Şübhəli tender əməliyyatları – Bu ənənədən qurtulmağın yolları nədir?

Şübhəli tender əməliyyatları – Bu ənənədən qurtulmağın yolları nədir?
Dövlət hər il ehtiyaclarının təmin edilməsi məqsədilə malların, işlərin və xidmətlərin satınalınmasına böyük məbləğdə vəsait ayırır. Ayrılan vəsasitin bir hissəsi dövlət büdcəsindən, digər hissəsi dövlətə məxsus olan şirkətlər tərəfindən təmin edilir.
 
Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, ayrılan vəsaitlərdən qiymət və keyfiyyət baxımından səmərəli istifadə edilməsi üçün ən əlverişli yol tenderlərin keçirilməsidir.
 
Sfera.az xatırladır ki, bu məqsədlə ölkəmizdə "Dövlət satınalmaları haqqında” Qanun da qəbul edilib. Qanun satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün podratçılara bərabər rəqabət mühiti yaradılması prinsip və qaydalarını müəyyənləşdirir. Sənədə əsasən dövlət müəssisə və təşkilatları, nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların satın alınması tender vasitəsilə həyata keçirilməlidir.
 
Tenderlərin şəffaf, rəqabətli mühitdə keçirilməsi qanunvericiliyin əsas tələblərindən biridir. Lakin bu prinsiplərə uzun illərdir əməl edilmir və vəziyyət o həddə çatıb ki, artıq İqtisadiyyat naziri Mikayıl Cabbarov da məsələ ilə bağlı narazılığını ifadə etməli olub. Müstəqil ekspertlər, araşdırmacı iqtisadçılar dəfələrlə dövlət vəsaitlərindən səmərəli istifadə edilmədiyi, tenderlərin şəffaf keçirilməməsi haqqında fikirlərlə çıxış edib. Haqlı tənqidlər bir səmərə verməsə də son illərdə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində aparılan islahatlar bu məsələni yenidən aktuallaşdırıb.
 
Məlum olur ki, dövlət şirkətlərinin əksəriyyətində hesabatlılıq yoxdur, vəsaitlərdən səmərəli istifadə edilmir, tenderləri əsasən bir neçə şirkət udur, bəzi hallarda isə tenderi təcrübəsiz, sahədə fəaliyyəti yeni olan şirkətlər alır. Belə hallarda podratçıların sağlam əsaslarla seçilməsinə dair ciddi şübhələr yaranır.
Hər il Hesablama Palatası dövlət büdcəsinin xərcləri ilə bağlı öz rəyini açıqlayır. Həmin rəylərdə də satınalmalarla bağlı tənqidi fikirlərə rast gəlinir. 2019-cu ilin büdcəsinin icra vəziyyəti ilə bağlı verilən rəydə qeyd edilir ki, bir ildə dövlət vəsaitləri hesabına ümumilikdə 5,72 milyard manat məbləğində satınalma müqavilələri bağlanılıb. Bunun üçün 11457 sayda tender keçirilib. 2018-ci illə müqayisədə satınalmaya cəlb edilən məbləğ 93 milyon manat və ya 1,6% az olsa da, keçirilən müsabiqələr 534 sayda və ya 4,9% çox olub. Satınalmada 25,46 %-i açıq tenderlə keçirilib.
 
2019-cu ildə həyata keçirilən satınalma müqavilələri üzrə predmetlərinin təhlili göstərir ki, bəzi hallarda eyni podratçı arı-ayrı sahələrə aid olan malları (iş və ya xidmətləri) təmin edib. Bu ildə 2,669 milyard manat məbləğində keçirilən müsabiqə əsaslı satınalmaların 2,253 milyon manatı və ya 84,4%-i ümumi satın alan təşkilatların 11,7%-ni təşkil edən 23 satın alan təşkilat üzrə olub. Həmin təşkilatların bağladığı 5418 sayda müqavilə isə ümumi bağlanan müqavilələrin 56,1%-ni təşkil edib.

Qeyd edək ki, satınalmaların düzgün keçirilməməsi, şəffaflığın təmin edilməməsi hallarına  "Azərbaycan Dəmir Yolları” QSC-də daha çox rast gəlinir. Bu qurum ən çox dövlət vəsaitini istifadə edən dövlət müəssisələrindən biridir, qurumun xərcləri də çoxdur. Xərclərin artması nəticəsində Cəmiyyətin 2019-cu ildə yığılmış zərəri 1,6 milyard manatı ötüb. Zərərin necə yarandığı, xərclərin hansı istiqamətlərə yönəldildiyi, satınalmalarla bağlı müfəssəl məlumatları əldə etmək olmur. Halbuki, Cəmiyyətin Nazirlər Kabineti tərəfindən təsdiq olunan Nizamnaməsinin 5.4-cü maddəsində qeyd olunur ki, şəffaflığın təmin edilməsi üçün Cəmiyyət illik maliyyə hesabatını hər il maliyyə ili bitdikdən sonra 4 aydan gec olmayan müddətdə auditor rəyi ilə birlikdə dərc etməlidir. Bu zaman Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanması barədə məlumatı mətbu orqanda dərc etdirməyə və Cəmiyyətin internet səhifəsində yerləşdirməyə borcludur.

Amma Cəmiyyət hələ də Nizamnamənin bu tələbini yerinə yetirmir. Cəmiyyətin saytında ADY QSC-nin maliyyə hesabatları əvəzinə yalnız cəmiyyətin Həkim Sanitar Xidməti üzrə konsolidə edilmiş hesabatlar yerləşdirilir.
 
Bu cür idarəetmə qaldığı təqdirdə, hesabatlılıq və şəffaflıq olmayacağı halda dövlət vəsaitlərindən səmərəli istifadə problemləri aradan qalxmayacaq.
 
Vasif
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR