\"Sülhməramlıları bölgədən çıxarmaq üçün Ermənistanın razılığına ehtiyac yoxdur\" - AÇIQLAMA

\
"Son zamanlar məqsədli şəkildə yalnış bir fikir yayılır ki, sülhməramlıların bölgədən çıxması üçün Ermənistan da razılıq verməlidir".

Sfera.az bildirir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Millət vəkili 10 noyabr Bəyanatının 4-cü maddəsini xatırladıb:

"Orada açıq mətnlə yazılıb ki, kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış tərəflərdən hər hansı biri xitam istəyi ilə çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır. Yəni, tərəflərdən biri kimi Azərbaycanın xitam niyyəti kafidir.

İkincisi, sülhməramlılar Azərbaycanın suveren ərazisində müvəqqəti yerləşib və Ermənistanın bizim ərazilərimiz daxilində hər hansı proseslə bağlı söz hüququ ola bilməz. Bu mənada "tərəflər" ifadəsi Ermənistanı yox, Rusiya və Azərbaycanı ehtiva edir”.

B.Məhərrəmovun sözlərinə görə, necə ki, ərazi sahibi kimi bizim sülhməramlıları 5 ilin tamamında çıxarmaq hüququmuz var, eləcə də  Rusiyanın da burada daha 5 il qalmamaq, yəni müddət bitən kimi çıxmaq hüququ var:

"Yəni, istənilən halda sülhməramlıların bölgədə mövcudluğu müvəqqətidir. Nə qədər gec deyil, kontingentin yeni komandanlığı da, Rusiyanın bəzi dairələri də bunu anlamalıdır. Əks halda rəsmi Moskva bölgədə nüfuzunu əhəmiyyətli dərəcədə itirə bilər”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR