Sosial şəbəkələrin çöküşü hansı problemləri ortaya çıxardı? - Açıqlama

Sosial şəbəkələrin çöküşü hansı problemləri ortaya çıxardı? - Açıqlama
Ötən gün beş saata yaxın bir müddətdə "Facebook”, "Instagram” və "Whatsapp” sosial şəbəkələrinə giriş mümkün olmayıb. Hər üç platformanın fəaliyyəti yalnız gecə saatlarında bərpa olunub.

Sosial şəbəkə istifadəçiləri bu olaydan sonra aktivliyin azaldığını bildirib. Bundan başqa durğunluğun bəzi sahələrə təsir etdiyi də ehtimal olunur. 
 
Mövzu ilə bağlı Sfera.az-a danışan "İT" sahəsi üzrə ekspert Kamil Məmmədov sosial şəbəkələrdə aktivliyinin azalmadığını, lakin istifadəçilərin təhlükəsizliyi ilə bağlı problemin yarandığını bildirib:
 
"Sosial şəbəkələrin bir neçə saat çalışmaması aktivliyin azalmasına səbəb ola bilməz. Çünki dünyada belə bir tendensiya var ki, insanlar hansısa formada sosial şəbəkələrdən istifadə edir. Sosial şəbəkə istifadə edən istənilən ölkə vətəndaşını maraqlandıran ən başlıca suallardan biri odur ki, bu gün dünyanın ən böyük sosial şəbəkələri dayana bilirsə, kiber hücumlar zamanı şəxsi məlumatlar hansı dərəcədə qorunur? Yəni elə patentli məlumatlar var ki, sosial şəbəkədə olan başqa bir sistem onu paylaşa bilmir. Lakin artıq bu vəziyyət yaranırsa, sabah kimə sübut etmək olar ki, bu məlumat "X" adlı şəxsə aiddir. Yəni burada əsas vacib şərt istifadəçinin sosial şəbəkədə təhlükəsizliyini təmin etməkdir. Artıq təhlükəsizlik məsələsi bundan sonra sual altına düşəcək. İnsanlar sosial şəbəkəni demək olar ki, əyləncə məqsədilə istifadə edir. Bu işə məntiqli yanaşanlar düşünəcək ki, bu sosial şəbəkə mənim təhlükəzisliyimi hansı şəkildə təmin edir?".
 
Ekspert sosial şəbəkələrdə yaranan durğunluğun reklam bazarına və bəzi sahələrə mənfi təsir etdiyini vurğulayıb:

"Azərbaycanda sosial şəbəkələrin fəaliyyətində problemin olması reklam sektoruna təsir edə bilər. Belə ki, hansısa şirkət sosial şəbəkələr üçün müəyyən saatda reklam veribsə, o zaman bu həmin şirkətə maliyyə baxımından ziyan verə bilər, bundan başqa şirkət müştəri itirə bilər. Ümumilikdə isə bu halda şirkətlərə sosial şəbəkə durğunluğunun 15-20 faiz mənfi təsiri olub. Hansısa firma yeni məhsulu axşam saatlarında təqdim edəcəkdisə, problem səbəbilə buna nail ola bilməyib və bu da həmin firma və şirkətlərə ziyan vurub.
 
Lakin bu məsələdə ən çox ziyan çəkən sosial şəbəkələr oldu. Çünki bağlanmış reklam müqavilələri var və bu səbəblə reklam sifariş edən tərəf sosial şəbəkədən ödənilmiş pulu geri istəyəcək, yaxud da bir müddət pulsuz şəkildə xidmətdən istifadə edəcək. Bu isə kifayət qədər pul itkisi deməkdir".
 
Əzizə Zeynal
 
 

OXŞAR XƏBƏRLƏR