi ki, dünya məşhurlarının oxşarları həmin meydana yığışırdı və turistlərin marağını çəkirdilər. Turistlərin onlarla şəkil çəkdirməsi müqabilində də müəyyən haqq alırdılar. Nəyə görə sizə orada iştirak edərək ölkəmizi təmsil etmək maraqlı gəlmədi?

-Mən o çağlar dövlət işində çalışırdım. Ona görə işimlə bağlı uyğun deyildi. Ancaq sonradan Putin hansısa ehtimal edilə biləcək iğtişaş və ya terror aktının qarşısını almaq üçün əhalinin sıx halda orada toplanmasının izn vermədi və oxşarların orada dayanmasını yasaq etdi. 

- Siz düzdü, saqqalla Kastaroya çox bənzəyirsiniz. Ona daha çox oxşamaq üçün baxışınızı, gülüşünüzü, davranışınızı, danışıq tərzinizi dəyişməmisiniz ki?

-Xeyr. Əsla. Mən Fidel Kastroya daha çox oxşamaq üçün dediyiniz dəyişikliklərin heç birinə  cəhd də etməmişəm. Mən necə varamsa, bax Kastroya da elə bənzəyirəm. 

- Sizcə Kubaya getmək və Kastro ilə görüşmək nəyə görə alınmadı? 

-Bəli, okeanın o tayına səfər etmək üçün elə bir imkanlar yaranmışdı. Mənim haqqımda Kastronun da məlumatı var idi ki, uzaq Azərbaycanda onun belə bir oxşarı var. Ancaq təəssüf ki, onunla görüş qismət olmadı və hələ də Kubaya səfər edə bilmədiyim üçün  təəssüflənirəm. Bilirsiniz, mənim ora tək getməyim də alınmazdı. Ora getdimsə gərək böyük bir heyətlə gedərdim - dilçi, tarixçi, ədəbiyyatçı, coğrafiyaçı. Yurdumuzun başına gətirilən müsibətləri Kuba xalqına daha ətraflı çatdırmaq üçün mən belə bir tərkiblə və ən əsası da dövlət  səviyyəsində getmək istəyərdim. O da hələ ki, alınmır. 

- Sizin kimi məşhurların oxşarlarına və ya dünya səviyyəsində tanınmış şəxslərə, dühalara olur ki, dünyanın nəhəng dövlətləri vətəndaşlıq təklif edirlər. Bəs sizə vətəndaşlıq təklif edən hansısa ölkə olubmu? Və ya Fidel Kastro haqqında hansısa bir sənədli filmə çəkilmək, tarixi kinolarda rol almaq təklif edilibmi?

-Düzünü desək, heç bir vətəndaşlıq təklifi olmayıb. Film və ya televiziya işlərinə çəkilmək məsələsində isə, düzdür, mənə heç vaxt belə bir təklif edilməyib, ancaq siz dedikdən sonra düşündüm ki, bunlar olsaydı, heç də pis olmazdı. Özümü bu sahədə   ən yaxşı tərəfdən göstərə bilərəm.

- Fidel Kastroya oxşamaq sizə həyatda nələri verib və ya əksinə nələri alıb?

-Bu oxşarlıq həyatda məndən heç nə almayıb. Əksinə, belə daha çox hörmət, xalqımızın sevgisini qazandırıb, müəyyən qədər tanınmışam, oxşarların yarışında iştirak etmək üçün bir çox ölkələri gəzmişəm, ölkəmiz, xalqımız haqqında görüşdüyüm şəxslərə dərin məlumat vermişəm. 

- Müsahibə və maraqlı söhbət üçün sizə dərin təşəkkürümü bildirirəm. 

-Çox sağ olun. Mən də sizə və "168 saat" qəzetinin bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm. Sağ olun ki, şəhərin tanınmış siması kimi məni unutmamısınız. Sizə və "168 saat"a bol-bol uğurlar diləyirəm. 

( "168 saat qəzeti" )

Müsahibəni aldı: Səbuhi ALLAHVERDİZADƏ



OXŞAR XƏBƏRLƏR