\"Sonuncu türk kar, kor, lal olsa da, öldürülməlidir\"- Ermənilər uşaqları bu təlim əsasında böyüdür

\
 Qondarma "erməni soyqırımı” iddiası tarixi həqiqətdən uzaqdır

Rubrikamızın qonağı Bakı Dövlət Universitetinin tarix fakültəsinin "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasının müdiri, professor Anar İsgəndərovdur.
 
- Anar müəllim, bir əsrdən çoxdur ki, 24 aprel ərəfəsində ermənilər yalançı soyqırımının tanınması məqsədilə dünya dövlətlərindən dəstək almağa çalışırlar. Uydurma "erməni soyqırımı" haqqında nə deyə bilərsiniz?
 
- Tarixdən  məlumdur ki, "erməni soyqırımı" Şərq məsələsinin tərkib hissəsi kimi meydana gəlib. Böyük dövlətlər özlərinin işğalçılıq siyasətini həyata keçirmək məqsədilə ermənilərdən bir vasitə kimi istifadə ediblər. Şərq məsələsinin kökündə isə Osmanlı İmperiyasının torpaqlarının bölüşdürülməsi, Türkiyənin bir dövlət kimi məhv edilməsi, onun torpaqları hesabına bufer dövlətlərin yaradılması dayanırdı. Habelə, həmin məsələ Şərq xalqlarına qarşı böyük dövlətlərin işğalçılıq planlarının təzahürü idi. Ermənilər tarixi faktları zaman-zaman saxtalaşdırıblar. Məqam düşəndə də qırğınları törədən xain, nankor daşnaklar olublar. Ermənilərin Bakı, Şamaxı, Quba və digər bölgələrimizdə törətdikləri qırğınları, talanları bu gün tarixi faktlar, sənədlər də sübut edir. Tarixi faktları Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində açıq-aydın görmək mümkündür.
 
- Həmin sənədlərdə 31 Mart Azərbaycanlıların soyqırımı məsələsi də öz əksini geniş tapır...
 
- "Qaregen Njdenin təlimi"nin ilk cümləsi belədir: sonuncu türk kar, kor, lal olsa da, öldürülməlidir. Yəni türkə olan nifrət ideoloji  vasitədir, silahdır. Dünyaya səpələnmiş ermənilər  yeganə xalqlardan biridir  ki, yalançı göz yaşları ilə inandırmağı bacarır və onun sayəsində dəstək alır. Əslində, 1918-ci ilin mart soyqırımının kökü Bakı ilə bağlı deyildi. Regionda Birinci Dünya müharibəsində iştirak edən hər bir dövlətin öz marağı olub. Əsas məqsəd, qeyd etdiyim kimi, Osmanlı dövlətini parçalamaq və ərazisində bir erməni dövləti qurmaq idi. XIX əsrin 90-cı illərində ermənilər "böyük Ermənistan" deyilən bir ideyanı inkişaf etdirmək üçün Daşnaksütyun partiyasını yaratdılar. Daşnak-ermənilər bütün türk-müsəlman əhalisini məhv etməyi qarşılarına məqsəd qoymuşdular və bunu Osmanlı ərazisində həyata keçirirdilər. Həmin dönəmdə müharibədə zəif düşən Osmanlı dövləti  dağınıq qüvvələrini birləşdirərək hərbi gücünü möhkəmləndirməyi bacardı. Nəticədə, ərazidə yaşayan silahlı ermənilər, o cümlədən Avropadan və Rusiyadan gələn silahlı ermənilər Türkiyə ərazisini tərk etməyə başladılar. Onların bir hissəsi Qərbi, bir hissəsi Cənubi, bir hissəsi Şimali Azərbaycana  gəldilər. Osmanlıda öz maraqlarını təmin edə bilməyən ermənilər 1918-ci ildə  bu ərazilərdə soyqırımı törətdilər.
 
- Mart soyqırımının əsasında hansı ideologiya dayanırdı?
 
- Qondarma "erməni soyqırımı" iddiası tarixi həqiqətdən uzaq olsa da, ermənilər niyə hələ də böhtan kompaniyalarından əl çəkmirlər? Bu sualın cavabı ABŞ-dakı erməni liderlərindən biri Ross Vartanyanın fikirlərində aydın görünür. "Soyqırımı layihəsi qəbul edilsəydi, bunu əldə rəhbər tutub, Türkiyədən əvvəlcə təzminat, sonra da Qara dəniz sahillərinə sərhəd olan Şərqi Anadoluda erməni dövlətinin qurulması üçün torpaq tələb edərdik". Deməli, daşnaklar "böyük Ermənistan" ideyasından hələ də əl çəkməyiblər, avanturist məqsədlərini həyata keçirmək üçün böhtançı və uydurma "erməni soyqırımı"na istinad edirlər. Uydurma "erməni soyqırımı" iddiaları əsassız, yalan və böhtan olduğu tarixi faktlarla təsdiqlənib. Bu ideyaları ifşa edən yeni-yeni faktlar ortaya çıxır.
- Ermənilər hər il dünyanın bir çox ölkələrində 1915-ci il 24 aprel tarixini qondarma "soyqırımı" günü kimi qeyd edirlər. Bu məsələyə münasibətiniz...
 
- Erməni millətçiləri, onların daşnak rəhbərləri o vaxtdan bu günə qədər hadisələri saxtalaşdırır, 24 aprel 1915-ci ili "erməni soyqırımı" kimi qələmə verməyə çalışırlar. Təəssüf ki, tarixdən bixəbər olanlar, o zamankı mövcud şəraiti bilməyənlər hadisələrin qeyri-obyektiv təbliğatına inanırlar, ancaq fakt faktlığında qalır, tarix isə onların canlı şahididir. Faktlar, tarixi sənədlər, açılan arxivlər göstərir ki, ermənilər zaman-zaman türklərə qarşı soyqırımı siyasəti aparıblar. Bunu ermənilər özləri də çox yaxşı bilirlər. Onlar qondarma erməni təbliğatı nəticəsində "soyqırımı" mifi yaradıblar, bu mifi zaman-zaman genişləndiriblər. Artıq dünya tarixi həqiqətləri görür, anlayır, uzun illər ayaq tutub yeriyən erməni yalanının maskası yırtılıb, iç üzü, mahiyyəti bəlli olub. Məkrli və hiyləgər erməni yalanı son zamanlarda güclü və tutarlı dəlillərlə ifşa olunmaqdadır. Bu gün dünya bilir ki, XXI əsrdə də türk-müsəlman əhalisinə qarşı soyqırımları törədən ermənilərin uydurduqları bütün yalanların məqsədi nədir və onlar nə istəyirlər... 
 
- Anar müəllim, ermənilər üçün partiya mənsubiyyəti  olub, yoxsa bütün partiyalar daşnak ideologiyası ilə "silahlanıb?"
 
- Maraqlı sualdır. Erməni üçün partiya mənsubiyyəti heç zaman əsas olmayıb. Şaumyan partiya mənsubiyyəti etibarilə bolşevik idi, amma milliyyət etibarilə erməni idi. Onun başkəsən, quldur, türk qanına susayan daşnak Andraniklə heç bir fərqi yox idi. Andranik Culfanı alanda Şaumyan ona yazırdı ki, erməni xalqının qəhrəman oğlu. Yazmırdı ki, daşnaksütyun partiyasının üzvü.
 
- Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində və digər materiallarda  daha hansı soyqırımı faktları göstərilir?
 
- Sənəddə bir çox faktlar öz əksini tapıb. Məsələn, İsmailiyyə binası o dərəcədə yandırıldı ki, heç kimin ağlına gəlmirdi ki, o binanı yenidən təmir etmək olar. "Kaspi" qəzetinin mətbəəsi, təzəcə nəşr olunan 5000 nüsxə Quran kitabı da daxil olmaqla, ermənilər tərəfindən külə döndərildi. Bakının nə qədər tarixi abidələri var idisə, hamısı yandırıldı, məhv edildi. Onlar Allahın evinə - məscidlərə sığınanları da diri-diri yandırırdılar. Azərbaycanın görkəmli ziyalıları Hüseyn Cavid, Üzeyir Hacıbəyli canlarını qurtarmaq üçün Bakını tərk etməyə məcbur oldular. Hələ Paris Sülh konfransında ermənilər azərbaycanlıların vəhşi obrazını yaratmağa çalışanda Əlimərdan bəy Topçubaşov  hökumətdən Təhqiqat Komissiyasının topladığı materialları  və fotoşəkilləri göndərməyi lazım bilmişdi. Əlimərdan bəy Topçubaşov  dəhşət doğuran fotoşəkilləri və materialları Paris Sülh Konfransına təqdim etmişdi.
 
- Fövqəladə Təhqiqat Komissiyasının sənədlərini tərtib edən insanlar  Azərbaycan tarixi üçün böyük işlər görüblər...
 
- Bəli, o insanlar xalqımıza qarşı törədilən soyqırımı faktlarını gələcək nəsillərin qan yaddaşına köçürmək üçün bu mənbəni yaradıblar. Yoxsa nə bilərdik ki, ermənilər təkcə Bakıda deyil, Şamaxıda, Qubada və digər ərazilərdə yaşayan soydaşlarımıza qarşı dəhşətli qırğınlar törədiblər. 1918-ci il iyulun 20-də Qafqaz İslam Ordusu Şamaxıya daxil olanda  qardaş türk xilaskarları məsciddə dəhşətli mənzərə ilə qarşılaşırlar. Məscidin həyəti insan sümükləri ilə dolu idi. Türk əsgərlərinin bir günlük işi sümükləri toplayıb müsəlman qaydasında dəfn etmək olur. Şamaxının 53 kəndində səkkiz mindən artıq insan ağır və dəhşətli işgəncələrə məruz qalmışdı. Quba qırğınları Şamaxı, Bakı qırğınlarından daha dəhşətli  olmuşdu. Amazasp yazırdı ki, mən Ərzurum ermənisiyəm. Mən türk-müsəlman əhalisini qırmağa gəlmişəm. Qubanın 162 kəndi yerlə-yeksan edildi. 32 kənd isə yer üzündən silindi. Ermənilər dünyada faşizmin törətmədiyi qəddarlığı törədib. Bu, faktlarla təsdiqlənib. Sənədlərdə göstərilir ki, təkcə 1919-cu ildə İrəvanda 119 kənd yerlə-yeksan edilib. Qərbi Azərbaycanda azərbaycanlıların soyqırımı 1920-ci ilə qədər davam edib. Cənubi Azərbaycanda da eyni vəziyyət idi. Xoy, Urmiya, Mərənddə bir neçə gün ərzində 80 min türk-müsəlman əhalisinin həyatına son qoyuldu. Erməni-daşnak qüvvələrinin törətdiyi 1918-ci il mart soyqırımı ilə Azərbaycan xalqı tarixdən, yer üzündən silinməli idi.
 
- Anar müəllim, 1918-ci il 31 mart soyqırımı həm də bizə nəyi öyrətdi?
 
- İlk olaraq onu göstərdi ki, bu xalqa yardım edəcək heç kim yoxdur. Eynilə 1990-cı ilin 20 yanvar tarixini yadımıza salsaq, kifayətdir. Mart soyqırımı Azərbaycan xalqının tarixində və taleyində nə qədər ağrılı, acılı olsa da, ibrət dərsi də oldu. Azərbaycanın demokratik ziyalıları ümidini Osmanlı Türkiyəsinə  bağladılar. 1918-ci ilin mayında Cümhuriyyət elan olunduqdan sonra hökumət rəhbərləri Osmanlı Türkiyəsindən hərbi yardım istədi. Türkiyənin hərbi naziri Ənvər paşa kiçik qardaşı Nuru paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunu Azərbaycana göndərdi. Türk qardaşlarımız bu torpaqlar uğrunda mübarizədə  1300-dən artıq şəhid verdi. 70 il ərzində bu tarix barədə bir kəlmə də yazılmadı. Biz bu tarixi faciələrimizi unutmamalıyıq. Mart soyqırımı Azərbaycan tarixşünaslığında dəhşətli bir hadisədir. Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəfli zirvəsidir. Onun bizə əmanət qoyduqlarından biri də Fövqəladə Təhqiqat Komissiyasının yaradılmasıdır. Bu komissiya bizim üçün, gələcək nəsillər üçün 36 cild  sənəd işləyib qoyub. Bizim borcumuz təkcə onu öyrənmək deyil, onu dünyaya bəyan etməkdir. Cümhuriyyət 1919-1920-ci illərin 31 martını Milli Matəm günü elan edib. Bu ənənənin davamı olaraq 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 31 mart  Azərbaycanlıların Soyqırımı günü kimi tarixləşdi.
- Maraqlı müsahibəyə görə çox sağ olun.
"Azərbaycan Ordusu"

OXŞAR XƏBƏRLƏR