“Sosial şəbəkədə trolların hücumu…” – Millət vəkili sosial şəbəkələrdən narazılıq etdi

“Sosial şəbəkədə trolların hücumu…” – Millət vəkili sosial şəbəkələrdən narazılıq etdi

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov özünün rəsmi facebook səhifəsindən seçicilərinə müraciət edib.

 

Sfera.az sözügedən müraciəti oxucularına təqdim edir:


"Hörmətli seçicilər, əziz dostlar!

Parlamentin növbədənkənar sessiyasının bu günkü plenar iclasında çıxış etdim və 3 istiqamətdə narahatlığımı bildirdim. Sözügedən çıxışın məzmununu diqqətinizə çatdırıram:


Son 2 gündə Biləsuvar rayonunun Arazbarı, Səmədabad, Nərimankənd, Nəsimikənd, Ağayrı, Günəşli, İsmətli, Aranlı, Çinarlı və Çaylı kəndlərində qəbullar keçirdim və bir daha aydın oldu ki, həmin kəndlər də daxil olmaqla, Biləsuvar rayonunda içməli su və suvarma suyu çatışmazlığı kəskin formada hiss edilməkdədir. Bəzi əkin sahələrinin və kəndlərin demək olar ki, hamısında həyətyanı sahələrin suvarılmasında problemlər var və bunun rayon və ya regional səviyyədə həlli mümkün deyil. Bundan başqa, mövcud su ehtiyatları drenaj-kollektor sisteminin yetərli olmaması, yaxud pis vəziyyətdə olması ucbatından su itkiyə gedir, bu vəziyyət həmçinin torpaqlarda ciddi şoranlaşma və səhralaşmaya səbəb olur. Eləcə də, saydığım bütün kəndlərdə insanların örüş sahələrindən məhrum olması ciddi problemə çevrilib, təhsil və səhiyyə obyektlərində ciddi təmir-tikinti işlərinin aparılmasına , həmçinin kadr təminatına ehtiyac var. Sadaladığım məsələlərlə bağlı rəsmi məktubumu yaxın günlərdə aidiyyatı qurumlara ünvanlayacağam.”

 

Millət vəkili fikrinin davamında bunları bildirib: "Bundan əlavə, hesab edirəm ki, Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışı zamanı cənab Prezidentin xəritədə düzəliş edilməsi ilə bağlı irad və tapşırıqları (red. Sisyan əvəzinə, rayonun əsl adı olan Qarakilsə yazılmasına dair) son 10 gündə həqiqətlərin və tarixi ədalətin bərpası istiqamətində ikinci mühim diplomatik həmlə oldu. Amma çox təəssüf ki, ölkənin bəzi media orqanları, bəzi siyasilər tarixi ədalətin bərpasına yönəlmiş bu milli siyasi xətti dəstəkləməkdənsə, dövlət əhəmiyyətli məsələləri ayrı-ayrı dəyərli tarixi şəxsiyyətlərimizə hücum kimi təqdim etməyə çalışırlar. Əgər belə həssas məsələdə bizdən kimsə təxribatçı çıxışlar edəcəyiksə, vahid mövqe nümayiş etdirə bilməyəcəyiksə, dünya bizə nə deyər? Hesab edirəm ki, dövlət başçısının tarixi ərazilərimizə dair fikirlərini başqa cür qiymətləndirmək, "hakimiyyət uğrunda mübarizə”nin alətinə çevirmək siyasi əxlaqa sığmır, mənəvi deqradasiyadır.”


Bəhruz Məhərrəmov onu narahat edən daha bir məsələni vurğulamaqla fikrini yekunlaşdırıb: "Məni narahat edən növbəti məsələ sosial şəbəkələrlə bağlıdır. Bu gün Azərbaycanda sosial qaragüruh ucbatından ziyalılarımızın azadlıqları, o cümlədən öz rəyində qalmaq hüququ pozulmaqdadır. İnsanlar artıq sosial şəbəkədə trolların, müəyyən dairələrdən qidalanan və idarə olunan "şəxs"lərin hücumları ucbatından öz rəylərini, fikirlərini rahat formada ifadə edə bilmir. Hesab edirəm ki, bu məsələ ilə bağlı artıq konkret tədbirlər görülməlidir, mən də öz təkliflərimi yazılı formada təqdim edəcəyəm.”

Sfera.az


OXŞAR XƏBƏRLƏR