“Sualları cavablandırdıqca, həm də müvafiq mesajlar ötürürdü” – Mətbuat konfransının dəyərləndirilməsi

“Sualları cavablandırdıqca, həm də müvafiq mesajlar ötürürdü” – Mətbuat konfransının dəyərləndirilməsi
Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici mətbuat nümayəndələri üçün keçirdiyi və 4 saata yaxın davam edən mətbuat konfransında kifayət qədər vacib məsələlərə toxunub.
 
Azərbaycanın mövqeyi dövlət başçısı tərəfindən yenidən konkret olaraq ortaya qoyulub, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərilib.

Digər tərəfdən Prezident İlham Əliyevin bütün suallara, hətta spekulyativ xarakterli suallara belə təmkinlə, nəzakətlə, ətraflı, məntiqli və dəqiq cavablar verməsi, Azərbaycana qarşı dezinformasiya yaymaq istəyənləri yerindəcə tərkisilah etməsi diqqət mərkəzində olub.

Milli Məclisin deputatı Arzu Nağıyev Sfera.az-a açıqlamasında bildirib ki, dövlət başçısı hər bir sualı cavablandırdıqca, həm də müvafiq mesajlar ötürürdü. Bu cavabların hər biri tezis və tam əsaslandırılmış izahlar idi:

"4 saat ərzində cənab prezident xarici və yerli kütləvi informasiya vasitələrinin 50 sualına cavab verdi. Hərbi, iqtisadi, siyasi, sosial məsələlələrin necə həll olması, eyni zamanda işğal olunmuş ərazilərdə görüləcək işlər – bütün bunların hamısı, düşünürəm ki, çox ciddi suallar idi. Prezident 44 günlük müharibədə Azərbaycanca yerli əhali, rus dilində MDB məkanı, ingilis dilində isə xarici kütləvi informasiya vasitələri üçün cavablar vermişdi. İndi də 4 saat ərzində verilən cavablar sayəsində fikrimcə, elə bir qaranlıq məqamlar qalmadı”.

Politoloq Zaur Məmmədov isə saytımıza açıqlamasında prezidentin mətbuat konfransındakı çıxışı zamanı tarixi məqamlarla bağlı önəmli yol xəritəsinin qarşıya qoyulmasından söz açıb. O bildirib ki,  ölkə başçısının  "Biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir” – bəyanatı, kifayət qədər dərin və ciddi məqamdır:

"Bu bəyanatda Prezident tamamilə haqlı olaraq Dağlıq Qarabağ termininin qondarma termin olduğunu qeyd edir. Terminin tarixinə də nəzər salarkən aydın şəkildə belə bir qənaətə gələ bilərik ki, Dağlıq Qarabağ sözü Azərbaycan ərazilərinin işğalı üçün yol xəritəsi rolunu oynamalı idi.

1923-cü il iyulun 7-də SSR rəhbərliyinin qərarı ilə  heç bir tarixi əsas olmadan Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində  Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası parlamentinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunub. Həmin gün müstəqil Azərbaycanın parlamentinin qərarı ilə həm 1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi dekret, həm də 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanun qüvvədən salınıb.

Belə olan təqdirdə Dağlıq Qarabağ terminin artıq qüvvədən düşdüyü, bu ərazilərin digər ərazilər kimi unitar Azərbaycan dövlətinin eyni statusa, hüquqa malik olan torpaqları olduğu şübhəsizdir. Digər tərəfdən biz Azərbaycan və Ermənistan arasında olan münaqişədən danışarkən münaqişənin əslində "təkcə Qarabağla kifayətlənmədiyinin,  Ermənistanın Azərbaycana torpaq iddiaları əsasında olduğunu qeyd etməliyik. Ermənistanın istər Qazax – Tovuza, istər Naxçıvan və Zəngəzura, istərsə də digər Azərbaycan torpaqlarına hələ də qalmaqda olan ərazi iddiaları bunun bir sübutudur. Deməli, politoloqlar və ekspertlər münaqişə haqqında çıxış edərkən münaqişəni Dağlıq Qarabağ münaqişəsi kimi qələmə verməməlidirlər”.

Z.Məmmədov həmçinin prezidentin çıxışı zamanı  tariximiz və gələcəyimiz üçün çox vacib digər bir məqama da toxunduğunu da qeyd edib: "Dövlət başçısı işğaldan azad edilmiş rayonların bir qismi haqqında "Şərqi Zəngəzur” terminindən istifadə etdi. Xatırlatmaq yerinə düşər ki, hələ bir neçə il öncə də Prezident İlham Əliyev İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə toplantısındakı nitqində də Zəngəzur məsələsini gündəmə gətirmiş və qeyd etmişdi ki,  vaxtilə türk dünyasının qədim və ayrılmaz hissəsi olan Zəngəzur bölgəsinin Azərbaycandan qopardılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında coğrafi bağlantı pozulub.

Prezidentin "Şərqi Zəngəzurun işğaldan azad edilməsi” çıxışı bizi tarixə nəzər salmağa vadar edir. 1920 –ci ildə Cənubi Qafqazın yenidən Rusiyanın nəzarəti altına qayıtması regionda siyasi vəziyyəti dəyişdirdi. Sovet hökumətinin qurulmasından sonra Azərbaycan türklərindən ibarət tarixi ərazilər  olan Dərələyəz, Göyçə, Zəngibasar mahalları Ermənistana, Borçalı mahalı isə Gürcüstana verildi. Ermənistan Sovet rəhbərliyi tərəfindən Azərbaycanın Qarabağ, Naxçıvan, Zəngəzur bölgələrinə iddialar irəli sürüldü. Moskva dərhal bu iddiaları dəstəklədi və Azərbaycanın kommunist rəhbərlərinə təzyiqlər güclənirdi. Azərbaycan rəhbərliyi Moskvanın təzyiqləri qarşısında davam gətirməyərək 1920-ci il noyabrın 30-da və dekabrın 1-də Zəngəzurun Ermənistana verilməsi haqda bəyanatlarla çıxış etdi.   Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Moskvanın diqtəsi altında Zəngəzur iki hissəyə bölündü. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi.

Beləliklə, Prezident İlham Əliyevin  yuxarıda qeyd edilən çıxışı 3 məsələni aktual edir: 1. Ermənistanın 1990 –cı illərdə Azərbaycan torpaqlarını işğalı haqqında danışarkən, Qarabağla yanaşı Şərqi Zəngəzurun qeyd olunmasının zəruriliyi. 2. Şərqi Zəngəzur deməklə, Zəngəzurun Ermənistanda olan Qərb hissəsinin qanunsuz olaraq bu dövlətə verilməsini. 3. Bundan sonra artıq Dağlıq Qarabağ terminin istifadəsinin məqbul olmadığını, belə bir terminin tarixi baxımdan və indiki reallıqlar baxımından düzgün olmadığını”.

Qeyd edək ki, mətbuat konfransı xalqımız üçün olduqca önəmli bir gündə, Xocalı soyqırımının 29-cu ildönümündə keçirilib. Bu da regionda törədilən erməni vəhşiliyinin birbaşa olaraq ölkə rəhbəri tərəfindən xarici və kifayət qədər güclü media nümayəndələrinin diqqətinə çatdırılması, Xocalı gerçəklərinin daha geniş coğrafiyaya yayılmasına kömək  edir.

Xatırladaq ki, dövlət başçısı mətbuat konfransında 35 media qurumunun 50-dək sualını cavablandırıb. Prezident İlham Əliyev jurnalistlərin suallarına dörd dildə - Azərbaycan, türk, ingilis və rus dillərində cavab verib.
 
Sfera.az
Günay
 

OXŞAR XƏBƏRLƏR

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.   Sfera...